Mayın 12-də Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında “Ünvanlı Dövlət Sosial Yardımı” Haqqında Qanuna ediləcək dəyişikliklər müzakirə olunub. Təklif edilən dəyişikliklərə əsasən, ünvanlı sosial yardım almaq hüququ olan ailələrin kateqoriyası genişlənir.
Belə ki, yeni dəyişkliklərə görə, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması meyarları da nəzərə alınacaq.
Adıçəkilən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat 7 iş gün ərzində dövlət qurumuna bildirilməli idisə təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra bu müddət 15 iş gününədək uzadılacaq.
Dəyişikliklərə əsasən, elektron məlumatlarda dəyişiklik baş verdiyi halda ünvanlı sosial yardım alan vətəndaşın bu barədə icra qurumunu məlumatlandırmasına artıq ehtiyac yoxdur.
Sözügedən sosial yardımın verilməsi müddəti 2 ildən 1 ilə endirilir və bununla da həmin ailələrin aktiv məşğulluğa cəlb edilməsi hədəflənir.
Sosial yardıma müraciət qaydalarında da dəyişiklik nəzərdə tutulur. Belə ki, mövcud qaydalara görə, kredit öhdəliyi olan vətəndaşın ünvanlı sosial yardıma müraciət hüququ məhdudlaşdırılır.
Amma yeni qaydalar təsdiq olunduqdan sonra krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda aliment gəlir və ya xərc kimi nəzərə alınmayacaq və bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq.
İqtisadçı ekspert, deputat Vüqar Bayramov Azpolitika.info-ya bildirdi ki, o, komitə müzakirələri zamanı qəbul ediləcək dəyişikliklərlə bağlı təkliflər verib. Deputat bildirib ki, ünvanlı dövlət sosial yardıma müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlər artırılması məqsədəuyğun olardı: "Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır.
Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manatadək çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq".
V. Bayramov daha sonra qeyd etdi ki, ünvanlı sosial yardım üçün müəyyənləşdirilən müddətin 1 il olduğu üçün, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılmasın təklif edib: "Yəni, aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda “zaman ekstenşini” olsun və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun".
Deputat daha sonra ünvanlı dövlət sosial yardım proqramının re-brendiqi həyata keçirilməsini tövsiyyə edib. O hesab edir ki, bu addım proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər.
Vüqar Bayramov həmçinin ehtiyac meyarı, yaşayış minimum və gəlir və xərclərin hesablanması metodologiyası ilə bağlı təkliflərini də təqdim edib. Deputat hesab edir ki, bütövlükdə, həm qanuna, həm də qaydalara ilə ediləcək dəyişikliklər mütərəqqidir və ünvanlı sosial yardıma əlçatanlığı artıracaq.
İqtisadçı ekspert Rövşən Ağayev isə ünvanlı sosial yardımlar verilən zaman bir mexanizmin mütləq dəyişməsini vacib sayır: "Söhbət ünvanlı sosial yardımın təyin edilməsilə bağlı qaydaların 5.14-cü maddəsindən gedir. Həmin maddədə deyilir ki, torpaq payından əldə olunan gəlirlər torpaqların normativ qiymətinə əsasən hesablanır. Normativ qiymət isə NK-nin qərarı 07.23.98-ci il, 158 saylı) təsdiqlənib.
Həmin qərarda torpağın keyfiyyət qrupundan asılı olaraq müəyyən edilən normativ qiymət 1998-ci ildən sonrakı dövrdə istehlak qiymətlərinə uyğun indeksləşdirilərək hər hektarın gəlirliliyi müəyyən edilir. Əgər 1998-ci ildən bəri inflyasiya rəqəmlərinə baxsanız, görəcəksiniz ki, həmin normativ qiyməti ən azı 2.5-ə vurmaq lazımdır. Çünki 1999-cu ildə deflyasiya olub, ondan sonrakı dövrdə isə inflyasiya rəqəmlərini statistik olaraq cəmlədikdə istehlak səbətinin dəyəri nominal olaraq 2 dəfədən çox artıb. Lakin kummilyativ effekti nəzərə alsaq, 1998-ci ildə müəyyən edilən normatiqv qiyməti inflyasiyaya uyğun indeksləşdirmək üçün ən azı 2.5-ə vurmaq gərəkdir. Əslində bunu dəqiq hesablamaq çətin deyil, hər ilin inflyasiya göstəricisi baza normativ qiymətə vurulur, sonrakı ildə baza rəqəmi kimi əvvəlki ilin qiyməti götrülür".
Ekspert bununla bağlı konkret nümunə də gətirib: "Şabran-Xaçmaz kadastr rayonunda 1-ci keyfiyyət qrupu üzrə əkin torpaqları üzrə normativ qiymət 1747 manat müəyyən edilib. Son 20 ildə istehlak qiymətləri indeksi və kummilyativ effekt nəzərə alınsa, deməli həmin torpağın sosial yardım alınması zamanı nəzərə alınan gəliri 4300 manata yaxındır".
AzPolitika.info


Şərhlər