PAFOSSUZ ZİYALI VƏ DÜNYANIN ELM OKEANINDA ÜZƏN ALİM

Məhəmməd Talıblı

(“Su kimi sakit və güclü” insan haqqında düşünərkən...)

Azərbaycanın başını uca edə bilən bilim insanlarımız az deyil. Çox olmasın da söyləmək doğru olmaz. Amma o potensialın olmadığını da söyləmək reallıqdan uzaq olar. Belə bir elmi potensial sahibi və dünyanın elm oekanında üzə bilən Rafiq Əliyev fenomeni bu kontekstdə dəyərli istisnadır

Lütfü-zadə irsinin layiqli davamçısı Rafiq Əliyev haqqında yazılmış “Su kimi sakit və güclü” kitabını əldə edib məzmunundan başlamış tərtibatına qədər çox şey diqqətimi cəlb etdi. Kitabı aramla vərəqlədim. Mövzulara diqqət etdim. Rafiq müəllimin yön verdiyi istiqamətlərə ötəri nəzər saldım. Nəhayət, kitabı oxuyub, təəsuratlarımı bölüşmək ehtiyacın hiss etdim. Bu ehtiyacı mənə kitabın mündərciatı verdi. Elə bil mündərciata daxil olan mövzular müzakirə üçün həmfikir axtarırmış mesajın verir. Özünün oxuma sırasını gözləyən arası əlfəcinlə bölünmüş kitablarımı bir tərəfə qoyub əlimdəki bu kitabı oxumağa qərar verdim. Oxuduqca düşündüm, düşündükcə oxudum...

Onu deyim ki, çağdaş dövrümüzün fikir insanı və ziyalı deyə biləcəyimiz zəka sahibi Rafiq Əliyevə həsr olunmuş bu kitabı dəyərli jurnalist Qulu Məhərrəmlinin əlaqələndirdiyi ünvandan əldə etdim. Kitabı satış nöqtələrindən almağı daha çox bəyənirəm, nəinki hədiyyə qəbul etməyi. Kitabın ağır yükünü öz üzərinə götürmüş Rəfael Tağızadə lütfkarlıqla kitabı mənə hədiyyə etməkdə, çatdırmaqda yardımçı oldu. Belə bir kitabın ərsəyə gəlməsindəki faydalı işi və səmimiyyəti üçün Rəfael müəllimə xüsusi təşəkkür edirəm.

Kitaba başlarkən bu sualı gözümün qabağına gətirib öz-özümə sual yaratdım: İlber Ortaylı, Celal Şengör kimi Türkiyəmizdən bizə salam söyləyən bilim insanları varkən, Rafiq Əliyevin rezonansı digər dövlətlər üçün həmin təəsuratı niyə yaratmasın? Dünyanın müxtəlif ölkələrində əsərləri çap olunduğu halda müasir Azərbaycan ziyalısı onun zəka işığını niyə hiss edə bilməsin? 

Azərbaycanımız haqqında düşünə bilən insanlar haqqında biz də cəmiyyət olaraq da düşünə bilməliyik. Mütləq düşünməliyik!

Rafiq Əliyevi tərif etməyəcəm. Tərifdən çox hallarda ucada durur. Sərt tənqid də etməyəcəm. Çünki, ona əsas verməyib. Amma ondan gözləntilərimi yazacam. Onun fəaliyyətininin bizləri tam qane etməsi haqqında pafos yazmağı da doğru saymıram.

Rafiq müəllim dünya elmi üçün çox işlər görür. Azərbaycanın adını xaricdə çox ucalara qaldırıb. Amma Azərbaycanın içində bizim başımızı uca tutmağımız üçün bəlkə də indi daha çox fəal olmasına ehtiyacımız var. Azərbaycan cəmiyyətinin düşdüyü miskin durumdan çıxması üçün dəyərli Rafiq müəllim bundan daha nəhəng işlər görə bilər. Bu gözlənti onun elmi potensilına və ictimai nüfuzuna tamamilə adekvatdır.

Rafiq müəllim ziyalı kimi od-alovun içində deyil. Peşə üstünlüyü ictimai fəallığından daha ağır gəlir. Cəmiyyətə verməli olduğu mesajların azlığı və davamlılığı onun düşüncə dərinliyinə də tam adekvat deyil. Bu yaşda dinamik olmaq çətindir, anlayıram... Amma biz cəmiyyət olaraq uma bildiyimiz insanlardan da küsmük hüququnu özümüzdə saxlayırıq. 

