NEFTİN QİYMƏTİ 1 DOLLAR OLARSA...

Məhəmməd Talıblı

Bu gün dünya bazarında Birləşmiş Ştatların nefti olan Qərbi Texas neftinin (WTI - West Texas Intermediate) bir barelinin qiyməti əvvəlcə 1 dolara düşüb. Axşama doğru isə WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb. Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib. Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.

Qeyd edək ki, neft qiymətlərinin bu səviyyədə düşməsi gözlənilməz olsa da, iqtisadçı alim Məhəmməd Talıblı təxminən iyirmi gün qabaq yerli mətbuatda dərc olunan yazısında hətta belə bir ssenariyə hazır olmağın vacibliyini bildirmişdi. Aktual olduğunu nəzərə alaraq, həmin yazını “AzPolitika.info”nun oxucularına təqdim edirik:


Dünən brent markalı neftin qiyməti 19 dollar səviyyəsində oldu. Bu bizim milli neft şirkətinin istehsal etdiyi maya dəyərinə oxşar səviyyədir. Demək olar ki, bu qiymət koridorunda biz gəlir əldə etmədən yaşamalı olacağıq. Bu cür davam etsə, necə deyərlər elə bil əsl neftsiz özümüzü təsəvvür etməliyik.

Etibarlı mənbələrin proqnozlarına görə, neftin 1 barelinin qiymətinin 20 dollara qədər enəcəyini deyirdilər. İndiki neft qiyməti 20 il əvvəlki dövrlə müqayisə etmək olar. 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil etmişdi. 

Bu neftin qiymət dalğalanmaları ilə bizi çox da uzaq olmayan zaman kəsiyi ayırır. Ondan 10 il əvvələ getsək, yəni 2008-ci ildə neftin qiyməti 9 $ idi.

Gəlin təsəvvürü edək ki, neftin qiyməti nəinki 19 dollar, hətta 1 dollardır. Simvolik olaraq bu qiymət həddinə dözə bilən iqtisadiyyatı müvazinətli və rəqabətədözümlü iqtisadiyyat adlandıra bilərik. O qiymət həddinə özümüzü hazırlasaq, o zaman neftdən gəlirə əsas yox, əlavə gəlir mənbəyi kimi baxmalı olarıq. Bunu zamanında düşünə bilsəydik, çox möhtəşəm olardı. Neftin qiymət düşüklüyü olmadan da real siyasət yürüdən hökumət özünü belə pessimist ssenarilərə hazırlamalı idi. Biz əlimizdə olanları gördük. Gəlməyə biləcək neft pullarını heç düşünə bilmədik.

Nəinki biz, hətta neftlə zəngin ölkələrin çoxları belə bu prosesə uzun illər özlərini hazırlaya bilmədilər. İndi ona görədir ki, resurs ölkələri neft qiymətinin aşağı düşməsinə baxmayaraq hasilatı aşağı sala bilmirlər. Ritorik sual yaranır: necə olur ki, karbohidrogen ehtiyatları ilə zəngin ölkələrdə neftin 1 barelinin çıxarılma dəyəri 5-10 dollar arasında dəyişdiyi halda, maya dəyərindən 5-10 dəfədən artıq qiymətə neftin satılması həmin ölkələri qane etmir?

Çünki neft dolları ölkəyə gəlməyəndə ölkələrinin iqtisadiyyat adında maşınlarının mühərriki sanki durur. Bildiyimiz kimi hər bir ölkə üçün neftin maya dəyəri ilə uyğunsuzluq təşkil edən hədd mövcuddur. Neftin zərərsizlik həddi bütün ölkələr üçün eyni deyildir. Bir neçə il öncə, 2015-ci ildə neftin qiyməti 30 dollara qədər ucuzlaşması səbəbindən Səudiyyə Ərəbistanının iqtisadiyyatında ciddi büdcə böhranı yaranmışdı. Həmin il bu ölkədə büdcə kəsiri ÜDM-in 15 faizi keçmişdi. Bu beynəlxalq normalardan (BVF) 5 dəfə böyük sayılır.

Köpük iqtisadiyyatı və keçici hisslər

Neftin cari qiymət dəhlizi resurs ölkələrinin hökumətlərini hər gün daha çox kədərləndirir. Eyni məntiqlə 2008-ci ildə neftin qiyməti 147 $ olanda da sevinirdilər. Qiymət 20 $ olanda da yasa batmaq və təcili qənaət rejiminə keçmək bir cür ifrat haldır. Neft qiymətləri yüksələndə də beynəlxalq idman və musiqi yarışmalarına ev sahibliyi edərək milyardlarla dolları populist layihələrə xərcləmək də eyni dərəcəli ifrata varmaqdır. 

