Ötən gün “AzPolitika.info”-da dərc edilən “Gənc deputatın “yıxılan başçı” təəssübkeşliyi – “Sən nə deyirsən, kimə nə dərsi keçirsən?!” başlıqlı yazıda 66 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmovun Biləsuvar rayonunun həbs olunmuş icra başçısı Mahir Quliyevlə bağlı söylədiyi, mətbuatda dərc olunan və deputat tərəfindən rəsmən təkzib edilməyən fikirlərindən istifadə olunub. Lakin deputat bu gün yayımladığı müraciətdə onun fikirlərinin təhrif olunduğunu iddia edib.
“AzPolitika.info” olaraq, bir daha yazıda gətirilən sitatların deputatın adından mətbuatda dərc olunduğunu vurğulayırıq və tərəfimizdən heç bir təhrifə yol verilmədiyini bildiririk. Bununla yanaşı, media etikasından çıxış edərək, Bəhruz Məhərrəmovun bu yazı ilə bağlı müraciətini olduğu kimi dərc edirik: “”AzPolitika.info” saytında adımdan gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirirəm ki, qeyd olunan saytda Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrim təhrif olunmuş və həqiqətə uyğun olmayan şəkildə təqdim edilmişdir, qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir. Belə ki, mən ixtisasca hüquqşünas olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcəkdir.
Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə ona göstərilən etimadı doğrultmamış, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törətmiş və törədilməsinə şərait yaratmışdır. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olmuş və bu barədə əsaslı müraciətlər etmişdir. Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzibolunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilmişdir. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar.”
“AzPolitika”


Şərhlər
Hazirliqsiz Sexslerin deutat siyahisine yaziaraq Yap siyahisi uzre milli meclisde oturdulmasi nin bele netice vermesi labuddur.
Ay adını hüquqşünas qoyan, "Hüquqi dövlət"də qanunun aliliyi altında yaşayırlar.
bu duptatı millət seçib ki