“Daxili İşlər Nazirliyinin (DİN) "xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilər" tələbinin hüquqi əsası yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Hafiz Həsənov bildirib.
Onun sözlərinə görə, belə bir məhdudiyyət "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" AR Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli qərarında nəzərdə tutlmayıb.
Hüquqşünas həmçinin vurğulayıb ki, qanunvericiliklə DİN-in Konstitusiya və qanunlarla müəyyən edilən hüquqları məhdudlaşdırmaq hüququ yoxdur.
Xatırladaq ki, DİN-nin sözügedən açıqlamasında əlavə olaraq bildirilir ki, son günlər bu kateqoriyadan olan bəzi şəxslərin zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.
Bu cür halların yolverilməzliyi baxımından həmin şəxslərdən qeyri-iş günlərində müvafiq icazələrdən sui-istifadə etməmək, yalnız ciddi zərurətlə əlaqədar yaşayış ünvanını tərk etmək tələb olunur.
Nazirlik müvafiq icazə ilə evdən çıxan hər bir şəxsə mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamağı tövsiyə edir.


Şərhlər