Onun sözünün kəsəri cəmiyyətdə barış ovqatı yarada bilər. “Sosial sülh” konsepsiyası tərəflərin həmin müqavilənin mükəmməl tərtibatı ilə yox, orbitrlərin sanbalı ilə bağlı olur. Rafiq müəllim belə bir yarış və barış mühitinin ədalətli hakimi ola bilər. Mən Rafiq müəllimdə bunu axtarıram. Ondan bunu gözləyirəm.

Tesla-Edison rəqabəti və Lütfüzadə-Rafiq Əliyev əməkdaşlığı

 Yüz ilin ən böyük rəqabətlərindən biri Nikola Tesla ilə Tomas Edison arasında olub. Elektrik axınə rəqabəti bu gün də çox danışılan mövzulardandır. Hər iki ixtiraçı bilim dünyasına öz damğalarını vurmuşlar. Lakin çağdaş dünyanın uğur şərtləri yersiz rəqabəti yox, əməkdaşlığın faydalarını hər addımda sübut edir. Şirkətlər birləşir, alimlər birgə çalışırlar, banklar resurslarını konsolidasiya edirlər. 

Vəhşi kapitalizmin tərcih etdiyi “böyük balıq kiçik balığı udmalıdır” tezisinə qarşı sivil dünyanın bu “böyük balıq kiçik balığı yemədən onun yanından sürətlə ötüb keçməlidir” çağrışını mükəmməl mənimsəyənlər olub. Elmi varisliyi bu qədər dəqiqliklə ifadə edən qeyri-səlis məntiqi nəzəriyyənin banisi Lütfü-zadə ilə Rafiq Əliyev əməkdaşlığı yeni elmi paradiqma ortaya qoya bildi. Bu iki böyük azərbaycanlısı elmi müstəvidə meqotrendlərə ciddi tövhələr verdilər.

İnanclı ziyalı və tərəddüdlü alim

“Su kimi sakit və güclü” kitabında Rafiq müəllimin Qurani-Kərimə xeyli istinadları ilə tanış oldum. Ateizmi dövlət ideologiyasına çevirmiş Allahsız bir Sovet sistemində ömrünün çoxunu yaşamış bir alimin inancını zədələyə bilməməsinə yalnız sevinmək olar. 

Rafiq müəllimin “Müqəddəs kitabların təfsiri qeyri-səlis məntiq dilində daha adekvatdır” fikri öz sahəsi ilə bağlı fərqli mövzuları düşündürücü formada interpretasiya etmək bacarığına heyran qalmamaq olmur. “Aləmlərin ilahi düzümünü yaradan və onları taleyin idarə edən Tanrıdır” deyən alim elmi araşdırmalar daxil olan ətraf aləmlə Tanrı hökmü arasında dialektikanı dəqiqliklə izah edir. Hətta yeni sivilizasiya ilə qeyri-səlis məntiq əlaqəsini düşündürücü formada əsaslandırır.

Çox da dərin fikir sahibi olmayan alimlərin ötkəm danışıqlarına tez-tez rast gəlirik. Onların özlərinin fikirlərinə qeyri-adi formada inanırmış kimi tərəddüd etmədən danışmaları insanda qəribə hisslər yaradır. Söylədiklərinə dəhşətli dərəcədə inanan belə insanların çıxış mətnlərinə heyrətlənirsən. Amma elmi potensialı geniş olan bilim insanların ehtiyatla fikir söyləmək mədəniyyəti məndə həmin fikir sahibinə hər zaman dərin rəğbət oyadır. 

Ağıllılar bu qədər tərəddüdlü ikən, axmaqla niyə belə ötkəmdirlər deyə bu anormallığın məntini aydınlaşdırmağa çalışıram. 

Elias Kannnetinin “Korlaşma” əsərindən bir fraqment yadıma düşdü: “Bir alimin güclü cəhəti isə içində baş qaldıran bütün şübhələri özünün ixtisaslaşdırdığı sahəyə yönəltmək bacarı ilə yozulur.” 

Rafiq müəllim düşüncələrindən süzülən sualları elmi postulatların üzərinə yönəltməyi bacarmaq qabiliyyəti onun təkcə bir bilim adamı kimi deyil, həm də nəzakətli insan olduğuna dəlalət edən amildir. Çünki o, bunu sakit formada və məntiqi determinizmi ölçmək üçün edir. Elmi uğurları bu qədər parlaq ikən bir alimin ifrat təvazökarlığı sadəcə insanda ona açıq heyranlıq yarada bilir. Bu mənada davranışlarında bunca nəzakətli olduğu qədər də, elm də cəsarətli fikir insanıdır Rafiq müəllim.

Sabirin sabunu və alimin təri

Alimlər dünyanı tanıyanlardır. Bəzi hallarda isə dünya da həmin alimləri tanıyır. Amma kosmopolitizmi təbliğ edən dünyada alimlər öz ölkələrindən daha çox dünyada onların tanınmasında maraqlı olurlar. Onlar ölkələrinə daha çox yadlaşdıqca, sanki dünyaya yaxınlaşmış olurlar. Dünya insanı olmaq üçün sanki milli kimlik əbasını çıxarmalı, kosmopolit libas geyməlidirlər. Bəziləri bunu dünyaya çıxmaq üçün edirlər. 

Qardaş Türkiyədə ədəbiyyat üzrə “Nobel” mükafatçısı Orxan Pamuk bu epizod üzrə tanıdığımız örnək ola bilər. Digər nümunə isə milli kimliyini və söykökə bağlılığını ifadə edəcək qədər Eziz Sancar fenomeni də vardır.

Bu konteksdə Lütfü-zadəninin yetirməsi Rafiq Əliyevi ən böyük millətçi saymaq olar. O milliyyətçilik davası aparmır, amma millətçi olduğunu da ifadə etməkdən çəkinmir. Rafiq Əliyevi soykökünə bağlı, milliyi kimliyi ilə fəxr edən və Azərbaycanın yetirməsi olması ilə öyünən dünya şöhrətli alim saymaq olar.

Rafiq Əliyev Bakıda yaşayır. Lakin onu Azərbaycanda yaşayan alim saymaq olmaz. Məkan olaraq Azərbaycanı seçib və o məkanı heç nəyə dəyişmir. Lakin elmi tədbirlərə qatılması ilə dünyanı bir neçə dəfə dövr edib yenə müqəddəs saydığı ölkəsinə qayıdır. Dünyanın yaxşı tanıdığı Rafiq Əliyevi eyni zamanda Azərbaycanımızı ən yaxşı tanıyan şəxs də saymaq olar. Onun coğrafiyasını sevən, mədəniyyət adamlarını tanıyan və mənəviyyatlı insanlarına dəyər verməyi bacaran maraq dünyası geniş olan insan da saymaq olar. Dəqiq elmlərin tədqiqatçısı olmasına baxmayaraq humanitar sahələrin dərinliklərinə baş vuran və o mühitə bələd insandır Rafiq müəllim. 

Rafiq müəllimin ədəbiyyat və mədəniyyət sahəsinə aid dostlarının çevrəsi onu milli bağların dərinliklərinə nə qədər yaxın olduğunu göstərir. R.Rövşən, M.Yaqub, B.Vahabzadə, Q.Məhərrəmli və bu qəbildən olan millli kimliyi olan insanlarla dostluğu onun yad insanlar çevrəsində olmadığına dəlalət etdiyini göstərir.

Onun kitabında yazdığı uğurlu bir təşbehi ziyalının həm də qəlbi ilə düşünə bilmə işarəsini verir. 

“M.Ə. Sabir sabun bişirəndə kirdən bədənləri deyil, könülləri təmizləməyi düşünüb” fikrində təkcə qəlbin, ruhun yox, alimin alın tərini də nəzərdə tutub. 

Öz sahəsinin parlaq nümayəndəsi Edison da məntiqlə eyni düşüncəni bölüşürdü: “Dahi olmaq 1 faiz ilham, 99 faiz tərdən meydana gəlir.” 

Əqlimizi diri saxlayan ruhumuzu qidalandıran qaynağın olmasına böyük önəm verdikcə təkcə alim böyümür, ruhu təmizlənir. Rafiq müəllim bunu bacaran elm adamıdır.

Azad Mirzəcanzadənin İxtisasa giriş” kitabında fransız cərrahından maraqlı bir sitat var idi: “Əgər bir nəfər yalnız yaxşı həkimdirsə, o, kifayət qədər yaxşı həkim ola bilməz.” Rafiq müəllim də bu kəlamın işığında uzun illər illər yol gələrək görünür ki, bunu nəzərə alıb. 

Bu mənada Rafiq müəllim bütün mövzularda danışa və düşünə bilən ziyalı standartı formalaşdıra bilib. Biz Rafiq müəllimə bu cür elmi elitamıza verdiyi tövhəyə görə, ona həm minnətdar olmalı, həm də ondan çox şey öyrənməliyik.

Ön cəbhənin özgüvəni arxa cəbhədəki sədaqətdən başlayır

Mühafizəkar cəmiyyətlərdə zərbələr insanların zəif yerləri sayılan ailələri ilə bağlı olur. “Rafiq Əliyevin həyat yoldaşına yazıları” bölməsində 10 yazının hər birində ailə bağlarının dərin köklərinə dair tezis var. Kitabda Rafiq müəllimin həyat yoldaşına yazdığı məktubları çox dərindən düşünərək oxumadım. Bu bölməni düşünərək yox, emosiyalarını hiss etməyə çalışaraq oxumağa çalışdım. Az qala hər sətirdə Aidə xanıma xitabən yazdığı cümlələrdə onunla birgə yaşadıqları xoş günlərin xiffətini çəkən duyğuların yatdığını duyursan. Ona münasibətini ifadə edən məktubların məzmununda dərinə işləmiş sentimental məqamları sezmək olur. 

“Sadəqət kəməri”nin tarixini yox, çağdaş dövrün örnəklərinin ipə-sapa düzüldüyünü görməmək olmur. Ailəsi ilə nəfəs alan sədaqətli həyata yoldaşı nümunəsini və münasibətlərində sabitqədəm ziyalı obrazını gördüm həmin məktublarında. Sevgi hisslərinin karyeraya mane olmadığını, əksinə onun qoşa qanad olmasına bir daha örnək var bu məktublarda. Rafiq müəllimin timsalında bir daha tarazlı insanın xoşbəxtlik tablosun görmək olur bu məktublar içərisində.

Hazırkı çağdaş Azərbaycanda ailə insitutlarının sürətlə dağıldığı bir mərhələdə buradan əxz oluna biləsi maraqlı məqamlar gənc ailələrə örnək ola bilər. Yalnız uşaqların olduğuna görə biri-birinə bağlanmağa məhkum olunan ailələrdə bu həlqə çıxanda yerdə heç nəyin qalmadığınının çoxluq təşkil etdiyi ailə insitutlarımızın deformasiyaya uğradığı cəmiyyətdə yaşayırıq. Ona görə hətta ailələrdə ortaq dəyərlərin güclü olduğu “kiçik dövlətlər” formalaşdırmalıyıq. Bu örnəyin əlamətlərini Rafiq müəllimin sadiq ailə modelinin timsalında gördüm. Belə bir canlı örnəklərin yaşadılması gerçəkdən də sevindirici haldır.

Həyacanlı çoşğu, donuq soyuqqanlılıq və emosional zəka

Mikayıl Mirzə, Zəlimxan Yaqub və daha kimlərin emosiya dozasının fantan vurduğunu görən cəmiyyətik. Öz qınına çəkilən rəqəm dilindən başqa heç nəyin fərqində olmayan fleqmatik alimlərin dominantlığı çağdaş dövrümüzdə bizə çox tanış gəlir. Soyuqqanlılığı və donuq davranışı ilə insanlığa yad təəsurat doğran mütəxxəsis bolluğunun içində böyüdük. Çağdaş dünyanın daha çox önəm verdiyi “emosional zəka” kriteriyasına ölkəmizdə çox az bilim insanı uyğun gələ bilər. Bu uyğunluq meyarı olan bilim insanlarından biri Rafiq müəllimi saymaq olar. 

