UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə “Elm aylığı” çərçivəsində Tədqiqat Mərkəzləri tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlərin onlayn təşkilinə start verilib.
Bu silsilədən olan ilk tədbir Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən “Qlobal iqtisadiyyatın yeni lokomotivi: Türk Dünyasında elektron ticarət problemləri və perspektivləri” mövzusuna həsr olunub. Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və innovasiyalar üzrə prorektoru professor Sakit Yaqubov son zamanlar dünyanı əhatə edən koronovirus pandemiyasının təhsil müəssisələri qarşısında bir sıra təxirəsalınmaz vəzifələr qoyduğunu, təhsilin və idarəetmənin fasiləsizliyinin təmin edilməsini özünün prioritet vəzifəsi olaraq həyata keçirən Azərbaycan Dövlət İqtisad Universitetinin bu prosesə daha çevik adaptasiya olduğunu vurğulayıb. Mövcud vəziyyətdə təhsilin, idarəetmənin, iqtisadiyyatın əksər sahələrinin, xüsusilə də ticarətin onlayn platformaya keçidi belə bir mövzuda seminarın keçirilməsini zəruri etdiyini diqqətə çatdırıb.
UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos. Oqtay Quliyev təqdimatla çıxış edərək elektron ticarətin yeni bazarlara çıxış, maya dəyərinin azaldılması və effektiv idarəetmə baxımından çox təsirli olduğunu, bu baxımdan elektron ticarətin texnoloji, təşkilati, informasiya və digər lokomotivlərinin diqqətə alınmalı olduğunu vurğulayıb. Dünyanın qlobal şirkətləri ilə müqayisədə Azərbaycan firmalarının kiçik olması və güclü sərmayəyə sahib olan böyük firmalarla rəqabətin çətin olması, daha az xərclə daha geniş bazarlara çıxma imkanı təmin edən elektron ticarətin önəminin daha da artdığı barədə fikirlər səsləndirib. O, həmçinin qeyd edib ki, ölkə əhalisinin böyük bir qismi (80%-i) internetdən istifadə edir və Azərbaycan firmaları üçün bu fürsəti dəyərləndirmək yerində olacaqdır. Statistik məlumatlara nəzər yetirilən zaman, elektron ticarətin inkişafına təkan verəcək internet sürətinin, maliyyə kartlarına sahibliyin aşağı səviyyədə olduğunu, bu faktorların xaricində, yuxarıda qeyd edilən e-ticarətin digər lokomotivlərinin də vəziyyətinin ayrı-ayrılıqda təhlil edilməsi, bunların e-ticarətin inkişafına töhvə verməsinin yolları üzərində düşünülməsi və lazımi addımlar atılması vacibliyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Van Yüzüncü Yıl Universitetinin dosenti Faruk Kalay bu gün zamanın insanlar üçün ən dəyərli mənbə olduğunu və elektronlaşmanın günü-gündən artması səbəbindən elektron ticarəti son dərəcə vacib hala gətirdiyini qeyd edərək, elektron ticarətin həm mikro, həm də makro baxımından vacibliyinə diqqəti çəkib. Mikro baxımdan rəqabət etmək üçün müəssisələr e-ticarət etməlidirlər. Makro yanaşma isə ölkənin rifah səviyyəsini artırmaq üçün bir vasitədir. Türk dünyasına baxdığımızda qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin olmadığını, (Amazon, AliExpress kimi), bu cür şirkətlərə dünya ilə rəqabət baxımından ehtiyac olduğunu, Türk şirkətlərinin qlobal miqyasda xaricdəki Start-up şirkətləri ilə əməkdaşlıq edə biləcəklərini vurğulayıb.
Sakarya Universitetindən Dr. Adem Akbıyık elektron ticarətin sosial media və web 2.0 ilə birləşərək artıq sosial ticarət halına gəldiyini bildirib. Yeni dövrdə istehlakçıların sosial müştərilər olaraq qəbul olunduğunu, özləri kimi düşünən insanlarla ünsiyyət quraraq, internet üzərindən ünsiyyətə üstünlük verdiklərini, internet mühitində təqdim etdikləri təkliflərə güvəndiklərini, mümkün qədər onlayn alış-veriş etdiklərini vurğulayıb. Daha yaxşı istehlak təcrübəsi tələb edən bu müştərilərin, məhsul və xidmətləri şərh etməyi sevdiklərini, məhsul rəyləri və internetdəki şərhlərə əhəmiyyət verdiklərini və nəhayət fikir və düşüncələrini qəbul etdikləri sosial qruplara daxil olmaq istədiklərini ifadə edib.
UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı i.f.d. Şahin Əkbərov e-ticarətin ünsiyyət perspektivinin Azərbaycandakı durumunun təhlili məqsədilə bakalavr və magistr tələbələri tərəfindən icra edilən tədqiqatın nəticələrindən bəhs edib,
sosial medianın e-ünsiyyətdəki roluna diqqət çəkərək, Azərbaycandan 3 (AZAL, Silkway travel, Hilton Bakı), Türkiyədən 3 (THY, ETSTUR, Four Seasons Sultanahmet) və Dünyadan 3 (Amercan Airlines, Expedia, Ritz Paris) şirkətin Facebook, Instagram və Youtube hesablarındakı fəliyyətlərinin kontent analizi ilə təhlilinin nəticələrini açıqlayıb, veb ünsiyyətin Azərbaycan şirkətlərindəki mövcud vəziyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonda seminar iştirakçıları tərəfindən müzakirələr aparılıb və gələcəkdə aparılacaq tədqiqatlar barədə təkliflər verilib.
Seminarın videoyazısı ilə bu linkdə tanış olmaq olar:


Şərhlər