“KÜÇƏLƏR DOLUDUR ADAMLA, HAMININ ƏLINDƏ ARAYIŞ...”- Göyçayda karantin hiss olunmur

Koronavirus pandemiyası ilə bağlı ölkə rəhbərliyi səviyyəsində görülən bütün tədbirlərə, tətbiq olunan qadağalara rəğmən, təəssüf ki, istər paytaxtda, istərsə də bir çox rayonlarımızda nəqliyyat vasitələrinin və vətəndaşların hərəkət sıxlığı müşahidə olunmaqdadır. Və bu sıxlığın yaranmasının əsas səbəblərindən biri də bəzi şirkətlərin və sahibkarların öz “Asan imza”larından istifadə etməklə, onlara aidiyyatı və yaxud faktiki əmək fəaliyyəti olmayan çoxlu sayda vətəndaşa icazə vərəqəsi verməsidir.

Təəssüf ki, özəl şirkətlər və sahibkarlarla yanaşı, bəzi dövlət qurumlarının da heç bir ehtiyac və əsaslandırma olmadan kütləvi şəkildə icazə arayışları paylaması hallarına rast gəlinir. Məsələn, Göyçaydakı mənbələrimizdən “AzPolitika.info”-ya daxil olan məlumatda rayonda koronavirus pandemiyası ilə bağlı karantinin demək olar ki, hiss olunmadığı bildirilir. Küçələrin adamlarla, yolların şəxsi nəqliyyat vasitələrilə dolu olduğu qeyd edilir. Doğrudur, rayonun giriş-çıxışlarında və daxilində bütün rayonlarda olduğu kimi postlar qurulub və yoxlamalar aparılır. Lakin xüsusilə də rayon mərkəzindəki sıxlıq və hərəkətlilik pandemiyadan əvvəlki dövrdən demək olar ki, fərqlənmir.

Bunun insan sağlamlığına, rayondakı epidemioloji duruma yaratdığı təhlükəni və narahatlığı xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Ancaq narahatlıq doğuran məqam həm də rayon mərkəzində dolaşan sakinlərin çoxunun üzərində Göyçay Rayon İcra Hakimiyyətinin verdiyi icazə arayışının olmasıdır. Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, bu arayışlar kütləvi şəkildə paylanılıb və polisin yoxladığı şəxslərin çoxu hüquq-mühafizə orqanı əməkdaşlarına sözügedən arayışı təqdim edir. Bu səbəbdən polis orqanları həmin şəxslərin hərəkətinə məhdudiyyət qoymaqda aciz qalır.

Belə görünür ki, müvafiq qurumların bu məsələni araşdırmasına ehtiyac var.

Tahir 

“AzPolitika.info”

635x100

Şərhlər

Adilə 2020-04-20 21:31:49

Göyçaylılar əyilmir heç bir xəstəliyə.

Adilə 2020-04-20 21:31:49

Göyçaylılar əyilmir heç bir xəstəliyə.

Möhübbət 2020-04-20 14:32:13

Məncə karantin qaydaları düzgün deyil. Əgər arayış işləyəndə verilibsə orada saat göstərilməlidir. Yəni bu arayış saat 7 dən 9 dək və saat 17 dən 19 dək qüvvədə olmalıdır. İşçinin iş vaxtı şəhərdə nə işi var.?

t.ədalət 2020-04-20 12:18:15

Halal olsun,yaraşıqlı Göyçaya!Evdə oturub,hərəkətsiz qalıb ürək xəstəsi olmaqdansa elə küçələri dolaşmaq yeydir.

Son yazılar