Menu

“Göyçayın icra başçısının şəhid anasına qoyduğu hörmət...” - Şəhid ailəsini “yola verməklə” məşğuldurlar

04.05.2020, 16:26
“Göyçayın icra başçısının şəhid anasına qoyduğu hörmət...” - Şəhid ailəsini “yola verməklə” məşğuldurlar

Göyçay şəhəri H. Zərdabi küçəsi ev 34-də yaşayan şəhid anası Feyziyeva Şərqiyə İsrayıl qızı tərəfindən “AzPolitika.info”-ya göndərilən və ölkə başçısına müraciətin yer aldığı məktubda rayonun icra başçısından şikayət edilir.

Ş.Feyziyeva məktubunda qeyd edir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, Göyçayın icra başçısı şəhid ailəsinin ağır durumuna biganə münasibət göstərir: “Övladım Feyziyev Məzahir Məmmədkərim oğlu 12 oktyabr 1992-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Qızım Məmmədova Şəfəq Məmmədkərim qızı ailə həyatı qurub, lakin həyat yoldaşı dünyasını dəyişib. Himayəsində 3 azyaşlı uşağı var.

Qızım Şəfəq Göyçay rayon İcra Hakimiyyəti binasının yaxınlığında “komkoz” evlərində yaşayır. Onun maddi durumu çox ağırdır. Bundan da betəri isəəlil övladları ilə birgə yaşadığı evin qəzalı halda olmasıdır. Belə ki, bütün il boyu evin içərisi rütubətli qalır. Evdə olan saysız dəliklər səbəbindən ilan və zərərli həşəratlar içəri daxil olur. Qızım və övladları orada qorxa-qorxa yaşayırlar.”

Şikayətçi qeyd edir ki, ötən il icra başçısı Mehdi Səlimzadənin qəbulunda olub və başçı ona rayon Mənzil İstimarı Idarəsi tərəfindən təmirlə bağlı kömək ediləcəyinə söz verib. Lkain sonradan bunun yalançı vədlər olduğu üzə çıxıb: “2019-cu ildə Göyçay rayon İcra başçısı Mehdi Səlimzadənin qəbulunda olub qızımın evinin təmir olunmasının təmin edilməsini ondan xahiş etdim. O, elə mənim yanımda rayon Mənzil İstimarı Idarəsinə zəng edib tapşırıq verdi. Sonra mənə dedi ki, get Göyçay Mənzil İstismarı İdarəsinin müdiri Ayaz Səfərəliyevin yanına, sənə nə köməklik lazımdırsa edəcək. Ayaz Səfərəliyevin qəbulunda olduqda məni şirin dillə və yalan vədlərlə “yola verdi”.

Bundan sonra mən müxtəlif vaxtlarda 4 dəfə Ayaz Səfərəliyevin qəbulunda oldum.
Hətta Ayaz Səfərəliyev və işçiləri bir neçə dəfə qızımın evinə baxmağa gəldilər.
Ayaz Səfərəliyev 2020-ci ilin yanvar ayında mənə qızımın evini təmir edəcəklərini dedi. Mən icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin aldatdıqlarını biləndən sonra öz pulumla qızımın evini ordan-burdan, yarımçıq olsa da təmir etdirdim. Hansı ki, həmin pulu müalicəm üçün pensiyamdan qəpik-qəpik yığmışdım.”

Şəhid anası sonda ölkə başçısından ailənin probleminin həll edilməsinə kömək göstərməsini və belə məmurların cəzalandırılmasını xahiş edir: “Hörmətli Prezident! Bildirmək istəyirəm ki, icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin şəhid anasına qoyduğu hörmət bundan ibarətdir. Ümüd edirəm ki, mətbuat vasitəsilə Sizə ünvanladığım bu müraciətim cavabsız qalmayacaq. Hər dəfə bu məsələ ilə bağlı sizə ünvanladığım ərizələrim icra olunması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilsə də, onlara başdansovdu cavab məktubları göndərməklə işlərini bitmiş hesab ediblər.

İndi isə ümüd edirəm ki, şəhid anası olaraq, mənə qarşı bu saymazlığı və hörmətsizliyi edənlərin - icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin layiqli cəzasını verəcəksiniz. Ümüd edirəm ki, 3 azyaşlı yetim və xəstə uşaqlar böyüdən qızımın qəzalı evinin tezliklə təmir olunması üçün tapşırıq verəcəksiniz.”

Tahir

AzPolitika.info


Şərhlər

Adgözəl 2020-05-04 21:05:35

Eyni hallar Göyçay İcra hakimiyyətində də mövcuddur.Bunlar bir mənbədən dərs alıblar.Ona görə İH sistemi ləğv edilməlidir.Onlarda nüfuz qalmayıb.Hamı bezib.m

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol