Kasıbın boğazına şərik olan varlılar

Seymur Verdizadə

– Qardaş, bir az sonra özüm zəng edəcəyəm. Başım qarışıqdı, üzrlü say…

Əgər dostumun yüksək vəzifəsi olsaydı, bu sözlərindən inciyərdim. İcra hakimiyyətində əhəmiyyətsiz bir post tutduğu üçün sözümü yarımçıq kəsməyini özümə dərd eləmədim. Gözünü başçının ağzına dikən adamdır. Yəqin yenə harasa göndəriblər. Yazıq həmişə deyir ki, nökər nədi, bekar nədi…

Amma bu dəfə gümanım özünü doğrultmadı. Cəmi yarım saat sonra zəng edib, işdə olduğunu dedi: “Qəbula bir xanım gəlmişdi. Yardım istəyirdi. Yarım saat zəhləmi tökəndən sonra 50 manat alıb getdi”.

Dedim ki, cibin dolu olsun. Allah yüz əvəzini versin…

Dodağının altında mızıldandı: “Ona pul verməyimə çox peşman oldum. Pəncərədən aşağı boylananda gördüm ki, qırmızı bir “Mazda” ya minib getdi. Onun sürdüyü maşının ən azı 40 min manat qiyməti var”.

Bələdiyyə sədri işləyən bir tanışımla dünən zəngləşdik. Hal-əhval tutandan sonra belə dedi: “Başıma iş gəlib”.

Niyə dilxor olduğunu soruşanda, belə cavab verdi: “Hər gün ən azı 50 adam yardım üçün bizə müraciət edir. Əməkdaşlarımızı göndərib, ailənin vəziyyətilə yerində maraqlanırıq. Dünən bir evə gedəndə görüblər ki, həyətdə qara “Jeep” dayanıb. O maşını yerindən tərpətməyə ən azı 2 manatlıq yanacaq lazımdır. Kasıb da kömək istəyir, varlı da…”

Əməkdar artist Ədalət Şükürov üç-dörd gün əvvəl saytımıza müsahibə vermişdi. Ədalət bəyin “sosial şəbəkələr dilənçilərlə doludur” fikri ciddi qınağa tuş gəldi. Həmin gün onu söyən, aşağılayan adamların sayı-hesabı yox idi. Axırda dözməyib, açıqlama verdi: “Bir nəfər deyir ki, 10 min manat ver, oğlumu əsgərlikdən saxlatdırım”.

Müğənninin sonrakı fikri daha maraqlıydı: “Kömək üçün müraciət edən iki nəfərə min manat pul verdik. Araşdıranda məlum oldu ki, hər ikisinin maddi vəziyyəti normaldır, sadəcə, dilənçiliyi həyat tərzinə çeviriblər”.

Koronavirus minlərlə ailəni çörəksiz qoyub. Pandemiya yayılmağa başlayandan sonra çoxlu sayda iş yeri bağlanıb. Bir tikə çörəyə möhtac olan insanların sayı-hesabı yoxdur. Həm dövlət, həm də ayrı-ayrı imkanlı adamlar cəmiyyəti böhranlı vəziyyətdən çıxarmağa çalışırlar. Hər gün minlərlə ailəyə ərzaq yardımı göndərilir. Təəssüf ki, bəzən ətə, yağa, qəndə ehtiyacı olmayan adamlar da pay umur, kasıba, imkansıza çatmalı olan bağlamaları ələ keçirirlər. Yardım kampaniyasından sui-istifadə edən əclaflar var. “Mazda” sürən adamın işsizə, kasıba çatmalı olan qəndə, çaya, düyüyə göz dikməsi əclaflıq deyilmi? Siz əlsiz-ayaqsız adamların haqqını necə yeyirsiniz? Heç utanırsınızmı?!

Ataların bir sözü var: aclıq bir il gedir, töhmət min il gedir. Bu ağır vəziyyətdən sui-istifadə edən adamlar hər cür lənətə layiqdirlər…

(yenisabah.az)

635x100

Şərhlər

Ali 2020-04-15 00:48:38

Yardımlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilərək xüsusi saytda qeyd edilməlidir. Onun ayrıca bölməsində özünü tülkülüyə vurub haqqına düşməyən belə alçaq haramzadaların adını, familiyasını və şəklini ora yerləşdirmək lazımdır. Yardım etmək istəyən oranı açıb baxsın, belə əclaflara 1 qəpik də verilməsin.

Aqahüseyin Aqayev 2020-04-13 11:44:16

HÖR.Seymur müə. xaiş edirəm mənimlə əlaqə yarat 73-yaşım var cıxa bilmirəm.Xəstəxanalarla,cörəklə və diğər ərzaq məhsulları iylə əlaqədar biraz söhbətləşək. Nə yaxşı ki, vaxtında bu sahə Cən.Prezident tərəfindən bu sahə TƏBİBƏ tapşırıldı əks halda indi ölkədə ölənlərin sayı 10-minlərlə iydi.KİM İNANMIRONDA QULAQ ASSIN. Qanköcürmə inistitunda bi ilə qədər xəstələr nə qədər pulu vardı yaşayırdı qurtaran kim ölürdülər.Dərmanlar xəstələrə bir APTEK vastəsi ilə satılır ANALİZLƏR 40-90-azn arasında dəyişirdi. Diğər analizlər həkimlərə yaxın HOSPİTALA ğöndərilir və onlar da xəstədən iki bəzən üc qat artıq pul alır və həkimlə bölüsürdülər. TƏBİBİ onun rəhbərliyinə minnətdarıq dar ğündə insanların dadına catdı.Qanköcürmə inistitunun Direktorunu vaxtında içdən azad etdi və yeni Direktor təyin etdi.İndi bütün analizlər və dərmanlar pulsuz HƏKİMLƏRİN VƏ ÜMUMİ işcilərin maşı 100-faiz artıb onların əksəriyyəti ələbaxımlıq etmir.Amma icində hələ də haqislər qalmaqdadır. Onlar maniyə törədir və yeni rəhbərliyin əleyhinə naqis ŞAİƏLƏR yayır.Əlaqə 050-213-57-57.

Obyektiv 2020-04-11 03:32:41

Burda deyibler de, "Qurularin oduna yaşlar da yanir"!.."

Elli 2020-04-11 00:56:35

kasıbın payını yeyən adamlar əclafdırlar Sizinlə tam şərikəm Seymur müəllim.

Son yazılar