ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəsmisi Azərbaycan ərazisinin beşdə birini işğal altında saxlayan Dağlıq Qarabağ rejiminin təmsilçisi ilə əməkdaşlıq sənədi imzalayıb.
Söhbət Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Burq-Le-Valans şəhərinin dostluğu haqqında bəyannamədən gedir.
Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd edən bəyannaməyə ermənilərin Şuşi adı qoyduğu Şuşanın “meri” Arsvik Sərkisyanla Qarabağa səfər edən Burq-Le-Valans meri Маrlen Мuryе oktyabrın 5-də qol çəkiblər.
Sənəddə dünyanın heç bir dövlətinin tanımadığı işğalçı rejim “Dağlıq Qarabağ Respublikası (Arsax Respublikası)” kimi qeyd edilir və ona dəstək ifadə olunur. Bəyannamə iki şəhərin təhsil, mədəniyyət, idman, ticarət və yerli idarəetmə sahələrində əməkdaşlığını nəzərdə tutur.
Ermənistan ordusu 1992-ci ildən bütün Dağlıq Qarabağı, eləcə də Şuşa şəhərini və ona bitişik Laçın rayonunu, 1993-cü ildən Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal altında saxlayır. 1994-cü ildə atəşkəs sazişi imzalanıb. 20 ildir ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları bir qarış Azərbaycan torpağının azad edilməsinə gətirməyib.
Fransa ATƏT-in Minsk qrupuna 1997-ci ildən həmsədrlik edir. /“Media forum”




Şərhlər