Hər iki ifrat hal qüsurludur. “Köpük” iqtisadiyyatla sadəlövh adamlar fəxr edər. Dünyadakı konyukturaya həssas olmayan iqtisadiyyat daha güclü və rəqabətədavamlı olur. Biz belə bir iqtisadiyyat qurmalıyıq!

Liberal iqtisadiyyat 1 dollarlıq neft qiymətinə zəmanəti. 

Biz dillema qarşısındayıq; ya liberal iqtisadiyyat qurub nefti unutmalıyıq, yaxud neftin 1 dollar olacağı zamanda məhkum olub liberal iqtisadiyyat qurmalıyıq. Mənim fikrimcə, yalnız liberal iqtisadiyyat 1 dollarlıq neft qiymətlərinə zəmanət verə bilər! Onsuz da aşağı neft qiyməti ölkəyə liberal iqtisadi mühit də vəd edir. Bu da indiki qaydaların dəyişməsindən keçir.

Biz indi niyə qlobal şoklardan ehtiyat edirik? Çünki onun fərqindəyik ki, bir ölkənin iqtisadiyyatı dünya təsərrüfat sisteminə birbaşa bağlı olanda orada baş verən şoklara həmin dövlətlər daha çox həssas olur. Resurs asıllığı olan ölkələr bu təsirləri strelizasiya etmək gücündə olanda qlobal trendlər onun yanından ötüb keçir. Onlardan asılı olanda isə ona tabe olur. Neft kabusundan gündə 10 dəfə ölüb dirilir. Diri ikən iqtisadiyyat qursaydıq, indi narahatlıqlarımız ciddi olmayacaqdı. Əslində ucada duran ilahi varlığın yerin altındakı sərvətlərin bizim coğrafiyada yerləşdirməsinə və onun formalaşdırdığı təsərrüfat sisteminə iqtisadiyyat adı verə bilmərik. Çünki, iqtisadiyyat əvvəldən yaradılmış yox, sonradan yaradılandır!

İqtisadiyyat hava şarı kimi deyil, lunapark tramvayı kimi enişli-yoxuşlu hərəkətdə olur. Neftlə şarı doldurmaq, onu hamar yola çıxarmır. Neftə dayalı inkişaf modeli seçib adına analoqsuz inkişaf demək heç bir yerdə ciddi qarşılanmaz. Əslində neft səneysində ölkədə əmək qabiliyyətli əhalinin 1 faizi çalışıb ÜDM-nin 45 faizinin formalaşdığı iqtisadiyyat əslində çökmüş deməkdir. Bu 1 faizin kənarında olan inkişafın mühərərriki olan insan resursu yoxdur deməkdir. Ən pisi də odur ki, iqtisadi artımın mənbəyi neft-qaz sektorunun çiçəkləri solduğu halda, iqtisadi inkişafın toxumları hələ də səpilməmişdir...

Biz əslində 1 dollarlıq neft qiymətinə belə immun sistemi tab gətirən iqtisadiyyat qurmalıyıq! Başqa yolumuz yoxdur!

02 aprel 2020,

https://www.astna.biz/ext/news/2020/4/subsc/eco-ma...

635x100

Şərhlər

Azer 2020-04-22 22:53:24

Basa duse bilmirem hokumet bele kadrlardan niye yararlanmaq istemir?

Emin 2020-04-21 09:49:06

Nefdən gələn pullar qeyri-neft sektoruna yönəlməli idi. Bizdə isə bu pullar ofşorlara, mənasız idman oyunlarına,jaralara və s. daşındı. İndi də qalmışıq taleyin hökmünün əlində.

Malik 2020-04-21 03:30:33

Qeyri neft iqtisadiyyatı indi qurmaq poçti mümkün deyil. İndiyə kimi bunu etmək lazım idi. İndiyə kimi isə neft dolları başları qatdı. Və inkan verilmədi ki kimsə başqa birisi nə isə yaratsın ya işləsin

Elli 2020-04-21 00:31:57

Peyğəmbərcəsinə yazılmış yazı, Allah bu millətə, bu dövlətə kömək olsun inşaallah.

Son yazılar