"TORPAQLARIMIZ UĞRUNDA ÖLÜM-QALIM SAVAŞINA BAŞLAMALIYIQ" - "Möcüzə gözləməməliyik"

Qüdrət Həsənquliyev: "Hökumət xalqımızı narahat edən bütün bu məsələlər barədə ictimaiyyətə geniş məlumat verməlidir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

-Qüdrət bəy, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsi ilə əlaqədar bildirib ki, praktik nəticələr olmsa da İlham Əliyevlə görüşlərində "açıq və səmimi atmosfer" formalaşıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu tipli bəyanatların danışıqlara əngəl törətmək məqsədilə verildiyini bildirib. Hər kəs başa düşür ki, Ermənistan heç vaxt danışıqlar yolu ilə işğal etdiyi ərazilərdən geri çəkilməyəcək. Belə olduğu halda, danışıqların davam etdirilməsinin mənası nədir?

-Nə qədər ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə qərarı verməmişik, nəticə olmasa belə danışıqları davam etdirməliyik. Əks halda beynəlxalq birliyin ciddi təzyiqləri ilə üz-üzə qalıb, daha əlverişsiz vəziyyətə düşə bilərik.

-O zaman müharibə qərarını verməyimizə mane olan nədir? Rəsmi qaydada da deyilir ki, ordumuz hər an torpaqlarımızı işğaldan azad edə bilər.

-Hər bir iqtidar bu və ya digər həyati əhəmiyyətli məsələ barədə qərar qəbul edəndə ictimai rəyi mütləq nəzərə alır. Həmişə söyləmişəm ki, xalqımızın hələ çox kövrək olan siyasi elitasındakı azsaylı adamlar, ictimai fəallar istisna olmaqla geniş kütlələr münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdə gizli sorğu keçirib nəticələrini açıqlasa, hər kəs mənim nə qədər haqlı olduğumu görər. Regionun böyük dövlətləri də münaqişənin danışıqlar yolu ilə həllini istədiklərini söyləyirlər, həqiqətdə isə işğalçıya heç bir təzyiq göstərməməklə münaqişənin saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirirlər.

-Onda daha neçə 30 il torpaqların işğal altında qalması ilə barışmalıyıq?

-Mən hər zaman söyləmişəm ki, oturub möcüzə gözləməməli, xalqla səmimi davranılmalı, münaqişənin danışıqlar yolu ilə həllinə dair onda heç bir illüziya yaradılmamalı, münaqişənin həllində əsas söz sahibi olan Rusiya ilə danışmalı, regionun digər böyük dövlətləri olan Türkiyə və İrandan kömək istəməliyik. Əgər Rusiya ilə danışıqlar baş tutmasa, onda torpaqlarımız uğrunda ölüm-qalım savaşına başlamalıyıq. Qısa müddətdə güclü iqtisadiyyat və güclü peşəkar ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etməliyik. Amma bu mənim və BAXCP-nin mövqeyidir. Bütün xalqımız bu mövqedən çıxış edəndə torpaqlarımızı mütləq və böyük itkilər hesabına olsa da işğaldan azad edəcəyik.

-Qüdrət bəy, İranın adını çəkdiniz, amma onlar Ermənistana kömək edir. 2016-cı ildə İranla Azərbaycan arasında imzalanmış Sazişə əsasən Araz üzərində tikilən, yaxud tikilmiş iki su qovşağı və körpülər barədə Xələf Xələfovun mətbuata dediklərindən əlavə hansısa məlumatınız varmı?

-İranın Ermənistana kömək etməsi acı və müsəlmançılığa, xüsusilə islam dövlətinə yaraşmayan bir reallıqdır. Amma biz heç nədən çəkinmədən vəziyyəti dəyişmək üçün İranın müxtəlif ictimai - siyasi dairələri ilə ciddi işləməli, mədəni əlaqələri genişləndirməliyik. Cənubi Azərbaycan və islam həmrəyliyi faktorundan istifadə etməliyik. Biz cənubdakı milli haqlarından məhrum edilmiş soydaşlarımızın səsi olsaq, onlar səsimizə səs verəcəklər. Su qovşaqlarına gəldikdə isə, yazılanlardan başqa əlavə məlumatım yoxdur. Sazişə görə su qovşaqlarının tikintisində və istismarında bizim mütəxəssislər iştirak etməli, Azərbaycan tikintiyə çəkilən xərclərin 50%-ni ödəməlidir. Söhbət 100 milyonlarla ABŞ dollarından gedir. Əgər İran müqavilənin şərtlərinə əməl edib bizim mütəxəssisləri ora buraxmayıbsa, hazırada orada bizim mütəxəssislər yoxdursa və biz tikintiyə görə İrana pul ödəməmişiksə, bundan sonra onlara Sazişin bütün şərtlərinə tam əməl olunmayanadək bir qəpik də verməməli, İrandan Sazişin şərtlərinə tam əməl olunmasını tələb etməliyik. Əgər İranın Qarabağdakı qanunsuz işğalçı rejimlə əlaqəsi yoxdursa, bizim mütəxəssislərin orda olması əlavə söz-söhbətə və manipulyasiyalara son qoyar. İran bizə qarşı vicdanlı siyasət yürüdürsə müqvilənin şərtlərinə əməl etməlidir. Hökumət xalqımızı narahat edən bütün bu məsələlər barədə ictimaiyyətə geniş məlumat verməlidir.

635x100

Şərhlər

nihad 2020-05-24 00:10:39

erməni erməni Şuşada tədbir keçirməklə 10 minlik ordunun təliminə heçə sayıb rişxənd eylədi

Amil 2020-05-18 07:29:29

Müharibə yox orada düşmənə yaxşı şərait yaratmaq lazımdır. Körpü yol çəkmək puldan zaddan vermək lazımdır ki özləri çıxıb getsin. Sən də tutmusan müharibədən. Müharibə nədir düşmən bizim qanımızı töksün ancaq biz ağıllı olaq düşmənin başınısığallıyaq utansın

Sevda 2020-05-18 07:12:06

Millət vəkili Qüdrət Həsənquliyev, Qarabağ torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün Dövlətimizin və xalqımızın gücünə güvənməliyik. Siz adını çəkdiyiniz dövlətlər bizə gəlib, işğal altında olan torpaqlarımızı geri alan deyil. Atalar demişkən "Özgəyə ümid olan şamsız qalar".Qalx ayağa ,azad et torpaqlarımızı,Azərbaycan əsgəri !!!

Sevda 2020-05-17 23:36:47

Millət vəkili Qüdrət Həsənquliyev, Qarabağ torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün Dövlətimizin və xalqımızın gücünə güvənməliyik.Siz adını çəkdiyiniz dövlətlər bizə gəlib, işğal altında olan torpaqlarımızı geri alan deyil. Atalar demişkən "Özgəyə ümid olan şamsız qalar".

Abdulla 2020-05-17 22:31:35

Belə bir savaş başlasa Qüdrət Həsənquliyev hansı cəbhədə və nrcə xpdmət göstərə biləcək? ...

ejder 2020-05-17 20:39:53

ruslardan orden alan,musahibe veren kimdir,hiyy

t.ədalət 2020-05-17 16:38:54

İşğal altında olan ərazilərimizdə isə Rusiyanın ordusu dayanır...Keçmiş müd.naziri Səfər Əbiyev,ümumiyyətlə,özünü rus ordusunun zabiti kimi aparırdı.Mübahisələrimizin birində:"- Ya tebya dam Azerbaydjansiyu armii,armiya poljna ruskim"--deyə üstümə çımxırdı.İndi mətbuatda tez-tez "hərbi ekspert" kimi çıxış edənlərin əksəriyyəti,vaxtı iləı S.Əbiyevin orduya topladığı Rusiya sevdalıları idi.Onlar komandir olduqları yerlərdə Azərbaycan əsgərini boş yerə qırğına verir,bu da olmayanda təhqirə məruz qoyurdular.Biz,ölüm-dirim savaşından əvvəl ruspərəstləri ordudan uzaqlaşdırmalıyıq.

Cənab təkrar deputata 2020-05-17 16:30:12

Nədən çağırışa MMdə baxmırsınız? Yekdil ultimatumunuzı da udqundunuz!

Memmedqulu 2020-05-17 15:46:40

Lazim gelib artiq?

omar 2020-05-17 14:45:43

Tam zamanıdır,Avropanın,ABŞ-ın başı koronovirusa qarışmışkən,ruslara məmurlardan alınan milyardları verib,Qarabağı almaq olar.İlham Əliyev tarix yaza bilər,bu şansdan istrifadə etmək lazımdır.

Son yazılar