Dünya bazarlarında "qara qızıl"ın qiyməti kəskin ucuzlaşmağa başlayıb. Belə ki, bu gün səhər Brent markalı neft 33 dollara qədər geriləyib. WTI markalı Texas nefti isə 21% dəyər itirərək 32,5 dollara düşüb. Analitiklər neftin 1 barelinin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünyanı bürüyən koronavirus həyatın bütün məqamlarına təsir etməkdədir:
"Xüsusilə neftin istesahlı və istehlakı ilə məşğul olan Çində, İranda, İtaliyada problemlər yaşanmaqdadır. Əsas problem isə OPEK+ ölkələrinin ümumi razılığa gələ bilməməsilə bağlı oldu. Rusiya və Səudiyyə Ərəbistanı razılaşmadan çıxdı. Bağlanmış müqavilənin vaxtı aprelin 1-də başa çatır. Proseslərin sürətlə dəyişdiyi bir dövrdə aprelin 1-nə kimi hansı dəyişikliklərin baş verəcəyi isə müəmmalıdır. Gedişat neft qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxara bilər".
Deputat Azərbaycanın hələ də neftdən asılılığına diqqət çəkib:
"Doğrudur, Azərbaycan Prezidenti cənab İlham Əliyev alternativ enerji mənbələrindən istifadə üçün göstərişlər verib, bunun əsasında proqramlar hazırlanıb. Amma buna baxmayaraq, neft hələ uzun müddət dünya iqtisadiyyatında aparıcı rola malik olaraq qalacaq. Neft qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri sözsüz ki, var və uzun müddət davam edərsə də olmaqda davam edəcək".
V.Əhmədov deyib ki, büdcəyə yenidən baxılması barədə danışmaq tezdir:
"Biz 2020-ci il üçün neft qiymətlərini 55 dollardan götürmüşdük. Hazırda "Azəri light" neftinin qiyməti 47 dollaradır. Bu da təbii ki, iqtisadiyyata təsirsiz ötüşə bilməz. Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız olsa da, ondan zəruri məqamlarda istifadə edilməlidir. O layihələrə sərf edilməlidir ki, ölkənin gələcək həyatına təsirləri olsun. Qiymətlərin aşağı düşməsi uzunmüddətli olarsa, dövlət büdcəsinə təsir edə bilər. Amma enmə davam edərsə, büdcəyə may-iyun ayında yenidən baxıla bilər. Həmçinin, neftin qiyməti 35-40 dollar səviyyəsinədək enərsə, Prezident dövlət büdcəsinə əlavə və dəyişikliklər edilə bilər. Arzu edək ki, koronavirus tez bir zamanda lokallaşdırılsın və neftin qiyməti əvvəlki həddinə qayıtsın. Amma indiki məqamda neftin qiyməti azalan xətt üzrə davam edir və bu, bizi narahat etməyə bilməz".


Şərhlər
Kim başa düşdü bu adam nə danışdı və niyə???..... sitat: “Neft qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri sözsüz ki, var və uzun müddət davam edərsə də olmaqda davam edəcək"......çox-çox sağ olun, uzun müddət deyəndə görəsən millət vəkili hansı müddəti nəzərdə tutur??? Dövlət büdcəsinin daxilolmalarının 50%-i neft fondundan transfertlərdir; 10%-i neft sektorunun vergi ödənişləri. Yəni, neftin dünya bazar qiymətləri 20-30 doll. səviyyəsinə enərsə, bu, artıq nəinki neft fondunda əhəmiyyətli kəsri müəyyənləşdirir, Azərbaycanın neft şirkətlərində maya dəyərinin səviyyəsidir - büdcəyə bu sektordan az qala vergi ödənişləri olmayacaq. Büdcə daxilolmalarının 15%-i DGK-dəndir (idxal vergiləri üzrə), yəni büdcə xərcləri və müvafiq olaraq iqtisadiyyatda istehlak səviyyəsi azalarsa bu komponent üzrə də büdcə daxilolmaları azalacaq; ölkədə məşğulluğun səviyyəsi -birbaşa olaraq, dövlət investisiyaları xətti ilə isə - dolayı olaraq, əhəmiyyətli dərəcədə büdcə xərcləri ilə müəyyənləşir, əgər büdcəyə yenidən baxılarsa təqribən nə dəyişikliklər baş verəcəyini təsəvvür edirsiz (yəni, məşğul əhalinin gəlir vergisi üzrə daxilolmaların, DSMF-na ödəmələrın azalması, hansı üzrəki kəsrin səviyyəsi ÜDM-in əhəmiyyətli hissəsidir)???. İndi baxaq qeyri-neft sektoruna – digər ödənişlər üzrə daxilolmalar çıxılarsa Vergilər nazirliyi xətti ilə daxilolmalar büdcə daxilolmalarının cəmi 17-18%-in təmin edir. Bu məbləğin strukturunda da əsas infrastruktur sahələrdir - elektrik enerjisi, qaz, su təchizatları, nəqliyyat (hava, dəmir yol, sərnişin və yük daşımaları), rabitə və s., yəni bir başa olaraq büdcə xərcləri ilə müəyyənləşən iqtisadiyyatda alıcılıq qabiliyyəti ilə müəyyənləşir bu sahələrdən ödəmələr (onu da nəzərə alınki, bu sahələrin bəzilərində - məsələn AZALda, dövlət büdcəsinə ödəmələrdə xroniki kəsr mövcuddur).........sitat: ”Amma indiki məqamda neftin qiyməti azalan xətt üzrə davam edir və bu, bizi narahat etməyə bilməz".....maraqlı olan narahat olub nə edəcəyinizdir, hörmətli millət vəkili, yəni, ölkədə sosial-iqtisadi inkişafın yeni modeli formalaşmalıdır, onu kim formalaşdıracaq??? ......)))))))))))))))
Koronavirus Amerika ve bir nece dovletin heyata kecirdiyi planli meqsedeuygun sekilde heyata kecirilmis bir plandi!Rusiyanin zereri ve cokdurulmesi plana daxildi amma iqtisadi tezyiq onlari mehv ede bilmeyecek.Araliqda qalan biz olmasaq yaxsidi! ALLAH KOMEYIMIZ OLSUN!AMIN!