Menu

Masallıda ər arvadını, qaynını, qayınanasını, sonda isə özünü güllələyib - YENİLƏNİB

26.02.2020, 20:11
Masallıda ər arvadını, qaynını, qayınanasını, sonda isə özünü güllələyib - YENİLƏNİB

Masallıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ailə yaxınları bildiriblər ki, Sarvan Ağayev Alimə Nəbiyevaya ondan boşanacağı təqdirdə onu öldürəcəyi ilə bağlı dəfələrlə hədə-qorxu gəlib. Bir müddət əvvəl A.Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib. Dünən isə tərəflər cehiz əşyalarını aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün evdən əşyaları çıxaran zaman qanlı hadisə baş verib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi Ariz Eldaroğlu APA-ya bildirib ki, yaralılardan biri - Zemfira Nəbiyeva sol said nahiyəsini və döş qəfəsini dərib keçməyən güllə yarası, sol ayağının pəncə nahiyəsinin daraq sümüklərinin 4-nün sınığı, güllə yaralanması ilə xəstəxanaya müraciət edib.

Digər yaralı Sarvan Ağayev isə ağız boşluğundan güllə yarası alıb: "O, üz nahiyəsinin, burunun, ağızın yumşaq toxumalarının çoxsaylı əzilməsi, yaralanması ilə xəstəxanaya daxil olub. Xəstəxanada operativ tədbirlər görüldü. Xəstələrin hər ikisinə dərhal cərrahiyyə müdaxilə olundu. Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə bu gün saat 14 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək orada mübahisə edib. Mübahisə nəticəsində o özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib. S.Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüqlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib. Hadisə nəticəsində M.Nəbiyev də hadisə yerində dünyasını dəyişib,Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Hadisə yerinə Masallı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Hadisəni törədən S.Ağayev polisin nəzarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol