“Ötən gecə ABŞ prezidenti Donald Tramp şengen viza razılaşması ölkələrini əhatə edən 26 Avropa ölkəsindən ABŞ-a vətəndaşların səyahətini qadağan edən qərarını açıqlayıb. Bu qərar hazırda Azərbaycana aid deyil. 30 gündən sonra o yenidən nəzərdən keçiriləcək. İstənilən ölkənin vətəndaşı bu 26 ölkədən keçməklə, yəni şengen razılaşması olan ölkələrdən keçməklə, ABŞ-a səfər etdikləri təqdirdə, bu qadağa həmin ölkə vətəndaşlarına da aiddir”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger "Amerikanın Səsi" radiosuna bildirib. O əmin edir ki, səfirlik ABŞ prezidentinin qərarının təfərrüfatlarını çox yaxın vaxtda əldə edəcək və tezliklə məlumatlar ətraflı şəkildə ABŞ Səfirliynin Facebook səhifəsində yayılacaq.
“Prezidentimizin bu qərarı ABŞ-da atılan addımlardan biridir. Dünyanın bütün ölkələrində, Azərbaycanda da hökumət koronavirusun qarşısının alınması üçün müvafiq tədbirlər görür. Biz Azərbaycanda bu virusun qarşısının alınması uğrunda mübarizə üçün Azərbaycan hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Həm Azərbaycana, həm də dünyanın müxtəlif ölkələrinə bu istiqamətdə köməklik göstərmək üçün yolları nəzərdən keçiririk”, - deyə səfir qeyd edib.


Şərhlər