QURULUŞ MƏHƏMMƏD ƏMİN... - Torpağı dövlət edən şəxsiyyətlər... + FOTOLAR

Bizim SSRİ adlanan o xarabalıqlar altından çıxan tariximizdə üçrəngli bayrağımız da vardı, himnimiz də, gerbimiz də...

Bir təsadüfmü? Neçə vaxtdır ATV kanalından izlədiyim “Quruluş Osman” dizisində 28 maya keçən gecə tarixə Osmanlı imperiyası kimi düşəcək dövlətin əsasını qoyurdular. Osman bu mübarizəyə qoşduğu tərəfdarlarına belə xitab etdi: “Neçə vaxtdır sancısını çəkdiyimiz dövləti bu gün quracağıq. Bu mübarək(kutlu)yolda Allah yar və yardımçımız olsun!”

Dövlət qurmaq Allahın seçilmiş bəndəsinə verdiyi bir missiyadır şübhəsiz, bunun hər adamın boyuna biçilmədiyi, boynunun işi olmadığı məlumdur. Bu Peyğəmbərlik deyil. Amma nədirsə, elə bir vergidirdir ki, sən bu işi görməlisən, nəyin bahasına olursa-olsun bu dövlətçilik ideyasını yaymalısan, tərəfdar toplamalısan, həmfikirlər axtarmalısan və o ideya gerçəkləşməyənədək geri çəkilməməlisən. Ya dar ağacı gözləyir səni, ya şəhidlik, ya didərginlik. Tarixdə ən maraqlı və dəyərli şəxsiyyətlər də məncə, torpağı dövlət edənlərdir. Fatehlər onlardan sonra gəlir...

Adam bu tarixi yükün altına girənlərin əzabını dərk etdikcə, bu gün 102 yaşı olan Cümhuriyyətimizi yaradanların nisgilli talelərinə də, dövləti qurarkən necə qururlu gün yaşadıqlarına qibtə edir. Dünya durduqca adları yaşayacaq tarix...

Memar bir yaraşıqlı bina tikəndə uzaqdan dayanıb qururla baxır, baxır...1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətini quranların ona kənardan baxıb qürurlanmağa zamanları az oldu, əvəzində kənardan xarabalığına baxıb çərləyib öldülər. Yəqin ki, dünya tarixində bu cür qısa ömürlü dövlətlər, quruluşlar, ittifaqlar çox olub. Onların xarabalıqları üzərində bəlkə də daha möhkəm təməlli dövlətlər yaranıb, dağılıb, yenə qurulub...

Amma bizim Cümhuriyyətin nisgili kimi olmayıb bəlkə də...Bizdən gizlətdikləri həqiqəti o vaxt bildik ki, artıq SSRİ deyilən yalançı dövlət dağılırdı və xarabalıqları altında o Cümhuriyyətin işartıları görünürdü. Bizim o xarabalıqlar altından çıxan tariximizdə üçrəngli bayrağımız da vardı, himnimiz də, gerbimiz də...Bu ən böyük təskinliyimiz oldu. Yaxşı ki, o kişilər bizə bunları miras qoyub qərib-qərib diyarlara getmişdilər...

Bəzilərini bu gecə minnət və rəhmətlə yada salaq:

Məhəmməd Əmin Rəsulzadə-Bakı doğumlu. Məzarı Ankarada.

Əlimərdan bəy Topçubaşov-Tiflis doğumlu. Məzarı Parisdə.

Fətəli Xan Xoyskİ-Nuxa doğumlu. Məzarı-Tiflisdə.

Nəsib bəy Yusifbəyli-Gəncə doğumlu. Məzarı Göyçay göstərilib.

Məhəmmədhəsən Hacınski-Bakı doğumlu. Məzarı-Tiflisdə.

Əhməd bəy Ağaoğlu- Şuşa doğumlu. Məzarı İstanbulda.

Rəhim bəy Vəkilov-Qazax doğumlu. Məzarı-Tiflisdə.

Həmid bəy Şaxtaxtinski-Naxçıvan doğumlu. Vəfat yeri Arxangelsk.

Əkbər ağa Şeyxülislamov-İrəvan doğumlu. Vəfat yeri Paris...

...Uzun illər təkcə dövlətimizi quran kişiləri dərbədər salmayıblar, həm də Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlətimizi bizdən gizlədiblər. Dövləti gizlətmək!? İnanılmaz kimi görünür, amma məhz belə olub! 

