“Vaşinqton inanır ki, İranlı dissidentin noyabrda Türkiyədə güllələnib öldürülməsində Tehranın göstəriş verdiyi agentlər birbaşa iştirak ediblər”. Bunu ABŞ-ın aparıcı rəsmisi “Reuters” agentliyinə deyib.
İranın keçmiş kəşfiyyat əməliyyatçısı olan Məsud Molavi Vardanyani noyabrın 14-də İstanbulda öldürülüb. O, İran rəsmilərinin yol verdiyi iddia olunan korrupsiyanı ifşa edirdi.
“İranın dissidentləri hədəfə alaraq öldürməsi tarixçəsini və Türkiyədə işlənən metodları nəzərə alaraq, Birləşmiş Ştatlar hökuməti inanır ki, Vardanyaninin qətlində İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin birbaşa əli olub”, – ABŞ administrasiyasının aparıcı rəsmisi anonimlik şərtilə agentliyə deyib.
“Reuters” ötən həftə Türkiyənin iki rəsmisinə istinadla yazırdı ki, İstanbuldakı İran konsulluğunun iki kəşfiyyat məmuru qətli təhrik edib.
ABŞ-ın Dövlət katibi Mayk Pompeo aprelin 1-də tvitində dissidentin qətlində iranlı diplomatların əli olması haqda xəbərlərdən narahatlığını bildirib. Vardanyaninin adını çəkməyən Pompeo deyib ki, bu məlumatlar iranlı diplomatların tapşırıqlarına tam uyğundur.
Pompeo hələ noyabrda deyirdi ki, Vardanyaninin qətli iranlı dissidentlərin İranın dəstəklədiyi qətl cəhdlərinə daha bir faciəvi misaldır. O, detallara varmamışdı.
Vardanyani 2018-ci ilin iyununda İstanbula qaçıb, onunla bağlı İranda istintaq başlamışdı. Türkiyə polisi ötən ay açıqladığı hesabatda Vardanyaninin “qeyri-adi profil”ə malik olduğunu, onun rejimin tənqidçisinə çevrilməzdən öncə İran Müdafiə Nazirliyinin kiber-təhlükəsizlik bölməsində çalışdığını qeyd edib.
Son illər Vaşinqtonla Tehranın münasibətləri daha da pisləşib. Prezident Donald Tramp 2018-ci ildə İranla 2015-ci il nüvə sazişindən çıxaraq sanksiyalar tətbiq etməyə başlayıb. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.


Şərhlər