Polisin xidməti əxlaqı müqəddəs dəyərlərimizdəndir


Şəmsəddin Əliyev

“Polisə Dəsək” İB-nin sədri

“Nə deyirlərsə - desinlər, nə ad qoyurlarsa-qoysunlar

bəşəriyyətin qüsuru iman zəifliyindəndir. İmansızlıq

onun sağalmaz yarasıdır.İman sahibi olun!

Mehmet Akar

Karantin rejiminin uzadılması gözlənilirdi. Tarixən, yanılmıramsa XIV əsrdə İngiltərədə başlayan taun, vəba və xora epidemiyalarına görə Venetsiyada karantin rejimi elan olunmuşdu. Epidemiyaya qarşı məhdudlaşdırıcı kompleks tədbirlərin həyata keçirilməsi və yoluxma ocağından tam təcrid olunma 40 günə hesablanırdı. Karantin İtalyan mənşəli sözdür, mənası “quaranta giorni”- qırx günə hesablanan “qara ölüm” mənasını daşıyırdı. (Dünyasını dəyişənlər yandırıldığına görə belə adlanırdı). 40 gün Venetsiya limanına daxil olan gəmilər müəyyən məsafədə lövbərini atıb yüklərin bu vaxt ərzində boşaldılması və ya yüklənməsi üçün kifayət edirdi. Adətən taun və digər ağır epidemiyaların inkubasiya dövrü ilə lokallaşdığı vaxt 40 gün davam edirdi.

Bu, İlahi kəlamlarda da iqtibas olaraq ehtiva edilib:“Onda taun, xora var. Təmizlənməlidir!... Ona toxunmayın, kənarda qalsın...”

XVII əsrdə isə bu xəstəliklər dünyanı, daha çox Avropanı cənginə almışdı. (Bu gün olduğu kimi. Tarix hamıya görk olsun-deyə təkrar olunur. Hələ bu harasıdır! Qisas qiyamətə qalmaz!) Ağlasığmaz ərzaq qıtlığı, aclıq baş vermişdi... Ölkəyə taxıl məhsulları daxil olmurdu... Karantin qaydalarına riayət etməyənlərlə də sərt davranılırdı. Maarifləndirmə, xəbərdarlıqlar vəziyyəti dəyişə bilmirdi. Sərt cəzaların tətbiqinə zərurət yaranmışdı. Məsələn, Cenevrədə karantin qaydalarını pozanlar yandırılırdı və yaxud, şəhərdən çıxmaq hüququ məhdudlaşdırılırdı.

Həmin dövrlərdə də karantin rejimində vəzifənin məsuliyyət ağırlığı daha çox həkimlərin və əhalinin təhlükəsizliyinə cavabdehlik daşıyan polislərin çiyninə düşürdü.Belə bir vaxtda hökumət karantin rejimi ərzində cinayətkarlara sərt cəza tədbirlərinin görülməsinə icazə verdi...

XXI əsrdə Hindistanda qaydanı pozanlara qarşı istifadə edilən sərt kötək buna canlı sübutdur. Cəzanın fobyası olmasa, hörməti də olmaz!

