Koronavirusla bağlı ölkədə yaranan vəziyyət, hökumətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlər həbsxanalarda məhbusların həyat və sağlamlıqlarının necə qorunmasını da gündəmə gətirib. Sosial şəbəkələrdə bəzi məhbusların yaxınları bununla bağlı narahatlıqlarını ifadə ediblər.
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, bu barədə məhbus yaxınlarından onlara da müraciətlər edilir. Habelə sosial şəbəkələrdə əsası olmayan bəzi məlumatların yayılması insanlarda narahatlıq yaradır: "Biz - İctimai Komitənin koordiantoru Səadət Bənənyarlı, üzvləri Əhməd Abbasbəyli və mən müraciətləri nəzərə alaraq bir sıra cəzaçəkmə müəssisələrində və Bakı İstintaq Təcridxanasında (BİT) monitorinq apardıq. Məqsədimiz həbsxanalarda koronavirusa qarşı mübarizə tədbirləri ilə tanış olmaq, məhbsuların həyat və sağlamlıqlarının necə qorunduğunu müşahidə etmək idi".
Ə.Nuriyev bildirib ki, monitorinq apardıqları 3 cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə və təlimatlarına əməl olunur: "Belə ki, hər müəssisədə operativ qərargah yaradılıb və gündəlik iş planları tərtib olunub. Həbsxanaların girişində yaxın məsafədən temperaturu ölçən termovizerlər quraşdırılıb. Həbsxanaya daxil olan hər kəs, rəhbərlik də daxil olmaqla, bütün əməkdaşlar, o cümlədən biz də müşahidədən keçdik. Girişlərdə həmçinin dizinfeksiya məhlullarından istifadə olunması mütləq şərtlərdən bidirir. Bütün əməkdaşlar ciddi şəkildə yoxlanılır, müayinə edilir. Tədbirlər Penitensiar Xidmətin 3500-dən çox əməkdaşını əhatə edir. Hətta BİT-də bu, gündə iki dəfə olaraq həyata keçirilir. Əgər, səhhətində hər hansı narahatlığı olan əməkdaş olarsa, o işə buraxılmır. Eyni zamanda məhbuslar da mütəmadi olaraq müayindən keçirilir, onlara maarifləndirici tövsiyələr verilir".
İctimai Komitənin üzü daha sonra bildirib ki, həbsxanalarda olan bütün yeməkxanalarda, yataqxanalarda mütəmadi dezinfeksiya işləri aparılır: "Biz monitorinq apararkən də bunun şahidi olduq, xüsusi geyimlərdə olan sanitar işçilər məhbusların istifadəsində olan bütün obyektlərdə dezinfeksiya aparmaqla məşğul idilər. Eyni zamanda məhbusların ərzaqla təminatı da yüksək səviyyədə idi. Gündəlik yeməklərdən məhbusların narazılığı yoxdur. Biz də keyfiyyəti yoxlamaq üçün onlardan daddıq, hər şey normal idi".
Ə.Nuriyev qeyd edib ki, sanitar qovşaqlar da təlimata uyğun olaraq yuyucu, təmizləyici vasitələrlə tam təmin olunmuşdu. Onun sözlərinə görə, dükanlar da ərzaqla, müxtəlif gündəlik tələbat malları ilə dolu idi, qiymətləri də üzərinə yazılmışdı. Sosial şəbəkələrdə iddia olunduğu kimi dəyərindən baha qiymətə deyildi. Məhbuslar istədikləri qidanı və lazım olan digər məmulatları normal qiymətə oradan əldə edə bilirlər. "Rəhbərlik tərəfindən məhbuslara kütləvi şəkildə bir yerə toplaşmamaları tövsiyə olunur və bunun səbəbləri barədə izahat verilir. Kənardan yemək qəbulu tam dayandırılıb. Həbsxanalara ancaq əməkdaşlar keçə bilirlər. Hətta biz - monitorinq qrupunun üzvləri də istədiyimiz vaxt ora daxili ola bilmərik. Beləliklə, məhdudlaşdırıcı tədbirlər məhbusların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasına gətirib çıxarıb. Hətta deyərdim ki, onların təhlükəsizliyi şəhərdə, küçədə, bayırda olan insanlardan daha yaxşı qorunur. Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi bu istiqamətdə bütün mümkün tədbirləri həyata keçirir. Ona görə də, Monitorinq Qrupu olaraq məhbus yaxınlarını narahat olmamağa çağırırıq", - Əliməmməd Nuriyev vurğulayıb.
“AzPolitika.info”


Şərhlər