İyunun 21-də ABŞ Prezidenti Donald Trampın seçki qərargahı Oklahomanın Tulsa şəhərindəki yürüşə qatılanların sayının azlığına görə etirazçıları və medianı günahlandırıb. Tulsa Yanğın Departamenti iyunun 20-də keçirilmiş tədbirə 6 min 200 nəfərin qatıldığını bildirib.
"AzPolitika.info" "Azad Avropa" radiosuna istinadən xəbər verir ki, Trampın seçki qərargahı isə 19 min nəfərlik tutumu olan arenanın dolacağını proqnozlaşdırırdı. Qərargahın məlumatına görə, yüzminlərlə insan bilet sifariş edib və bu da Tramp tərəfdarlarının nəhəng entuziazmının göstəricisidir. Sonradan seçki qərargahı tədbirə gələnlərin məkanın tutumundan az olduğunu etiraf edib. “The Hill” qərargah rəsmisinə istinadla bildirib ki, tədbir zamanı metal detektorlardan 12 min nəfər keçib.
Bundan başqa qərargah əlavə ziyarətçilər üçün bayırda planlaşdırılan tədbiri də təxirə salıb, çünki gələn olmayıb.
Qərargahın kommunikasiya üzrə direktoru Tim Murtaugh deyib ki, mətbuat və etirazçılar prezidentin tərəfdarlarını qorxutmağa çalışıblar. Onun iddiasına görə, bir yerdə etirazçılar metal detektorlara çıxışı bloklayıblar və bu da adamların arenaya daxil olmasını əngəlləyib.
Trampın seçki qərargahının digər köməkçisi Mercedes Sçlap "Fox News"-a deyib ki, iştirakçılar arenaya girə bilməyiblər, çünki yollarını nümayişçilər kəsib. Ancaq arenadakı reportyorlar belə problemlərlə üzləşmədiklərini deyiblər.
Tramp koronavirus pandemiyası başlanandan ən böyük seçki tədbirini Tulsada keçirib. Martın əvvəlindən koronavirus səbəbindən bir sıra tədbirlər təxirə salınıb, bizneslər bağlanıb.
Prezident 100 dəqiqədən çox çəkən çıxışına görə də tənqid olunur, koronavirus pandemiyası, ABŞ-dakı irqi gərginlik barədə əhəmiyyətli bir söz demədiyi bildirilir.
Tramp iyunun 21-də tədbirdən danışmayıb. Qərargahın meneceri Brad Parskale bəyanatında iştirakçı sayının azlığını saxta xəbər mediası ilə əlaqələndirib. Media koronavirus pandemiyası dövründə qapalı məkanda böyük toplantı keçirməyin sağlıq tərəflərindən yazmışdı. Onun sözlərinə görə, ölkədə irqi bərabərsizliyə qarşı etirazlardan fotolar da ailələri çəkindirib. Etirazlar Minneapolisdə afroamerikalı Corc Floydun polisin əlində ölməsindən sonra başlanıb.


Şərhlər