Menu

İğdırda Xocalı soyqırımının qurbanları anılıb - FOTO

21.02.2020, 20:25
İğdırda Xocalı soyqırımının qurbanları anılıb - FOTO

Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə İğdır-Azərbaycan dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İğdır-Azərbaycan Evi Dərnəyi və Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılılğı ilə “Xocalıya Ədalət!” devizi altında baş tutub.

Anım mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi birdəqiqəlik sükutla, ehtiramla yad edilib və Xocalı faciəsi barədə qısa film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun törətdiyi fəsadlar, yaranma səbəbi və nəticələri ilə bağlı çıxış edib. O, tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulayıb, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd edib. Eyni zamanda 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu qeyd edib, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməli olduğunu vuğulayıb.

Tədbirdə həmçinin dəvət olunmuş türkiyəli və azərbaycanlı professorların çıxışlarında Xocalı faciəsinin yaşandığı tarixi proseslərdən söhbət açılıb və faciənin törətdiyi fəsadlardan bəhs edilib. Onlar Xocalı soyqırımının təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə törədildiyini, bu cinayətin ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri məqsədyönlü cinayətlərin davamı və ən amansızı olduğunu bildiriblər.

Sonda türkiyəli məktəblilər arasında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol