Menu

Ermənistanı Gürcüstanla birləşdirən və ayıran səbəblər – Qarşılıqlı səfərlər nə vədir?

04.03.2020, 20:00
Ermənistanı Gürcüstanla birləşdirən və ayıran səbəblər – Qarşılıqlı səfərlər nə vədir?

Ermənistan-Gürcüstan münasibətlərində son bir həftədə iki hadisə baş verdi. Birincisi, Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili İrəvana gedərək erməni həmkarı David Tonoyan və baş nazir Nikol Paşinyanla görüşdü. İkincisi, bundan bir neçə gün sonra Paşinyanın özü Gürcüstana səfər etdi.

Paşinyan Qaribaşvilini qəbul edərkən iki ölkənin strateji münasibətlərində hərbi əlaqələrin önəmli olduğunu vurğuladı. İki ölkənin müdafiə nazirlikləri arasında 2020-ci il üçün əməkdaşlıq planı müzakirə olundu. Bununla bağlı olaraq saziş imzalandı. Sənəddə hərbi təhsil¸ sosial müdafiə, sülhəmarlılıq və dağ şəraitində hazırlıq bəndləri yer aldı.

Göründüyü kimi, sazişdə birgə hərbi təlimlər haqqında bənd yoxdur. Bu səbəbsiz deyil. Gürcüstan NATO üzvü olmağa çalışır. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. NATO və KTMT rəqib təşkilatlardır. Gürcüstan və Ermənistan qonşu dövlətlər olaraq bir-birlərini strateji tərəfdaş adlandırsalar da, bu iki dövlətin birgə hərbi təlimlərdə iştirakı problematikdir. Digər tərəfdən, Ermənistan, Gürcüstan NATO-nun hər hansı təlimlərinə maraq göstərsə belə, Moskvanın təzyiqindən ehtiyat edir. Ermənistandan fərqli olaraq, Azərbaycan, Gürcüstanla birgə NATO təlimlərində iştirak edir. Bundan başqa Gürcüstan-Azərbaycan-Türkiyə birgə üçtərəfli hərbi əməkdaşlıq formatı da mövcuddur. Yəni Ermənistan özünü nə qədər Gürcüstana yaxın göstərməyə çalışsa da, Tbilisinin bölgədəki əsas hərbi tərəfdaşları Azərbaycan və Türkiyədir.

Nikol Paşinyanın Gürcüstana səfəri zamanı da yüksək fikirlər söylənildi. Paşinyan Gürcüstanın baş naziri Griqori Qaxariya ilə görüşdə dedi ki, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün böyük imkanlar var. Paşinyan bu zaman iki xalq arasında tarixi əlaqələrə istinad etdi. Paşinyan hər iki dövlətin regional münaqişələrin sülh yoluyla həllinə inandıqlarını bildirdi. Paşinyan eyni sözləri Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşündə də təkrarladı.

Paşinyan Tbilisidə belə bir cümlə də işlətdi: “Ermənistan Gürcüstan üçün, Gürcüstan isə Ermənistan üçün təhlükə mənbəyi ola bilməz”. Paşinyan onu da dedi ki, Gürcüstan Avropa məkanına intqerasiyasına hörmətlə yanaşır. Paşinyan iki dövlətin təhlükəsizliklə bağlı fərqli baxışlarının olduğuna da söylədi. Bununla Paşinyan Gürcüstanın NATO-ya üzvlüyə çalışdığını, Ermənistanın isə KTMT-də yer aldığına işarə vurdu. Elə bu cümlələrin özü göstərir ki, Ermənistanla Gürcüstanın eyni məkanda təhlükəsizlik sahəsində əməkdaşlıqlarını inkişaf etdirmək problematikdir. Bu sözlər Gürcüstana da aiddir.

Gürcüstanın indiki hakimiyyətinin Ermənistana müsbət baxışları olsa da, Rusiyanın bölgədəki tək strateji müttəfiqi ilə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edə bilməzlər. Bu həm NATO-nun, həm də KTMT-nin maraqlarına ziddir.

“Atlas” Araşdırmalar Mərkəzi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol