Menu

Nəhəng neft treyderinin ofisi polis tərəfindən basıldı

09.05.2020, 23:47
Nəhəng neft treyderinin ofisi polis tərəfindən basıldı

ZenRock-a qarşı məhkəmə iddiasında Azərbaycan neftinin də adı keçir

Mayın 8-də Sinqapurun hüquq-mühafizə orqanları dünyanın ən böyük neft treyderlərindən biri olan “ZenRock Commodities Trading Pte Ltd.” şirkətinin ofisinə basqın edib. Bloomberg agentliyinin yazdığına görə, bu, HSBC Holdings Plc bankının şirkətin bir sıra “fırıldaq”əməliyyatlarda iştirak etməsinə dair müraciəti əsasında baş verib.

Basqın əfsanəvi yanacaq ticarətçisi “Hin Leong Trading Ltd”nin iflasından bir neçə həftə sonra reallaşdı. Onun təsisçisi şirkətin milyonlarla itkini gizlətdiyini və kreditlər üçün girov qoyduğu bəzi neft ehtiyatlarını gizli şəkildə satdığını açıqlamışdı. Mayın 8-də reallaşdırılan polis basqını dünyanın ən böyük neft ticarəti mərkəzlərindən biri olan Sinqapurda ciddi səs-küyə səbəb olub. Bu iki hadisə bankların xammal ticarətində qeyri-şəffaf əməliyyatları maliyyələşdirmələrinə dair şübhələri daha da artırıb.

Qeyd edək ki, ZenRock ofisinə basqın NSBC bankının iddiası əsasında Sinqapur Ali Məhkəməsində treyderin idarəçiliyinin məhkəməyə verilməsi barədə qərar çıxarılmasından sonra reallaşıb. Məhkəmə qərarı ilə şirkətin idarəçiliyi KPMG LLP-yə həvalə olunub.

HSBC bankı bildirir ki, treyder eyni nefti bir neçə banka girov kimi təqdim etməklə “ifrat fırıldağa” yol verib. Bloomberg-in əldə etdiyi məlumata görə, bank ZenRock-un idarəçilərinə etibar etmir, şirkətin ona olan 49 milyon dollarlıq borcunu qaytarmaq imkanında olmadığı qənaətindədir. Bu məbləğ mayın 4-də Sinqapur Ali Məhkəməsinə təqdim edilən iddia ərizəsində də əksini tapıb. Bank bəyan edir ki, treyderin öz kreditləri ilə bağlı ona saxtalaşdırılmış sənədlər təqdim etdiyinə dair dəlillərə malikdir.

Məhkəmə sənədlərində ZenRock tərəfindən müxtəlif banklara eyni vaxtda girov kimi təqdim olunan bir neçə neft yükünün adı çəkilir. Bu yüklər arasında Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-dan alınan neft partiyasının da adı keçir. NSBC bildirir ki, treyderə Ceyhandan SOCAR nefti almaq üçün kredit ayırıb, amma sonra ZenRock onu “Total” şirkətinə satıb. HSBC bildirir ki, satışdan əldə olunan gəlir ona çatmayıb, çünki ZenRock “Total”a bu vəsaitləri həmin tankerdəki neft müqabilində kredit aldığı başqa banka köçürməyi tapşırıb. Beləliklə, treyder eyni neft yükünü faktiki olaraq iki banka girov kimi təqdim etmiş olub.

Məsələyə münasibət bildirən SOCAR İctimaiyyətlə əlaqələr idarəsinin rəsmisi İbrahim Əhmədov Bloomberg-ə deyib ki, iddia sənədində “Total” və Azərbaycan şirkətinin bu fırıldaqda iştirakına dair hər hansı iddia yoxdur: “Ticarət kontraktlarımızın konfidensiallığını təmin etmək bizim siyasətimizin əsasında dayanır. Biz təsdiq edə bilərik ki, ZenRock-un SOCAR Trading qarşısında heç bir ödənilməmiş öhdəliyi yoxdur”.

HBSC bildirir ki, treyderin kreditorlara olan ümumi borcu 165 milyon dollar təşkil edir.

Qeyd edək ki, “Hin Leong Trading Ltd.”nin iflasından ən çox zərərçəkənlərdən biri də HSBC bankıdır. Şirkətin ümumi həcmi 4 milyard dollara çatan borcunun 600 milyon dolları bu bankadır.

ZenRosk-un əsası 2014-cü ildə Sinqapurda veteran neft ticarətçiləri tərəfindən qoyulub. Şirkətin yaradıcılarından olan Ce Çuna Çinin dövlət neft nəhəngi olan “Sinopec”şirkətinin ticarət müəssisəsi olan “Unipec”də işləyib. Digər yaradıcı Toni Lin isə dünyanın ən nəhəng müstəqil neft treyderi olan Vitol SA şirkətində çalışıb.

Ötən il ZenRock 15 milyon tondan yuxarı neft və neft məhsulları satıb. Şirkətin Sinqapurla yanaşı Şanxay, Çjouşan və Cenevrədə də ofisləri var.

2018-ci ildə şirkətin gəliri 6,15 milyard dollar olub.

Musavat.com

Şərhlər

Müəllim 2020-05-10 13:04:48

Harda yaramaz bir əməlin üstü açılsa,Azərbaycanın adı orada çıxırBuna səbəb nədir və kimlərdir?Niyə belə olur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol