Menu

Albaniya ümidlərini TAP-a bağlayıb

05.10.2014, 21:05
Albaniya ümidlərini TAP-a bağlayıb

“Alban bazarı Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə gələcək təbii qazdan böyük miqdarda xeyir əldə edəcək və ölkə təbii qazla kifayət qədər təmin olunacaq”.

Albaniyanın enerji məsələləri üzrə nazirinin müavini Dorian Duçka oktyabrın 1-də “New Europe” xəbər agentliyinə verdiyi müsahibəsində belə deyib.

Xatırladaq ki, İRN Balkan və Adriatik Neft&Qaz sammitlərindəki açıqlamalarında Duçka Albaniyanın qazlaşdırılması məqsədi ilə yeni master planın hazırlanacağını bildirmişdi.

“Albaniya ölkədə qazlaşdırma siyasətinin düzgün qurulması üçün artıq Qərbi Balkanlar İnvestisiya Təşkilatından 1 milyon avro qrant alıb. Qaz master planının köməyi ilə biz ölkənin təbii qaza olan dəqiq ehtiyacını hesablamağa nail olacağıq. Ümumiyyətlə, Albaniyada qazlaşdırma siyasətinin davamı olaraq yeni şirkətlərin alban bazarına qoşulmasında hökumət olaraq maraqlıyıq. İnanırıq ki, “daunstrim” seqmenti də ölkəmizdə inkişaf edə biləcək. Bu seqment üçün 500 milyon avro dəyərində xarici investisyanın yatıralacağı nəzərdə tutulub. Albaniyadakı bazar müxtəlifliyi nə qədər çox olarsa, ölkənin hidrogücdən asılılığı bir o qədər azalacaq”, - deyə Duçka bildirib.

Qeyd edək ki, enerji təhlükəsizliyi tamamilə hidrogücdən asılı olan Albaniya kimi bir ölkə üçün xarici siyasətin ən vacib amillərindən biridir.

Bundan əlavə, TAP boru kəməri Türkiyədən gələcək TANAP boru kəmərinin davamı olaraq, Yunanıstan və Albaniyadan keçərək, İtaliyanın cənub sahillərinə qədər uzanacaq

Duçka açıqlamalarına “Albaniya avtomatik olaraq, Balkanların təbii qaz boru kəmərləri mərkəzinə çevriləcək. Belə ki, TAP boru kəməri İoniya Adriatik (İAP) boru kəmərinə də birləşəcək. Bu da ölkənin həm geofiziki, həm də geostrateji baxımdan əhəmiyyətini artırır”, - deyə o əlavə edib.

Duçka “New Europe” xəbər portalına verdiyi müsahibədə ABŞ və Kanada şirkətləri ilə yanaşı, İsrail və Çin şirkətlərinin də Albaniyada neft yataqlarının işlənməsində olan maraqlarının artmasından danışdı. “Bizim təsdiqlənmiş neft ehtiyatlarımız var, artıq 13 blok hazır vəziyyətdədir. Bu blokların bazara çıxarılması isə dövlət neft şirkəti olan AlbPetrol-dakı struktur dəyişikliklərindən sonra mümkün olacaq. Lakin bizim təbii qaz ehtiyatlarımız yoxdur. Bu səbəbdən TAP Albaniya üçün çox böyük şansdır”, - deyə Duçka bildirib.

Dorina Cinari (EİTİ-nin Albaniya Katibliyinin sədri) “New Europe”a verdiyi müsahibəsində isə TAP və yeni neft yataqlarının işlənməsi təkliflərini Albaniya üçün qızıl imkanlar olduğunu söyləyib. “Lakin bu sərmayələr böyük vaxt tələb edən layihələrdir. Bu səbəbdən indiki halda Albaniya hidrogücdən asılı olaraq qalacaq”, - deyə o bildirib. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol