Azərbaycanda ovçuluqla bağlı beynəlxalq forum keçiriləcək

Bu gün cəmiyyət ovçuluq məsələsinə münasibətdə iki hissəyə bölünüb: ova qarşı çıxanlar, ova qadağa qoyulmasının tərəfdarı olanlar və bunu keçmişdən qalma ata-baba adət-ənənəsi hesab edənlər. Bu məsələyə aydınlıq gətirmək üçün Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ovçuluq: risklər və imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.

WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov "Report"a bildirib ki, forumda təzadlı fikirlər ətrafında müzakirələrin keçirilməsi və müvafiq tövsiyələrin verilməsi gözlənilir: "Beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən və hər zaman aktual müzakirə obyekti olan ovçuluqla bağlı fikir mübadiləsi aparılacaq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib ki, ovçuluqla bağlı iki təzadlı fikir arasında ortaq məxrəcə gəlmək üçün forumun keçirilməsinə və müzakirələrin aparılmasına həqiqətən ehtiyac var: "Çünki hər bir insanın yanaşması, mövqeyi fərqlidir. Bir qism ovçuluğun qəti əleyhinədir, bir qism isə bunu öz qanuni hüququ hesab edir. Biz tənzimləyici kimi istəyirik ki, ortaq məxrəcə gəlinsin. Biz ovun normalar, qaydalar çərçivəsində aparılmasına nəzarət edirik. Lakin bəzi hallarda qeydiyyatdan keçmədən, ov bileti almadan ovetmə halları da olur. Düzdür, belə hallar olanda onlar barəsində tədbirlər görülür. Ancaq əsl ovçu qanunsuz ov etməməli, vurulması qadağan olunmuş quşlara və heyvanlara atəş açmamalı, təbiətə vicdanla yanaşmalıdır. Əgər özünə ovçu deyən şəxs qarşısına çıxan bütün heyvanlara güllə atırsa, ovçu deyil, təbiətin düşmənidir".

"Azərbaycan Heyvanların Müdafiəsi" İctimai Birliyinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov ovu heyvanlara qarşı qəddar münasibət və cinayət adlandırıb. Ona görə də ova tam qadağa qoyulmasını istəyir: "Çünki brakonyerlər adı "Qırmızı Kitab"a düşən heyvanları da ovlayır və bununla da təbiətə nə qədər ziyan vurduqlarını başa düşmürlər. Bu günlərdə Bakıda keçiriləcək "Azərbaycanda dayanıqlı ovçuluq: risklər və imkanlar" forumunda ova tamamilə qadağa tələb edəcəyik, çünki əks halda gələcək nəsil faunasiz qalacaq".

Ovçu Araz Hümbətov vurğulayıb ki, dədə-babadan ov həmişə olub: "Ovçuluq bir istirahətdir və asudə vaxtı səmərəli keçirmək üçün çox gözəl məşğuliyyətdir. Bir qrup adamların sözü ilə ovu ləğv etmək düzgün deyil. Mən bununla razılaşmıram və forumda da iştirak edib sözümü deyəcəyəm. Nəyə görə mənim kimi həvəskar ovçular brakonyerlərə görə dədə-baba məşguliyyətimiz olan ovçuluqdan məhrum olmalıyıq. Mən də nəsli kəsilməkdə olan növlərin ovlanmasına qarşıyam. Hesab edirəm ki, düzgün tənzimlənmə olmalıdır. Əvvəllər mağazalarda ov sursatı limitlə satılırdı. İndi hər adam istədiyi qədər patron ala bilir. Mağazalarda limit olmalıdır. Bu gün ovçuluq təsərrüfatlarında istirahət, ov üçün hər cür şərait var. Bir qrup adamın sözü ilə bu məşğuliyyəti ləğv etmək düzgün deyil".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovun fikrincə, ovun tamamilə ləğvi düzgün deyil, ova müvafiq normalar çərçivəsində icazə verilməlidir: "Ova icazə verilərkən sərt tələb qoyulmalıdır ki, bir və ya iki dənədən artıq canlı vurulmasın. Heyvanların icazə verilən normadan artıq ovlanmasının əleyhinəyəm və düşünürəm ki, ov üçün ayrılmış ərazilərdə, yəni ovçuluq təsərrüfatlarında ov edilsin. Kim harada istəyirsə yox, müəyyən olunmuş ərazilərdə ov edilməlidir. Bu gün ölkəmizdə deyərdim ki, əsl ovçudan çox brokonyer var və onlar hər heyvana, quşa güllə atır. Bu isə təbiətimizə qarşı vicdansızlıq, deyərdim ki, vəhşilikdir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə isə bildirib ki, bu məsələdə vahid rəyə gəlmək çətindir: "Biz tənzimləyici kimi istəyirik ki, bu məsələdə ortaq məxrəcə gələk. Mövqeyimiz belədir ki, ovçuluq olarsa belə, məsuliyyətli ovçuluq olmalıdır. Ovçular bu məsuliyyəti dərk etməlidirlər. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, ovun qadağan edilməsinin tərəfdarıyam. Amma bütün bunlar ümid edirəm ki, forumdakı müzakirələrdən sonra daha da aydınlaşacaq və forumda iştirak edən xarici mütəxəssislərin rəylərinin də önəmi olacaq”.

O qeyd edib ki, bu gün ictimaiyyətdə ov məsələsi birmənalı qarşılanmır: "Böyük əksəriyyət ovun tamamilə ləğvini, yəni ümumiyyətlə, qadağan olunmasını istəyir, ovu antihumanist bir fəaliyyət, digər tərəf isə bunu keçmişdən qalma adət-ənənə və kübar məşğuliyyət sayır. Düşünürəm ki, belə bir mövzuda geniş forumların, fikir mübadiləsinin təşkili, bir-birinə zidd mövqeləri dinləmək çox əhəmiyyətlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar