“İqtisadiyyatı istənilən virusdan xilas etmək üçün pul xərcləməzdən öncə həmin virusun yayılmasının qarşısını almaq lazımdır”.
“AzPolitika.info” xəbər verir ki, Qərb mətbuatında ABŞ-ın 44-cü prezidenti Barak Obamanın iqtisadi məsələlər üzrə müşaviri olmuş Çikaqo Universitetinin professoru Opstan Qulsbinin koronavirusun dünya iqtisadiyyatına təsirilə bağlı fikirlərinə yer verilib.
“Business Insider”ə açıqlama verən Qulsbi deyib ki, virusun yayılmasının qarşısı alınmasa, istənilən iqtisadi tədbirlər, atılan addımlar gözlənilən nəticələri verməyəcək. Onun fikrincə, yalnız virusun yayılmasının qarşısı alındıqdan sonra iqtisadiyyata maliyyə axınları, xilas proqramları effektli ola bilər.
Çikaqo Universitetinin nəzdindəki 9 Nobel mükafatı laureatı yetişdirən biznes məktəbində dərs deyən professor bildirib ki, hökumətlər əmanətçilərin panika içərisində öz pullarını banklardan çəkməsi prosesi yekunlaşana qədər heç bir ciddi addım atmamalı və gözləməlidirlər.
Yalnız epidemiyaya qalib gəldikdən sonra əhalinin sosial müdafiəsinə hesablanan ikinci addım atılmalıdır. Yəni əhali arasında ac, evsiz, müflis olmuş insanların problemləri həll olunmalıdır.
Yalnız bundan sonra üçüncü addım atılmalıdır – iqtisadiyyatın stimullaşdırılmasına hesablanan proqramlar həyata keçirilməlidir. Professorun fikrincə, bütün bu addımlar mərhələli şəkildə atılmalıdır.
Xatırladaq ki, 26 mart tarixinə olan məlumata görə, 197 ölkədə 416 min insanda koronavirus aşkarlanıb, 14589 nəfər bu virusdan dünyasını dəyişib. İqtisadçılar bu pandemiyanın iqtisadiyyatda yaradacağı fəsadların 2008-ci il böhranından daha ağır olacağını proqnozlaşdırırlar.
AzPolitika.info

Şərhlər