Şərqdə ilk demokratik parlamentli respublika quran şəxsiyyətləri qalın-qalın tarix kitablarında düşmən kimi damğalayıblar. O ideyaların hələ məhv olmamış cücərtilərini ürəklərində daşıyan ziyalılarımızı 37-ci ildə ya güllələdib, ya da sürgündə çürüdüblər.

Məhəmməd Əmin Rəsulzadə və əqidədaşlarının böyüklüyü dövləti elan etmələri ilə məhdudlaşmır, onun demokratik əsaslarını, idarəedilməsini, inkişaf prinsiplərini, dinə təməl baxışını yaradıblar. Heç kimin bayrağı ilə işim yox, amma XX əsrin əvvəllərində belə mənalı bayrağı yaratmaq və ucaltmaq hər yox, ər kişilərin işi olub.

Onlarla fəxr edək!


Nazim SABİROĞLU,
Musavat.com

635x100

Şərhlər

Mirsaleh 2020-05-28 17:52:23

Bu gözəl! İndi isə dövləti pis günə qoyanlardan da yazın.

Tural 2020-05-28 13:54:58

Uc rengli ay ulduzlu bayragimiz daima ucalarda dalgalansin!

Tanish 2020-05-28 13:50:08

Teshekur edirem yazan elleriniz var olsun. Bu milletin belə şəxsiyyətlərə layikdir bu millete bash ucaligi. Allah o keslere lenet etsinki, feten xainidir, onun butun varligininin dushmenidir. Qurur yeri onlar olub ve onlarda qalacaqdir. Yerde qalanlar yalniz onlarin izi ilə gedənlərdir

BAKILI 2020-05-28 13:27:08

Önder Memmedemin Resulzade kiwinin uzunden nur tekulur

t.ədalət 2020-05-28 13:04:45

Demokratik Cümhuriyyətin qurucuları bizim iftixar yerimiz,şərəf yerimizdir.Xalq onun üçün yaşayanları yaxşı tanıyır.Vətən,Torpaq,Dövlət və Millət deyəndəı yadımıza ancaq onlar düşür.Min il sonra da,nə qədər Azərbaycan varsa o qədər də Cümhuriyyət qurucuları yaşayacaq.Çünki onlar heçdən bir dövlət qurdular,millətimizə baş ucalığı gətirdilər.M.Ə.Rəsulzadə bir istiqlal tonqalıdır!Biz bu tonqalın ətrafından heç vaxt çəkilməyəcəyik!

Əlövsət Hüseynquliyev 2020-05-28 12:24:13

Bu gözəl məqaləyə görə həm Azpolitika camiəsinə həm də Nazim bəyə öz təşəkkürümü bildirirəm. Vətən və Millət sevgisi qəlbinizdə əbədi yaşasın!

ejder 2020-05-28 11:26:34

ALLAH REHMET ELESIN...

Eldəniz 2020-05-28 10:22:44

Allah Cümhuriyyət qurucularimiza rəhmət eləsin... Ruhları şad olsun ...Hər bir Azərbaycanlı onlara dua etməlidir və qürur duymalidir ona görə ki, bizim İslam dünyasında ilk parlamentli dövlət modelini ortaya qoyduq ...Amma quladurbasi şərəfsiz Lenin və qanı və zatixarablar İstiqlaliyyətimize zərbə vurdular ...Amma uca Allah bizlərə yenidən müstəqillik arzusuna çatdırdı....Allah bütün şəhidlərimizə və istiqlal asiqlerimize rəhmət eləsin...Amin ...

Eldəniz 2020-05-28 10:22:43

Allah Cümhuriyyət qurucularimiza rəhmət eləsin... Ruhları şad olsun ...Hər bir Azərbaycanlı onlara dua etməlidir və qürur duymalidir ona görə ki, bizim İslam dünyasında ilk parlamentli dövlət modelini ortaya qoyduq ...Amma quladurbasi şərəfsiz Lenin və qanı və zatixarablar İstiqlaliyyətimize zərbə vurdular ...Amma uca Allah bizlərə yenidən müstəqillik arzusuna çatdırdı....Allah bütün şəhidlərimizə və istiqlal asiqlerimize rəhmət eləsin...Amin ...

Son yazılar