HÖKUMƏTİN “XİLAS PLANI”NDA NƏLƏR VAR? – Planlar və təkliflər

Nazirlər Kabineti koronavirusun iqtisadiyyata mənfi təsirlərinin azaldılması məqsədilə sahibkarlara dəstək üçün təkliflər paketi hazırladığını bəyan edib.

Bu tədbirlər nədən ibarət ola bilər, iş dünyası, sahibkarlar üçün hansı dəstəklər nəzərdə tutula bilər?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan hökuməti bununla əsas siyasət istiqamətlərini müəyyənləşdirib. O, hökumətin tədbirlərini iki qrupda təsnifləşdirib.

“Birincisi, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ikincisi isə, qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin azaldılmasıdır. İlk növbədə Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir. Nazirlər Kabineti bunun üçün Tədbirlər Planı təsdiq edib, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərilir. İqtisadi tədbirlərin başında isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsidir”.

V.Qasımlının sözlərinə görə, əmanətlərin tam sığortalanması məsələsi də yaxın günlərdə həllini tapacaq: “Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bu həftə ərzində bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta satılıb. Manatın sabitliyinin qorunması 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmindir. Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin icrasının tam həyata keçirilməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib”.

Mərkəz rəhbəri vurğulayıb ki, xüsusən, sosial proqramların tam icrası nəzarətə götürülüb: “Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcək. Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur. Cənab Prezidentin tövsiyəsinə uyğun olaraq özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır. Kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb. Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir”.

Vüsal Qasımlı qeyd edib ki, neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsi gündəlikdədir: “İqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlılığı təmin olunacaq. Neftin qiymətlərinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcək. Hökumətin anti-böhran tədbirlərinin səmərəliliyinin artırılması üçün özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir”.

Deputat, iqtisadçı ekspert Vüqar Bayramov isə koronavirusa görə məhdudlaşdırıcı tədbirlərin sahibkarlara və eləcə də vətəndaşlara iqtisadi təsirlərini minimumlaşdırılması üçün hökumətə təkliflər verib:

“1. Həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur. Doğrudur, 2 bank istisna olmaqla, digər banklar özəl qurumlardır. Amma Mərkəzi Bank tərəfindən banklara belə tövsiyə xarakterli müraciət edilə bilər. Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirir. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var. Və borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılması məqsədəuyğundur. Koronavirus ilə qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər.

2. Koronavirus onlayn ticarətin inkişafını daha da aktuallaşdırıb. Sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq, onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı. ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğun olardı.

3. Sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına ehtiyac var. Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtyac var”.

“AzPolitika.info”

635x100

Şərhlər

Aımaz 2020-03-25 14:22:01

Boş-boş nağıl.Millət 30 ildir nağıllardan bezdiyini bunlar anlamaq qabiliyyətindədirlərmi?

E-uzurpu 2020-03-19 15:49:52

İqtisadi "qlobal virus"un Sahibkar və Vətəndaş güzəştlərinə bağlanması?

E 2020-03-19 15:44:30

Gərgin İqtisadi durumun "sahibkar və vətəndaşa güzəşt"ə bağlannması?

D 2020-03-19 15:25:41

Müstəqil, stabil inkişafa qlobal təsir necə nəzərə alınıb?

C 2020-03-19 15:04:37

Valyuta ehtiyatı fonunda borc, faiz ödəmək və ya "sol"-asılı əlaqə üçünmü?

B 2020-03-19 15:00:24

Korona virusu nəinki siyasi-mənəvi, tam iqtisadii müstəqilliyi də diqtə edir!

A 2020-03-19 14:54:57

"Müstəqil", sərvətli "dövlət" nədən özünü qlobaldan asılı saxlayıb?

Cavanşr 2020-03-19 13:38:22

Konkretlikdə uzaq,boş söz yığınından ibarət söz yığını ! Görüləcək tədbrlərin aydın ifadəsi,görünə biləcək ,hiss olunacaq nəticələr barədə faktiki açıqlamalara rast gəlinmir. Ona görə bu məlumatın mənası aydın deyil.

Son yazılar