Menu

“Facebook” və “Google”-yə qarşı milyardlıq reklam davası – Avstraliya hökuməti pay tələb edir

20.04.2020, 16:04
“Facebook” və “Google”-yə qarşı milyardlıq reklam davası – Avstraliya hökuməti pay tələb edir

Avstraliya “Facebook Inc”.-i və “Alphabet Inc”.-in Google şirkətini reklam gəlirini yerli media şirkətləri ilə paylaşmağa vadar edəcək. Bunu ölkənin baş maliyyəçisi bu gün – aprelin 20-də deyib. Görünür, rəqəmsal platformalar ilk dəfə olaraq yararlandıqları kontentə görə ödəniş edəcəklər.

Yerli media şirkətləri gileylənirlər ki, texnologiya nəhəngləri onların əsas gəlir mənbəyi olan reklam bazarına sərt nəzarət edir. Maliyyə naziri Coş Freydenberg deyib ki, “Facebook” və “Alphabet” ilə bu yöndə danışıqlar nəticəsiz qalıb. “Böyük şirkətlərlə mübarizəyə girişmişik, amma bu döyüşə hazırıq”, – Freydenberg Kanberada jurnalistlərə deyib.

Hökumət ölkənin rəqabət agentliyindən xahiş edib ki, media orqanları ilə rəqəmsal platformalar arasında məcburi davranış kodeksi hazırlasın. Hökumət indiyədək məsələni könüllü əsaslarla həll etməyə çalışırdı. Kodeksin iyuladək hazırlanıb qəbul olunacağı gözlənir.

Freydenberg deyir ki, məcburi kodeks xəbər kontenti ilə bağlı datanın, reytinqin və əldə olunan gəlirin paylaşılmasını əhatələyəcək. Cərimə, mübahisələrin həlli mexanizmləri də qurulacaq.

Avstraliyanın onlayn reklam bazarı ildə 9 milyard Avstraliya dollarına (5,72 milyard dollar) bərabərdir, 2005-ci ildən bəri səkkiz dəfə artıb. Bu ölkədə onlayn reklama sərf olunan hər 100 yerli dolların üçdə bir hissəsi “Google” və “Facebook” şirkətlərinə gedir. Avstraliya dekabrda bildirib ki, bu iki şirkət yeni qaydalara razılaşmalıdırlar, bazar gücündən sui-istifadə etməməli, rəqabətə ziyan vurmamalıdırlar, yoxsa hökumət yeni nəzarət qaydalarını işə salacaq.

“Facebook” hökumətin addımından narahatlıq bildirib. “Hökumətin açıqlamasından məyus olduq, özəlliklə də onların razılaşdığı son tarixlə ayaqlaşmaq üçün çox çalışdığımız bir dönəmdə”, – şirkətdən deyiblər.

“Avstraliyada naşirlərə kontent razılaşmaları, tərəfdaşlıqlar, təlimlər vasitəsilə dəstək kimi milyonlarla dollar sərmayə ayırmışıq”, – “Facebook”-un Avstraliya və Yeni Zelandiya üzrə direktoru Vill Eston emaillə göndərdiyi bəyanatında vurğulatır. “Google” isə media davranış kodeksi planları ilə əməkdaşlığı davam etdirəcəyini sözləyib. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol