Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhbus jurnalist Sərdar Əlibəyli oktyabrın 4-də Penitensiar Xidmətin saytında yerləşdirilən müraciətində kütləvi informasiya vasitələrinin rəhbərlərinə və müxalifət liderlərinə səslənib.
“Media forum” saytının məlumatına görə, jurnalist yazır: “Son günlər Avropa Parlamentinin məlum qətnaməsi və bu ətrafda yaranmış vəziyyətdən çox narahatam. Bu durumla bağlı aşağıdakıları bəyan edirəm.
Yaranmış vəziyyət məxsusən də dünyanın çağdaş geopolitik durumunda olduqca təhlükəli xarakter alıb. Azərbaycan hər an getdikcə artan aqressiv terrorizmin, eləcə də dünyanı yenidən bölmək istəyən transmilli qüvvələrin hədəfinə tuş gələ bilər. Bu isə bizə ən yaxşı halda Ukraynanın, ən pis halda isə Suriyanın vəziyyətinə düşməyi vəd edir. Hətta belə getsə, Azərbaycanın payız səmalarını yağış gətirən qara buludlardan tez bombalar yağdıracaq düşmən təyyarələrinin tutacağı gün uzaqda deyil.
Bu dediklərimi nəzərə alaraq Azərbaycanın müxalifətini və bütün ictimai-siyasi qüvvələrini milli barışıq yolunda gerçək addımlar atmağa çağırır, müstəqilliymizin və dövlətin qorunması yolunda birgə fəaliyyətə səsləyirəm.
Bu xüsusda bütün olub-bitənlərə rəğmən birtərəfli qaydada adımın və şəklimin “vicdan məhbusu” siyahısından çıxarılmasını xahiş edir, həbsdə olduğum müddətdə mənə dəstək olmuş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm.
Dövlətimizin yaşaması, Azərbaycanın qazandığı uğurların qorunması, əldə etdiyi nailiyyətlərin daha da inkişaf etdirilməsi, o cümlədən hələ də həllini gözləyən digər məsələlərlə yanaşı millətimizin və dövlətimizin bir nömrəli problemi olan Qarabağ sorununun çözülməsi üçün illərdir ki davam edən düşmənçilik ritorikasından əl çəkib “yurdda sülh, cahanda sülh” amalı ilə barış və əməkdaşlıq ritorikasına keçməyin vaxtı çoxdan çatıb deyə düşünməkdəyəm”.
Surəti “Azadlıq” qəzetinə ünvanlanan müraciət sentyabrın 30-da imzalanıb.
Ötən il avqustun 2-də həbs edilən Sərdar Əlibəyli silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinərək 4 il həbs cəzasına məhkum olunub.


Şərhlər