Müdafiə Nazirliyi bu yaxınlarda dünyasını dəyişən istefada olan mayor Ceyhun Salmanovla bağlı son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan fikirlərə münasibət bildirib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisi tibb xidməti polkovniki Firudin Nəbiyevin bununla bağlı "AzPolitika.info"ya göndərdiyi açıqlamada bildirilib:
“Mərhum istefada olan mayor Ceyhun Salmanovla bağlı bəzi elektron KİV-də yayılan yazılara cavab olaraq bildiririk ki, 2018-ci ilin mart ayında Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunarkən onda “sağtərəfli qalça-qasıq limfoadenopatiyası” aşkar edilib.
Bu səbəbdən C.Salmanovun limfa düyünlərindən biopsiya götürülərək müayinə olunub. Onda “ilkin mənbəyi məlum olmayan hər iki qalça-qasıq limfa düyünlərinin xərçəng metastazları” aşkar olunduğuna görə, o, 2018-ci ilin iyul ayında Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə əsasən “xəstəliyə görə” ordu sıralarından istefaya buraxılıb.
İstefaya göndərildikdən sonra C.Salmanovun səhhətində yaranmış problemlə bağlı Müdafiə Nazirliyinə edilən müraciətləri nəzərə alınaraq, o, nazirliyin hesabına 2019-cu ilin iyun ayında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. C.Salmanov orada keçən ilin dekabr ayının 13-dək 8 kurs kimyəvi terapiya alıb.
Türkiyədən qayıtdıqdan sonra C.Salmanov müalicəsi ilə əlaqədar yenidən Müdafiə Nazirliyinə müraciət edib. Cari ilin fevral ayının 29-dan martın 6-dək o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Onkologiya bölməsində müalicəsini davam etdirib. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq C.Salmanov martın 6-da uzun sürən xəstəlikdən sonra vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi C.Salmanovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.


Şərhlər