Menu

Gürcüstan 4 böyük şəhərə giriş-çıxışı bağlayır – Hökumət fövqəladə vəziyyətin vaxtını uzadacaq

15.04.2020, 15:19
Gürcüstan 4 böyük şəhərə giriş-çıxışı bağlayır – Hökumət fövqəladə vəziyyətin vaxtını uzadacaq

Gürcüstan hökuməti koronavirusun yayılmasını nəzarətdə saxlamaqdan ötrü dörd şəhəri təcrid etmək qərarı verib.

Baş nazir Gieorgi Qaxariya aprelin 14-də jurnalistlərə deyib ki, hökumət paytaxt Tbilisi, eləcə də Rustavi, Batumi və Kutaisi şəhərlərini 10 gün ərzində təcrid edir.

Qaxariyanın sözlərinə görə, bir gün ərzində 30 nəfərdə koronavirus aşkarlandıqdan sonra bu qərar verilib. “Aprelin 15-də axşam 9-dan bu şəhərlərə giriş-çıxış qadağan olunur”, – Gaxaria vurğulayıb.

Baş nazir onu da deyib ki, hökumət martın 21-dən bir aylığa elan olunmuş fövqəladə vəziyyəti uzatmaq təklifini irəli sürəcək.

“Prezident Salome Zurabişvilidən xahiş edəcəyik ki, parlamentə fövqəladə vəziyyəti mayın 10-dək uzatmağı təklif etsin, biz də virusun yayılmasını yavaşıtmaq üçün növbəti addımlarımızı müəyyənləşdirək”, – Qaxariya bildirib.

Parlamentin spikeri Mamuka Mdinaradze baş nazirin mətbuat konfransından sonra deyib ki, deputatlar fövqəladə rejimin mümkün uzadılmasını aprelin 21-də, ya 22-də müzakirə edəcəklər. Mdinaradze parlamentdəki hakim çoxluğun təklifi dəstəkləyəcəyini söyləyib.

Gürcüstan səhiyyə orqanlarının aprelin 15-də verdiyi məlumata görə, ölkədə 306 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol