Rusiya Mərkəzi Bankı əsas uçot faizini 0,5 dərəcə azaldaraq illik 5,5 faizə endirib. “AzPolitika.info” RBK agentliyinə istinadən xəbər verir ki, son dəfə uçot faizi 2014-cü ildə bu səviyyədə olub.
Bank bununla da koronavirus pandemiyası ilə bağlı yaranmış iqtisadi böhran şəraitində kredit verilməsini asanlaşdırmağa çalışıb. Mərkəzi Bank direktorlarışurasının martın 20-də keçirilən son yığıncağında stavka 6 faiz həddində saxlanmışdı. Lakin aprelin 25-də keçirilən iclasda faiz dərəcəsinin endirilməsinin bundan sonra da davam etdirilə biləcəyi qeyd olunub.
Mərkəzi Bankın bəyanatında deyilir ki, Rusiyada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər, habelə neftə qlobal tələbatın azalması və neft qiymətlərinin kəskin düşməsi ölkədəki iqtisadi fəaliyyətə neqativ təsir göstərir.
Rusiya Bankının yenilənmiş baza ssenarisinə görəÜDM 2020-ci ildə 4-6 faiz düşə bilər. Lakin bu da qeyd olunur ki, sonrakı iki ildə Rusiya iqtisadiyyatının artımı bərpa olunacaq.
Rusiya Bankının əsas proqnozunda “Urals” markalı neftin bir barrelinin qiyməti 27 ABŞ dolları olaraq müəyyənləşdirilib. Bu proqnoza görə 2021 və 2022-ci illərdə neftin qiyməti 35 və 45 dollara yüksəlməlidir.
“Reuters” agentliyi bildirir ki, Rusiya Mərkəzi Bankının əsas stavkanı azaltmasıəksər təhlilçilərin proqnozlarına uyğundur. Əsas uçot faizi dərəcəsi Rusiya Bankının kommersiya banklarına rublla kreditləri hansı faizdən buraxacağını müəyyənləşdirir. Stavkanın salınması bankların biznes və əhaliyə rubl kreditlərini daha aşağı faizlə verməsinə imkan yaradır.


Şərhlər