Həm əqli soyuqqanlılığı və elmi fəhmi ilə özünün peşəkarlıq səviyyəsini gözləyən alim, həm də mənəviyyatı geniş və səmimiyyətin bolluğundan yaranmış sərvət artıqlığı hiss olunan təvazökar bilim insanı kimi qarşımızda durur. Dəqiq elmlər sahəsində bu qədər parlaq bir insanın poetik duyğularının saf ruhu gerçəkdən bir ziyalının mötədillik dərəcəsinə nə qədər yaxın olmanın göstəricisidir. “Qızıl orta” həddinin müvazinətində əyilməyən və onu itirməyən Rafiq Əliyev inanıram ki, hər zaman bizimlə olacaq. Cəmiyyətimizin olacaq!

Rafiq müəlllim bizim ədəbiyyatımızı bilən və mədəniyyətimizi tanıyan insandır. Ədəbiyyatçılarımızın əsərləri haqqında təqdimat yazıları yazıb. Bu bir insanın düşüncə süzgəcından süzülüb gələn yaradıcılıq etüdləri bu kitabda da az deyil. Rafiq Əliyevin “Su kimi sakit və güclü” kitabında sənət adamları haqqında biri-birindən maraqlı məqalələrin oxudum. Üzeyir bəyin ruhunu yaşadan sənətkarları çox dərindən tanıdığını yazılarından gördüm.

Pafossuz ziyalı və həqiqəti kəsməyən fikir sahibi

 Dünya mütəfəkkirlərinin həyatların az-çox oxumuşuq. “Nobel” mükafatı alanların həyat yolun izləmişik. Qəti söyləniləsi mübahisəli olsa da, amma ümumiləşmiş fikrim bu olub ki, dərin düşüncə asan həyatdan yox, çətin və sadə həyat yaşamaqdan başlayıb.

Rafiq müəllim təkcə öz keşməkeşli həyatı ilə böyüməyib. Qarabağ dərdi, vətən nisgili və Ağdam həsrətinin əzabları qazanında qaynayaraq “qovrulub”. Bu kitabda Qarabağ döyüşləri zamanı onun haralarda olması ilə bağlı maraqlı səhnələrlə tanış oldum. Gördüyümüz budur ki, zəka dünyasında elmin, qəlbində isə Qarabağın qoyduğu dərin izlər Rafiq Əliyevi bu qədər böyütdü...

Səsi ucadan gələn “patriotlar” görən cəmiyyətik. Pafoslu nitqindən yanındakılara danışmaq imkanı verməyən meydanbazlardan bezən cəmiyyətik. Vətən üçün hər an ölməyə hazır qəhrəmanların davranışlarına məətəl qalan cəmiyyətik. İndi bizi nə ilə təəcübləndirəcəklər? 

Uca səslə, pafosla? Bizim hazırkı səsli-küylü cəmiyyətdə Vətənimiz Azərbaycanı daha çox pafossuz sevən insanlara ehtiyacımız var. Vətəni səssiz-küysüz sevən ziyalılarımızı tanımalıyıq. Dünyaya səsi çatan və bizim səsimizi dünyaya çatdıran asta tərzdə danışan Rafiq Əliyevimiz var. Pafossuz və hikkəsiz, mütəvazi və asta səslə dərin mətləbləri dünyanın öz dilində çatdırmağı bacaran alim. Fikirlərini elə səslə və kəsərlə deyir ki, o başqa həqiqətləri və başqalarının həqiqətlərin kəsir. Hətta öz həqiqətlərini kəsməməsi üçün həqiqəti sərt demir. Rafiq müəllim bir düşüncə insanı kimi bilir ki, fikir çox kəskin deyiləndə, hətta öz həqiqətini də kəsir... 

635x100

Şərhlər

Məlahət Mürşüdlü 2020-03-05 12:26:59

Yazınızı birnəfəsə oxudum. Maraqlı yazıdır. Hörmətli alimimiz haqqındakı fikirlərinizə tam olaraq qatılıram. Yazıda hər kəsin payı vardır. Cəmiyyətin çoxrəngli olması normaldır. Bu təkcə bizdə deyil ki?...Yekunda bu bir insanlıq halıdır.

Müfəttiş 2020-02-24 22:42:44

Qeyri-səlis məntiq bizim kafamiz üçün deyil.Millət bu fəlsəfəni dərk edib daha ziyanlı məsələlərə baş vurar. Bizimki elə meyxanadır-de gəlsin...

Son yazılar