“O, yeni Ermənistan qura bilmədi...” – Baş nazirə ağır ittihamlar

Ermənistanda pandemiya fonunda sürətlə pisləşən sosial-iqtisadi durum mövcud hakimiyyətdən narazılığı hər gün daha da artırmadadır. Artıq çox az sayda erməni tapılar ki, Nikol Paşinyanın baş nazir olarkən “sehrli çubuq” vasitəsilə ölkə problemlərini tezliklə həll edəcəyi barədə verdiyi vədlərə inansın.

Ancaq belə görünür, erməni cəmiyyətdə Paşinyan və komandası ilə bağlı ovqat ciddi şəkildə mənfiyə dəyişsə də, Nikol Vovayeviç israrla reallığı görməzlikdən gəlir, populizmdən qurtula bilmir. Sanki ölkəni rəhbəri o deyil və küçə inqilabçısı “şineli”ni əynindən heç cür çıxarmaq istəmir.

Hakimiyyət dəyişikliyindən ötən iki il isə işğalçı ölkədəki vəziyyətə öz silinməz damğalarını vurub. Ermənistanda səfalət, yoxsulluq yüksək həddə qalır, ölkədən kütləvi köçü isə sadəcə, koronavirus əngəlləyib – dövlətlər öz sərhədlərini qapatdığı üçün. Erməni baş nazirin reytinqi aybaay enməkdədir. Bu da toplumda onun vədlərinə inamın sarsıldığının ən bariz təzahürü sayıla bilər. Hərgah, Paşinyan özündənrazı şəklində gerçəyi danmağa çalışır...

*****

“Yüksək reytinqə həddən ziyadə inam tarixdə artıq bir çox diktatorla çox pis zarafatlar edib”. Musavat.com-un məlumatına görə, bu barədə Armenianreport.com-dakı baş məqalədə deyilir.

Müəllif daha sonra yazır: “Məsələn, Rumıniyada Çauşesku reytinqinin 100% olduğunu düşünürdü, çünki heç kim ona real vəziyyət barədə məlumat vermirdi. Edamdan bir gün əvvəl onun reytinqi 94% -ə düşmüşdü. Bir neçə onilliklər ərzində reytinqi mütləq şəkildə sabit yüksək qalan Müəmmar Qəzzafiyə isə ölümündən əvvəl narazı kütlə tərəfindən üç saat işgəncə verildi. Qəzzafi öldükdə cəsədini ayaqlarından tutub onun öz şəhərində - Sirt küçələrində, kütlənin alqışları altında sürüdülər. Reytinqin əhəmiyyəti barədə hamımızın bilməli olduğumuz budur”.

Ardınca Ermənistanın hazırkı baş nazirinə ictimai etimadın sarsılması barədə yazılır: “Bizim rəhbərlərimiz, ilk növbədə də Nikol Paşinyan həqiqətən yüksək reytinqə sahib idi. Ona etibar edir, güvənilir, onun simasında yeni bir Ermənistan yaratmağı bacaran adam görülürdü. Təəssüf, artıq aydındır ki, Paşinyan nəinki bacarmadı, hətta buna girişmədi də. O, korrupsiyaya qarşı mübarizə üçün deyil, korrupsiyaya rəhbərlik etmək üçün gəlib”.

Müəllifə görə, azalan reytinqi nə Paşinyana, nə də erməni xalqına yaxşı heç nə vəd eləmir. “Hamımızın gözləri və qulaqları var. Hamımız görür, hər şeyi eşidir, hər şeyi mükəmməl başa düşürük. Və Paşinyanın həqiqi reytinqi aşağı yuvarlanmaqdadır – onun ətrafındakılar israrla bunun əksinə onu inandırmağa çalışsalar da. Onun reytinqi karonavirusla mübarizənin tam uğursuz olması səbəbindən də düşür. Hər gün demək olar ki, hərbi vəziyyətlə müqayisə olunan hesabatlar alırıq. Eyni zamanda, uğursuzluğa görə heç kim məsuliyyət daşımır. Əksinə, məsuliyyəti xalqın üzərinə qoymaq istəyirlər. Bu isə hakimiyyətin reytinqinin sıfırlanması prosesinin sürətlənməsinə gətirəcək. Heç olmasa, Ukrayna yolunu seçmək olardı. Ancaq əfsus ki, hakimiyyət bizim üçün daha betər olan Putin Rusiyasının yolu ilə getdi”.

Eyni adılı saytda başqa bir erməni şərhçisi N.Paşinyana qarşı inamının sarsıldığı haqda yazır: “Məndə balaca bir inam var idi ki, “məxməri inqilab”dan sonra rəsmi İrəvan özündə cəsarət tapıb Ermənistanın KTMT-dən (“Rus NATO-su” – Musavat.com) çıxması məsələsinə başlayacaq. Şəxsən mən Paşinyana səs vermişəm, çünki onun müxalifətdə olarkən bu təşkilatı necə sərt tənqid etdiyini çox yaxşı xatırlayırdım. Ancaq təəssüf ki, hakimiyyətdə olduğu iki il ərzində Nikol Vovaeviç KTMT-nin tənqidini tamamilə unutdu və hətta onun toplantılarında məmnuniyyətlə iştirak edir. Görünür, Ermənistanın maraqlarını unutmağın müqabilində Moskva onun üzərindəki hakimiyyət yükünü yüngülləşdirir”.

*****

Xatırladaq ki, az öncə Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan hökumətin, konkret olaraq Nikol Paşinyanın korrupsioner fəaliyyəti ilə bağlı silsilə ifşaedici ittihamlar irəli sürmüşdü. Keçmiş səfir bu xüsusda Ermənistan hakimiyyətinin beynəlxalq mafiya ilə anlaşması mövzularına toxunaraq bildirmişdi: “Deyim ki, Nikol Paşinyan, ümumiyyətlə, populist deyil. Paşinyanın çoxdankı arzusu idi ki, milyarder Hagik Tsarukyandan daha yaxşı yaşamaq və keyfiyyətli bir həyat tərzi keçirməklə öyünsün. Paşinyan populizm qanunlarını pozdu, o, indi dövlət oliqarxından başqa heç kim deyil”.

Serj Sarkisyanın kürəkəni ardınca Paşinyana ailə üzvləri üçün 600-700 min dollara maşınlar aldığını da iddia etmişdi. Onun sözlərinə görə, birinci şəxsin və ailəsinin təhlükəsizliyini təmin etmək üçün bu qədər maşın son 30 ildə Ermənistanda heç kimdə olmayıb. “Həyat yoldaşı ilə məsələn, Milanda “La Skala” operasına və Müqəddəs Lazar adasına səyahətlərin də populizmlə heç bir əlaqəsi yoxdur. Bu, xalqın hesabına edilir, on minlərlə dollar mənasız yerə xərclənir”.

Minasyana görə, hazırda Ermənistanda iki qrup yaranıb: “Əvvəllər o qədər də yaxşı yaşamayan və hazırda hakimiyyətdə olan, xalqın hesabına cah-calal içərisində yaşayan insanlar və xalqın özü - hansı ki, əvvəllər pis yaşayırdı və indi daha pis yaşayır”. Onun sözlərinə görə, Paşinyan tezliklə baş nazir postunu itirəcəyini başa düşür və mümkün qədər çox sərvət toplamağa çalışır.

Məsələ ondadır ki, “məxməri inqilab” nəticəsində devrilmiş prezident Serj Sərkisyanın kürəkəni olması səbəbindən Minasyanı haradasa siyasi qərəzdə suçlamaq olar. Ancaq bu da faktdır ki, Paşinyanı iqtidar eləmiş tərəfdarları da narazılar cərgəsinə keçməkdədir. Bu isə “məxməri” baş nazir və komandası üçün əsla yaxşı siqnal deyil... (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar