Menu

“Freedom House” illik hesabatını dərc edib - Bakıdan cavab

08.05.2020, 11:48
“Freedom House” illik hesabatını dərc edib - Bakıdan cavab

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib. “Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətləri” adlı hesabat 29 ölkəni əhatə edir. Bunlardan 10-u demokratik, 10-u hibrid, 9-u avtoritar ölkələrə aid edilib. Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya aid edilib. Mərkəzi qərargahı ABŞ-da olan qurum Azərbaycanı siyahıda “avtoritar ölkələr” sırasına yazıb. Bu qrupda Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan da var.

Ermənistan və Gürcüstan isə 3 və 3,25 balla hibrid rejimi olan ölkələr sırasına düşüb.

Azərbaycan tərəfi “Freedom House”un hesabatını rədd edir. Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Freedom House” təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır: " Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var. Onun İdarə Heyətində bir neçə nəfər ermənilər də var. ABŞ-dakı erməni lobbisi ilə bu qurum arasında sıx əlaqələr mövcuddur. Erməni lobbisi oraya erməniləri və ermənilərə bağlı olan adamları yerləşdirib. “Freedom House” təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir.

Aydın Hüseynov: "Azərbaycanda iş yerlərinin çox olmasına görə ...

Ona görə də Azərbaycan dövləti nə qədər demokratik islahatlar, sosial, iqtisadi islahatlar keçirsə belə, bu qərəzli təşkilat islahatları görməməzlikdən gəlir. Onlara milli maraqları şəxsi maraqlarına qurban verən bəzi azərbaycanlı “hüquq müdafiəçiləri”, siyasətçilər tərəfindən saxta məlumatlar da ötürülür. Bu məlumatlarda hər şey qara rəngdə göstərilir. Bu təşkilatın adı “Azadlıq evi” olsa da mahiyyəti “ermənilərin evi”dir əslində. Ermənistanı həmişə Azərbaycandan xeyli öndə göstərmələri də bundan qaynaqlanır. Ermənistanda hərbi xunta rejimi insanları, seçki saxtakarlığına etiraz edən əhalini küçədə güllə-boran edəndə belə, “Freedom house” öz hesabatında Ermənistanı avtoritar qəddar rejimli ölkələr sırasına daxil etməyib. İşğalçı, eyni zamanda öz vətəndaşlarına qarşı qəddarlıqlar törədən Ermənistanın Azərbaycandan üstün mövqedə göstərilməsi gülünc olmaqla yanaşı, bu təşkilatın mahiyyətini açıb ortaya qoyur".

Şərhlər

t.ədalət 2020-05-08 12:03:54

Beynəlxalq təşkilatlar Azərbaycanın rədd cavabına əhəmiyyət vermirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol