Menu

Baş redaktor Baş Prokurora müraciət etdi - Pərviz Həşimli bəraət istəyir

26.06.2020, 13:15
Baş redaktor Baş Prokurora müraciət etdi - Pərviz Həşimli bəraət istəyir

"Gününsəsi.org" saytının baş redaktoru Pərviz Həşimli Baş Prokuror Kamran Əliyevə müraciət edib. Jurnalist müraciətində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən günahsız olaraq həbs olunduğunu bildirir və ona bərət verilməsini xahiş edir.

"Ali Məhkəmə Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərov haqqında bəraət qərarı verməsi indiyədək qanunsuz, qurama işlərlə həbs olunan şəxslərin məsələsini bir daha gündəmə gətirdi. Plenum adları qeyd edilən iki şəxs haqqında barələrində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, işlər üzrə icraata bəraətverici əsasla xitam verməsi, sözsüz ki, müsbət haldır. Mən də, ləğv edilmiş MTN-nin qurbanlarından biri kimi, təbii olaraq bəraət tələb edirəm", - baş redaktor müraciətində yazıb.

P.Həşimli bildirib ki, bu tələbi irəli sürərkən əlindəki ciddi əsaslardan biri ondan təxminən ay yarım əvvəl həbs edilmiş keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cinayət işində üzə çıxan faktlardır.

"Sizin Baş Prokuror vəzifəsinə təyin edilərək dövlət başçısının qarşınızda ölkədə hüquq və qanunçuluğun bərqərar edilməsinə dair qoyduğu vəzifə bu sahədə əməli işlərin görüləcəyinə ümid yaratmışdır. Bu umidlərin gerçəkləşməsində görəcəyiniz işlərdə Sizə uğurlar arzu edir və MTN cinayətlərinin qurbanı kimi qəsb edilmiş haqlarımın iadə edilməsi, ədalətin və həqiqətin təcəlli etməsi üçün hüquqlarımın bərpa edilməsi istiqamətində lazımi tədbirlərin görülməsini Sizdən xahiş edirəm", - Pərviz Həşimli müraciətində vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol