DÖVLƏTDƏN BÖYÜK GÜZƏŞT

 Elman Babayev

Növbəti dəstək mexanizmi vergi ödəyicilərinin yükünü kəskin azaldacaq

Koronavirus pandemiyası ilə mübarizə bir gerçəyi üzə çıxardı - Azərbaycan öz imkanları, gücü hesabına ayaq üstə duraraq bu kimi çətin sınaqlarla mübarizə aparmaq əzmindədir. Müstəqilliyinin yaşı 30-a çatan Azərbaycan düşdüyü müharibə şəraitində çoxsaylı problemlərlə üzləşməsinə rəğmən güclü və çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına malik modern dövlətə çevrilə bilib.

Pandemiya ilə yanaşı, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi də müşahidə olunmaqdadır və üzləşdiyimiz mövcud vəziyyət fonunda ölkəmizdə həyata keçirilən və davam etdirilən iqtisadi siyasətin nə qədər doğru olduğu bir daha təsdiqini tapmaqdadır. Əgər belə bir durumda Azərbaycanda ümumi makroiqtisadi sabitlik qorunub saxlanılıbsa, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədədirsə, əhalinin sosial rifahına yönələn addımlar davam etdirilir və əhatə dairəsi genişləndirilirsə, bunun təməlində Azərbaycan hakimiyyətinin gerçəkləşdirdiyi düşünülmüş iqtisadi siyasət dayanır.

Pandemiya ilə mübarizədə əhali, onun ayrı-ayrı təbəqələri müdafiəsiz buraxılmayıb. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi üçün addımlar atılmaqdadır. Həyata keçirilən çevik tədbirlər nəticəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) dəstək tədbirləri həyata keçirilib. 

Vəd olunan digər dəstək tədbirləri sırasında vergi güzəştlərinin ediləcəyi, tətillərin veriləcəcyi ilə bağlı bəyanatlar var idi. Artıq bununla bağlı geniş və əhatəli təkliflər paketi hazırlanıb. İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklər aidiyyəti qurumlarla müzakirə edildikdən və hökumətdə bir daha baxıldıqdan sonra Milli Məclisə təqdim olunub.

Bir neçə istiqamət üzrə güzəştləri hədəfləyən təkliflər paketində aşağıdakılar öz əksini tapıb:

-pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi,

-mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi,

-bütün sahibkarlıq subyektlərinə şamil ediləcək və 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə edəcək vergi güzəştləri.

Qeyd ounan istiqamətlər üzrə konkret hansı vergi güzəştləri və tətillər nəzərdə tutulur?

Vergi qanunvericiliyi çərçivəsində təklif olunan dəyişikliklər sırasında koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma yer alıb.

Belə fəaliyyət sahələrinə yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxanatipli digər obyektlərin fəaliyyəti, turoperator və turagent fəaliyyəti, ictimai iaşə fəaliyyəti, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti, sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, o cümlədən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri daxildir.

Digər təklif müxtəlif vergi rejimlərində çalışan vergi ödəyiciləri üçün vergi güzəştlərini ehtiva edir. Belə ki, koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi təklif edilir.

Təklif olunub ki, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilsin.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri üzrə isə sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

Sahə üzrə vergi dərəcəsi və məbləği       Hazırda Təklif edilir
İctimai iaşə sektoru               8 faiz 4 faiz
Sərnişindaşıma (taksi istisna) - hər oturacağa görə*               1,8 AZN 0,9 AZN
Sərnişindaşıma (taksi) - hər nəqliyyat vasitəsi üçün*               9 AZN 4,5 AZN

* Fəaliyyət ərazisindən asılı olaraq əmsallar tətbiq edilir.

Koronavirus pandemiyasının təsir etdiyi sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri üçün güzəştlər bununla bitmir. Təkliflərə istinad etsək, pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. 

Bu güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını ehtiva edir:

-fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi;

-1 il müddətinə cari vergi ödəmələrindəncari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması;

-mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərininödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

-ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması;

-ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması.

Təkilflər sırasında yer alan digər mühüm məqam koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsidir. Mikrosahibkarlar üçün aşağıdakılar nəzərdə tutulur.:

-Sadələşdirilmiş vergi üzrə50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);

-2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi;

-Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.

Təkliflər gerçəkləşərsə, bütün sahibkarlar bu güzəştlərdən faydalanmış olacaq. Bütün sahibkarları əhatə edəcək təkliflər sırasında pandemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi yer alıb.

İdxal sahəsində də vergi güzəştlərinin tətbiqi təklif olunur. Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksessuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur.

Təkliflərin əsas istiqmətlərindən biri də sosial sığorta qanunvericiliyi çərçivəsində gözlənilən dəyişikliklərdir.

Belə ki, pandemiyanın mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması, konkretləşdirsək, məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin endirilməsi təklif edilir.

Prezidentin gerçəkləşdirdiyi sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyənləşib və bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə id olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib.

Məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarındaolmaqla hesablanması və regionlar üzrə differensial faiz əmsallarının tətbiq edilməsi;

Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə differensial faiz əmsallarının tətbiqi.

Bu dəyişikliklərin daha aydın olması üçün bir neçə misal göstərmək mümkündür.

Məsələn, Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.

Digər bir misal: Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40 faiz azalma deməkdir.

Sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü də azaldılacaq. Belə ki, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə differensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilib.

Misal üçün, Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92.5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5 faiz azalma deməkdir.

Bundan başqa, məsələn Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80.5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5 faiz azalma deməkdir.

Kənd təsərrüfatında çalışanların da sosial yükü azaldılacaq.

Məlum olduğu kimi,mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur:

5 hektaradək olduqda - 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;

10 hektardan yuxarı - 10 faiz miqdarında.

Məsələn, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.

Habelə torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.

Təkiliflər sırasında vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılması da nəzərə alınıb.Layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla 10 faizi miqdarında müəyyən edilməsi nəzərdə tutulur.

Göründüyü kimi, Prezident İlham Əliyevin tapşırıqları əsasında reallaşdırılacaq növbəti islahat tədbirləri nəticəsində vətəndaşlar məcburi ödənişlərdən, təxminən 2 dəfə həcmində azad olunacaqlar.

Yəni, vətəndaşlar vergi və sosial sığorta şəklində ödəməyəcəkləri vəsait hesabına cari tələbatları üçün daha artıq vəsait sərf edəcək, hüquqi şəxslər az ödənilən vergi və sosial sığorta vəsaitlərini öz fəaliyyətlərinin davam olunmasına sərf edəcəkdir.

Eyni zamanda, məcburi ödənişlər şəklində ödənilən məbləğin 2 dəfə həcmində azaldılması dövlət büdcəsinə daxil olan və səhiyyəyə, təhlükəsizliyə və digər ictimai məqsədlərə sərf olunan vəsaitin azalmasına səbəb olsa da, dövlət həmin xərcləri də qarşılamaqla Azərbaycan vətəndaşının sosial müdafiəsinin qorunması və gücləndirilməsi üçün bütün zəruri addımları atacaqdır. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar