Menu

Şəhid polisin doğum günü... - Milli Qəhrəman İsrafil Şahverdiyev

09.06.2020, 18:08
Şəhid polisin doğum günü... - Milli Qəhrəman İsrafil Şahverdiyev

Bu günlərdə baş verən məlum hadisələr nə qədər gərginliyə, etiraza səbəb olsa da, Azərbaycan polisinin xüsusilə də Qarabağ uğrunda gedən döyüşlərdəki zəhmətini, qəhrəmanlığını unutmaq doğru olmaz. Bu döyüşlərdə hüquq-mühafizə orqanlarımızın çoxlu sayda əməkdaşları iştirak edib, şücaət göstərib və şəhid olub.

Onlardan biri 1952-ci ilin iyun ayının 11-də Laçın rayonunun Unannovu kəndində doğulmuş Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevdir. Onun anadan olmasının 68-ci ili tamam olur. İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci ilin iyun ayının 11-də Laçın rayonunun Unannovu kəndində doğulub. 1971-74-cü illərdə ordu sıralarında olan İsrafil Şahverdiyev 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Erməni işğalının ilk günlərindən İ.Şahverdiyev bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində və quldurların tutulub zərərsizləşdirilməsində yaxından iştirak edib. Şəhid jurnalist Salatın Əsgərovanın həyatına qəsd edən erməni quldurlarının tapılaraq, ələ keçirilməsində də məhz onun böyük əməyi olub. Bununla o və onun kimi digər silah yoldaşları Azərbaycan polisinin erməni cəlladları və quldurları ilə mübarizədə nəyə qadir olduğunu göstərmiş oldu.

İ.Şahverdiyevin şücaəti nəticəsində həmin ərəfədə Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni casusu yaxalanıb. 1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşırlar və geri çəkilməyə məcbur olurlar.

Bu qəhrəman döyüşçü rəhbərlik etdiyi rotası ilə Qarabağ döyüşlərinin ən ağır günlərində də ön cəbhədə olub. İ.Şahverdiyev öz rotası ilə 1992-ci ilin sentyabr ayının 19-dan noyabr ayının 17-ə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. O, dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərmişdi.

1994-cü ilin yanvar ayının 6-da Horadiz qəsəbəsi azad edildikdən sonra İ.Şahverdiyevin rotası Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Rota Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir. Ümumilikdə həmin əməliyyatda Horadizlə bərabər 22 kənd azad edilmişdi.

İgid komandir İ.Şahverdiyevin son döyüşü 1994-cü ilin yanvar ayının 13-də olub. Rota bir neçə istiqamətdən hücuma keçərək, düşmənin əsas qüvvəsini sarsıdıb. Erməni yaraqlılarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib. Lakin bu döyüşdə İ.Şahverdiyev özü də qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Ondan üç övladı yadigar qalıb. Laçın rayon orta məktəblərindən bırı Qəhrəmanın adını daşıyır.

Şərhlər

Raisin Memmedov 2020-06-09 23:12:30

Allah rehmet elesin.

Əli 2020-06-09 18:36:55

Allah rəhmət eləsin!

Ağayev Ağahüseyn 2020-06-09 18:11:06

ALLAH RƏHMƏT ETSİN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol