Menu

"Neft Fondunun aktivlərinin üçdə biri riskdə ola bilər" - Ekspert Rövşən Ağayev

17.03.2020, 13:44
"Neft Fondunun aktivlərinin üçdə biri riskdə ola bilər" - Ekspert Rövşən Ağayev

JP Morgan bankının iqtisadçıları yaxın zamanlarda inkişaf etməkdə olan bəzi ölkələrin ödəmə qabiliyyətini itirəcəyini, yəni defoltla üzləşəcəyini bildirir. Bank iqtisadçıları xəbərdarlıq edib ki, bu ölkələrin borc kağızlarına investisiya edən investorlar nəzərə alsınlar ki, sərmayələrini geri almaqda problemlərlə üzləşə bilərlər. Amma təhlilçilər potensial risk altında olan inkişaf etməkdə olan ölkələrin adını çəkməyiblər.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, Bank iqtisadçıların bu təhlil Dövlət Neft Fondunun aktivlərini yada salır: "Böhranın olmadığı sakit dövrlərdə bəlkə də Neft Fondunun fəaliyyəti bizə kafi dərəcədə şəffaf görünə bilər - ən azından ümumi göstəricilər əsasında gəlir və xərlərinin strukturunu, aktivlərinin həcmini və strukturunu, yatırımlarının coğrafiyasını müntəzəm açıqlayır.

Lakin belə böhran dövrlərində bəlli olur ki, müstəqil təhlillərin aparılması, alternativ analizlərin hazırlanması, risklərə allternativ eynəkdən baxmaq üçün həmin hesabatlılıq daha detallı olmalıdır".

Ekspert buna misal kimi Fondun 5 daşınmaz əmlaka 1.5 mlrd. dollar sərmayə qoymasını xatırladır: "Bu məsələdə açıqlanan informasiya daha detallıdır - həmin əmlakların alındığı ölkə, hətta yerləşdiyi küçə barədə detallı informasiyalar var".

R. Ağayev eyni yanaşmanı istiqrazlar və pul bazarı alətlərilə bağlı görmək olmadığını vurğulayır: "Bu aktivlərin konkret ölkələr üzrə dəyəri və növləri barədə məlumat əlçatan deyil - regionlar üzrə (məsələn, Avropa, Şimali Amerika) və inkişaf səviyyəsinə görə (inkişaf etmiş və inkişaf etməkdə olan) açıqlanır.

Məsələn, 2019-cu ilin yekunlarına görə, Fondun cəmi aktivlərinin 58.7%-i Şimali Amerika və Avropa regionunun, eyni zamanda 63.2%-i inkişaf etmiş, 32%-i isə inkişaf etməkdə olan ölkələrin payına düşüb".

Ekspertin sözlərinə görə, rəqəmlərdən göründüyü kimi inkişaf etməkdə olan ölkələrə düşən aktivlərin həcmi heç də az deyil: "Əlavə olaraq, istiqaraz və pul bazarı alətlərinin 12%-i aşağı reytinqli (10.5% BBB, 1.4%-i qeyri-inevstisiya reytinqli) qiymətli kağızlara yatırılıb. Normal iqtisadi şərtlərdə, bazarların çalxalanmadığı şəraitdə risk menecmenti baxımından Fondun investisiya siyasətinin nə dərəcədə effektiv qurulduğunu söyləmək çətinlik yaradırdı. Amma ən azından indi inkişaf etməkdə olan bazarların, eləcə də aşağı reytinqli borc kağızlarına qoyuluşların seçimi zamanı risk menecmentinin effekti özünü göstərəcək. Amma bir şərtlə, gərək, Fond bundan sonrakı hesabatında daha şəffaf olsun, akitvlərin dəyərinin dinamikasında baş verən dəyişiklikləri alətlər və ölkələr üzrə təqdim etsin"-deyə Rövşən Ağayev vurğulayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol