Menu

“Nə iş yerim, nə pay torpağım, nə də maşınım var...” - Qusar sakini Sahil Babayevdən ədalət tələb edir

30.04.2020, 13:05
“Nə iş yerim, nə pay torpağım, nə də maşınım var...” - Qusar sakini Sahil Babayevdən ədalət tələb edir

Qusar şəhəri, Z.Bağışov küçəsi, ev 59 ünvanda yaşayan Mirzəyev Eduard Tacəddin oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanladığı şikayət məktubunun “AzPolitika.info”-da dərc olunmasını xahiş edib.

E.Mirzəyev məktubunda heç yerdə işləməməsi, pay torpağı, maşını və s. olmamasına baxmayaraq, ƏƏSMN-in ədalətsiz şəkildə onu 190 manatlıq birdəfəlik yardımdan və ümumiyyətlə gələcəkdə dövlətdən hər hansı müavinət almaqdan məhrum etdiyini bildirir: “Cənab nazir! Mən evliyəm, həyat yoldaşım Rusiya vətəndaşıdır və miqrasiya orqanında Qusarda qeydiyyatdadar. Məktəbə gedən 2 azyaşlı uşağım var, ali savadlıyam, hal-hazırda iş tapa bilmədiyimdən heç bir yerdə işləmirəm. Əmək müqaviləsi olmadan günəmuzd işlərlə məşğul olurdum, hazırkı şəraitdə isə bunu etmək mümkün deyil. Dövlətdən də heç vaxt nə yardım, nə də müavinət almamışam, həm də mənim nə pay torpağım, nə də maşınım yoxdur. Pandemiya dövründə, yəni aprel-may aylarında 190 manat birdəfəlik yardım almaq üçün mən 15.04.20 il tarixdə ƏƏSMN-in E-SOSİAL.AZ portalında işsiz kimi qeydiyyata durmuşam.

28 aprel 2020-ci il tarixdə saat 03:12:05-də E-SOSİAL.AZ portalından mənim mobil telefonuma imtina mesajı gəlmiş və imtinanın səbəbi belə izah edilmişdir: “Mirzəyev Eduard Tacəddin oğlu, aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün (ərinizin (arvadınızın) istifadəsində iki və daha çox nəqliyyat vasitəsi aşkarlandığı üçün), Sizə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir.””

Şikayətçi qeyd edir ki, ona aid şəxsi avtomobil olmadığı halda, sistemə qeyri-obyektiv məlumat daxil edilib və bu səbəbdən müavinətdən məhrum olunub: “Bununla əlaqədar olaraq nəzərinizə çatdırıram ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları mənim sosial durumumun aztəminatlılıq meyarına uyğunluğunu yoxlayarkən “aşkarladığı”və birdəfəlik ödəmənin imtinasına səbəb olmuş nəqliyyat vasitələrindən biri Qusar şəhərində yaşayan qardaşıma, digəri isə Bakı şəhərində yaşayan qardaşımın gəlininə məxsus olan nəqliyyat vasitələridir ki, sahibləri tərəfindən notarial qaydada verdiyi etibarnamələrə əsasən zərurət yarandığı halda tərəfimdən idarə olunmuşdur, yəni hər iki etibarnamə üzrə mənə verilmiş səlahiyyətlər nəqliyyat vasitəsinin idarə edilməsi (sürməsi) ilə məhdudlaşır və hüquqi cəhətdən bu etibarnamələrin mahiyyətini anlamaq üçün heç kimə xüsusi bilik də tələb olunmur. Bu səbəbdən də hesab edirəm ki, ƏƏSMN-in əməkdaşları E-SOSİAL.AZ portalının məlumat bazasına sosial durumum barədə düşünülmüş şəkildə qeyrı-öbyektiv məlumatlar daxil etməklə məni nəinki 190 manat birdəfəlik ödəmədən, hətta gələcəkdə də dövlətdən hər-hansı bir yardım almaq hüququmdan da məhrum etmiş olur.”

E.Mirzəyev sonda Sahil Babayevdən hüququnun bərpa olunmasını xahiş edir: “Cənab nazir, mən ƏƏSMN-in “qaynar xətt”inə düşə bilmədiyimə görə media vasitəsilə sizə müraciət edib mənim sosial durumumla bağlı E-SOSİAL.AZ portalına həqiqi məlumatları daxil etməklə bu ədalətsizliyə son qoyulmasını və mənə işsiz vətəndaş kimi yardım etməyinizi xahiş edirəm.”

Tahir

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol