“Xan Şuşinski küçəsində sakinlərdən birinin açdığı "moyka" ətrafda yaşayan onlarla ailənin rahatlığına da son qoyub. Həm "moyka"nın yaratdığı hədsiz səs-küy, həm də asfalta axıdılan və tərkibi insan səhhəti üçün mənfi təsirə malik zərərli kimyəvi maddələrlə zəngin olan yuyucu vasitələr, bu məhəllədə yaşayanların sağlamlığına mənfi təsir göstərir”. Bu barədə “araz.az”-a sözügedən küçədə ev 150 ünvanında yaşayan Səyyar Hacıyev şikayət edib.
Onun sözlərinə görə, qonşular obyektin sahibi Əzizağa Səlimovdan dəfələrlə oradan “moyka” kimi istifadə etməməyi xahiş etsələr də, nəticəsi olmayıb.
“Özü də başa düşür ki, nə qədər səhv edib, həyətinin hasarını qanunsuz iki metr yarım irəli çəkərək, səkini daraltmaq hesabına açdığı bu obyektin yaratdığı səs-küylə neçə qonşu ailəsinin rahatlığını pozub. Xüsusilə hər gün buradan keçmək məcburiyyətində olan küçənin sakinlərinin, o cümlədə qadınlar yüksək təzyiqli su ilə islanması isə ciddi narahatlıq yaradır” –deyə şikayətdə bildirilib.
Şikayətdə qeyd olunub ki, Azərbaycan Mətbuat Şurasının ofisi bu "moyka"nın üç yüz metrliyində yerləşir: “Bakının Nəsimi rayonu ərazisində, ölkə Prezidentinin xarici qonaqları qəbul etməsi üçün on il əvvəl inşası başa çatan əzəmətli iqamətgahının ikinci giriş-çıxış darvazası da bu avtoyuma məntəqəsinin təqribən dörd yüz metrliyində - Xan Şuşinski küçəsinin sonundadır. Bu iki quruma gedib-gələn yüzlərlə insan da "moyka"nın yaratdığı narahatlıqla üzləşir. Ancaq nədənsə aidiyyatı orqanların əməkdaşları bu "moyka"nın qanunsuz fəaliyyətinə göz yumur”.
Səyyar Hacıyev bildirib ki, o, şəxsən Əzizağa Səlimova narazılığını çatdırıb: “Bildirmişəm ki, bura "moyka" yeri deyil, qanunlarımız da icazə vermir ki, məhəllədə belə bir obyekt açsın. Çünki yaranan səs-küy normadan artıq olduğundan, qonşuların sağlamlığına mənfi təsir göstərir, çoxsaylı sinir, ürək-damar, xroniki yorğunluğa, diqqət və yaddaşın zəifləməsinə, yuxusuzluğa, nevroza, ateroskleroza səbəb olur. Eyni zamanda normal istirahətə və gücü bərpa etməyə maneçilik törədir. Xüsusilə də, zehni əməklə məşğul olanlara mənfi təsir edir . Həmçinin orada istifadə olunan maddələr insan səhhəti üçün ziyanlıdır. "Moyka"nın yaratdığı hədsiz səs-küyün hamilə qadınlara daha pis təsirləri var. Hətta ana bətnində olan körpələr belə səsin zərərli təsirindən kənarda qalmırlar. Bütün bunları onun özünə də demişəm, amma deyilənləri nəzərə almayıb”.
Şikayətçi onu da bildirib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət etsə də, nəticəsi olmayıb. O, bunu Əzizağa Səlimovun əvvəllər polisdə işləməsi ilə bağlayıb. Buna görə də ötən ilin oktyabr ayının 3-də Nərimanov rayon İcra Hakimiyyətinə şikayət məktubu ünvanlayıb. İcra Hakimiyyətindən şikayətçinin müraciətilə bağlı ciddi tədbir görülməsi üçün rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilib. Ancaq Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi E. Həşimovun imzası ilə, şikayətçiyə göndərilən cavab məktubunda bildirilib ki, hazır tikililərin sökülməsi məhkəmə qərarı və İcra Şöbəsinin iştirakı olmadan mümkün deyil. Buna görə də, şikayətçiyə məhkəmə müraciət etmək tövsiyyə olunub.
Sonda şikayətçi bildirir ki, məhkəmə prosesinin illərlə çəkə biləcəyini nəzərə alsaq, Xan Şuşinski küçəsinin sakinlərinin uzun müddət belə şəraitdə yaşamalı olacaqlar: “Bəs, görəsən, aidiyyatı dövlət qurumları qanunsuz fəaliyyət göstərən bu obyektə görə, sakinlərin hüquqlarının pozulmasına niyə göz yumurlar?”


Şərhlər