Azərbaycan polisi və həkimlər, cəfakeş şəfqət bacıları 20 gündən çox vaxt ərzində xidmətini ekstremal şəraitdə həyata keçirir. Demək olar ki, fövqaladə bir həyat yaşayırıq. Polislərimiz, həkimlərimiz vəzifələrinin mahiyyətini, məsuliyyətini anlayırlar. Anlayırlar ki, bu gün üçün həyati vacib bir vəzifənin icrasından bir addım kənara çəkilsələr, nəticəsi artan faciələrlə davam edəcək. Şərəfli peşə sahiblərinə verilən təlimatlar lakonikdir, başa düşülən və vətənə sədaqətin, xalqa hörmətin, içilən anda sədaqətin nümayiş etdirilməsidir. Cinayətkarlıqla mübarizədə, əsas və spesifik fəaliyyət istiqamətlərindən müvəqqəti kənara çəkilən polislərin nəzarəti altına aldıqları ərazinin boşluğundan istifadə edən dar təfəkkür sahibləri, əvvəllər məhkum olunmuşlar bu həyacanlı günlərdə cılız hisslərini həyata keçirməkdən həya etmirlər. Bəzi ərazilərin polisin gücü ilə qapanmadığını zənn edən seyrək düşüncəyə malik ünsürlər cəmiyyətə zidd əməllərini törətməkdən usanmazmışlar. Bu sahəyə bələd olan bir QHT rəhbəri kimi bəyan edirəm ki, Daxili İşlər Orqanlarının kollegiyasına sədrlik edən çox hörmətli nazir Vilayət müəllim başda olmaqla, kollegiyanın və hökumətin qərarının icrasını təmin etmək istiqamətində qüvvələr səfərbər olunub. Mobil polis qruplarının mərkəzləşmiş qaydada idarə olunması gözəgörünməz “düşmənə” meydan oxumaqdır. Bu güc, fəxri cahan Peğəmbərimizin “Vətəni sevmək imandandır” məşhur kəlamı ilə bağlıdır...

Bu gün pandemiyanın dünyaya vurduğu (mənəvi və yaxud maddi, vandalizmlə yadda qalan zərərlərdən) ziyan II Dünya Müharibəsi dövründə alman faşistlərinin vurduğu ziyanından və yaxud Azərbaycana Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə olan genosiddən ağır deyil. Fərq birində düşmən bəlli, lakin hiyləgər, ikincidə isə düşmən aşkar olmasa da niyyəti bəllidir. Qurtulmaq və qorunmaq üçün tövsiyyələr səmərə verməyəndə, sərt tələblər gözübağlı “Ədalət İlahəsi”nə xas tərzdə icraya yönəlməlidir. İndiki halda cəzanın sərtləşməsinə ehtiyac var. Bu represiya xarakteri daşımamalıdır.

Riayət etsək qoruna bilərik. Biz, qaydalara və polisin qanuni tələblərinə tabe olmaq əvəzinə cılız hisslərimizin yedəyində gedir, ona baş əyməklə sonradan o xəstəliyin cilovuna düşürük. Haşiyə çıxıram:

İbrətamiz bir hikmətli hekayət yadıma düşdü: “Böyük islam tarixi” əsərinin müəllifi Abdullah Zapsu bir zabit yoldaşından eşitdiyini nəql edir. Zabit, I Dünya müharibəsində Bitlis yaxınlığındakı döyüşlərdə ruslara əsir düşən türklərdən olub. Sibirin əsir düşərgələrində bir islam alimi də olub.

Rus ordusunun komandanı Nikolay Nikolayeviç əsirləri təftiş etməyə başlayanda hamı qalxsa da, həmin alim oturduğu yerdən qalxmır. Komandan bir bəhanə ilə təkrar İslam aliminin qabağından keçəndə o, yenə qalxmır. Üçüncü dəfə alimin qarşısında dayanıb tərcüməçi vasitəsilə sual edir:

-Məni tanımadın?

-Tanıdım, çarın qohumu Nikolay Nikolayeviç, Qafqaz cəbhəsinin baş komandanısız.

-Bəs nəyə görə qalxmadın, məni təhqir etdin?

- Xeyir. Sadəcə müqəddəs dəyərlərimizin əmrinə tabe oldum.

-O hansı dəyərlərdir ki, sən ona tabe oldun, amma əsir olduğun düşərgədə mənə tabe olmadın.

-Mən müsəlmanam, qəlbimdə iman var. İmanlı bir şəxs imansızdan üstündür. İmansızın qarşısında qalxsaydım, müqəddəs sayılan dəyərlərimə hörmətsizlik etmiş olardım. Ona görə də qalxmadım.

- O halda məni imansız adlandırmaqla, hərəkətinlə şəxsiyyətimi, ordumu və çarı təhqir etmiş olursan.

Hərbi məhkəmə qurulur. Ətrafındakı türk, alman və avstriya zabitləri israrla “üzr istə” desələr də ,“Mən imanımın əksinə hərəkət edə bilmərəm”-deyə üzr istəməkdən vaz keçir.

Məhkəmə “güllələnərək edam olunsun” qərarını verir. İslam alimi sonda dəstəmaz almaq və iki rükət namaz üçün 15 dəqiqə vaxt istəyir. Alimin vəsatəti təmin edilir... Amma qəribə bir hal yaşanır.

Baş komandan Nikolay Nikolayeviç dərk edir ki, İslam aliminin hərəkətində onu aşağılayacaq heç nə yoxdur. Alim imanına və dininə bağlılığına görə belə davranmışdır –deyə onu əfv etməyi tapşırır...

Azərbaycan polisinin karantin rejimindəki xidməti əxlaqı yüksək dəyərləndirilir, imanla həyata keçirilir. Həm təhlükəsizlik təmin edilir, həm də “Operativ Qərargahın” tələblərini icra etmək missiyası məsuliyyətlə yerinə yetirilir. Vətəndaşlarla nəzakətli davranılır, hərbi intizamla müşayət edilən xidmət zamanı səhlənkarlıq halları yoxdur. Polisin vəzifəsini icra edərkən peşəkarlıq dəyərləri, 100 il ərzində qazanılan təcrübəsi, cinayətkarlıqla mübarizə ənənəsi mənəvi dəyərlər qədər əhəmiyyət kəsb etdiyindən kiminsə qarşısında “Ayağa qalxmaq”, kiminsə zahiri görünüşünə görə “bağışlamaq” hüququ qapanıb.

Polisin etik davranış qaydaları, Polis və Əməliyyat-Axtarış fəaliyyəti haqqında qanunların tələbləri, insan hüquq və azadlıqlarının hamılıqla tanınmış normaları və prinsipləri ona mənəvi dəyərlər qədər müqəddəsdir. O, bu dəyərlərdən kənar fəaliyyətini qura bilməz. Amma, hamı üçün ağır olan belə bir vəziyyətdən sui-istifadə etmək istəyənlər də az deyilmiş. Belələrinə nə ad vermək olar?

Saxta icazələr, avtomobilin baqajında gizlənib ləyaqətini alçaltmaqla davam edən faktları eşitdikcə təəssüf hissi keçirməmək olmur. Qaydanı pozan belə dərdsiz və məfkurəsiz həmvətənlərimiz müqəddəs dəyərlərimizə və imanımıza sayğısızlıq göstərənlərdir. Axı, milli dəyərlərimizə hörmət etmək və vətəni sevmək imandandır, imansızlıq isə “medalın” başqa tərəfidir, polisin və həkimlərin fədakarlıqlarına seyrçi mövqedə durmaqdır.

Sayğılı oxucular! İnsan həyatı çox şeyi diqtə edir. Bircə adamın əlindən tutub, ona yol göstərmək, bir adamın kədərinə, ağır gününə vəsilə olmaqdan gözəl nə ola bilər?!. İndiki halda insan-insanın həyata qovuşmasına gücü və imkanı yetdiyi qədər dəstək olsa, milyon sərvətə dəyər. Bu xeyirxahlıq Allah yolunda sədəqəyə bərabərdir. Polislərimiz və həkimlərimiz bu İlahi mükafatın sahibləridir. Bu gün hər birimizin əlində bacarığına uyğun xeyirxahlıq məşəli olmalıdır!

Tanrı milllətimizi qorusun, əmniyyətimizi narahat günlərin hesabına təmin edən Azərbaycan polisinə, min bir əziyyətlə sağlamlığımızın keşiyində duran həkim personalına Uca Rəbbimiz dayaq olsun! Tezliklə bu bəla sovuşub getsin!

635x100

Şərhlər

t.ədalət 2020-04-21 16:49:11

Şəmsəddin müəllim,heyf ki buna Salyon rayon polis şöbəsinin əməkdaşı kölgə saldı

Son yazılar