DTX GENERAL və POLKOVNİKLƏRİ BELƏ HƏBS ETDİ - Rəsmi məlumat + VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir.

Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılıb.

Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilmiş, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb və həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib.

Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplayaraq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün, balıqçılıqla məşğul olan Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017-ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzəsində Bioresursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Həmçinin istintaqla müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırmışdır. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində birgə zəruri əməliyyat istintaq-tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Kamil Hamidov 2020-05-22 20:18:47

Rüfət Feyzulov Sahil Mühafizəsinə rəis təyin edilsin

Kamil Hamidov 2020-05-22 08:07:24

Sahil Mühafizəsinə dəniz sərhədçiliyi üzrə Azərbaycanın ən peşəkar hərbçisi Rüfət Feyzulov təyin edilsin, Siz də görün təmiz işləyən adam necə olur.

Ağayev Ağahüseyn 2020-05-22 06:50:33

Əfqanın Atasını ALLAH rəhmət etsin o cox təmiz ,pak, tamahsızbir PROFESSOR İYDİ.Orta məktəbi ay işıqinda kitab oxuyaraq əla qiymətlə bitirmişdi RAYONUMUZUN ilk ALİMLLƏRİNDƏN iydi.Vaxtkən MK-Katibi VƏLİ AXUNDOV onu qəbul etmiş İXTİRASI MÜNASİBƏTİ İYLƏ onu təbrik etmişdi.Hayıf vaxtından əvvəl dünyasın dəyişdi ALLAH O DÜNYASINI VERSİN.O ki,qaldı Əfqana mənim buna inanmaqım ğəlmir. Cünkü mən onun bütün nəsilini tanıyıram.Mənə elə ğəlir QURBANLIQ OLDU. HAYIF.

Armavurlu 2020-05-22 03:56:43

.... ayrıca Sərhəd qoşunları komandanı kimdir? Yoxsa, şəkildəki?

Moshu 2020-05-21 23:31:23

Belə getsə doğrudan da Azərbaycanda bir başı papaqlı qalmayacaq. Bu boyda həngaməni hörmətli Elçin Quliyev görmürdü? Əbülfəz Qarayev də uzun müddət səssiz idi, Ölkə başçısı onun fatihəsini verdi, yəqin ki, növbədə Elçin Quliyevindir

Son yazılar