Tanınmış politoloqlar Eldar Namazov və Elxan Şahinoğlu “AzPolitika.info”-nun sorğusuna cavab olaraq Təhsil naziri Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunmasını şərh ediblər.
Ekspertlər hazırki həssas dönəmdə Azərbaycanın xarici siyasət idarəsindəki problemlər, həyata keçirilməli olan islahatlar və yeni nazirin üzərində düşən missiya barədə fikirlərini açıqlayıblar.

“Mən Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibəti ilə ürəkdən təbrik edirəm, uğurlar arzulayıram. Hamı başa düşür ki, bizə müharibə aparan dövlət kimi güclü ordu, güclü diplomatiya və informasiya müharibəsi aparacaq dövlət qurumları lazımdır. Bu sahədə problemlərimiz var və indi də davam edir. Vuruşan ordunun yanında güclü diplomatiya və informasiya müharibəsi aparacaq qurumları görmürdük”, - politoloq Eldar Namazov bildirib.
Ekspert qeyd edib ki, bu gün problemlərdən birinin həlli istiqamətində addım atıldı və yeni Xarici İşlər naziri təyin olundu: “Nazir Ceyhun Bayramovun çiyinlərinə böyük vəzifələr düşür. Gərək, o yubanmadan bu sahədə bütün boşluqları aradan qaldırmaq istiqamətində addımlar atsın. Azərbaycan diplomatiyası da Azərbaycan ordusunun yanında olsun, bir yerdə fəaliyyət göstərsin. Biz, necə ordumuza dəstək oluruqsa, diplomatiyamıza da o cür kömək etməyə, dəstək olmağa hazırıq”.
Yeni nazirin başqa sahədən gətirilməsinə gəlincə, Eldar Namazov deyir ki, Prezidentin ona verdiyi tapşırıqlara qulaq asarkən, ona, bu addımın səbəbləri aydın olub: “Prezident təkcə Məmmədyarovu tənqid etmədi. Qeyd etdi ki, bir çox səfirliklərdə də durum porblematikdir, iş görmürlər. Prezident xüsusi vurğuladı ki, sanki səfirlər tapşırıqları başqa yerlərdən alırlar. Bunlar çox ciddi məsələlərdir. Yeni nazirin qarşısında vəzifə qoyulub ki, Azərbaycan diplomatiyasında təmizləmə aparsın. Yəqin ki, XİN sistemində çox ciddi kadr dəyişiklikləri olacaq. Bu işləri görmək üçün nazirin kənardan gətirilməsi daha məqsədəuyğun addım idi. Çünki bu sistemdə olan adamlar adətən bir-birilərinə bağlı olurlar, simpatiyaları, antipatiyaları olur. Ola bilsin, köhnə əlaqələr bu sahəyə yeni baxış ortaya qoymağa mane ola bilərdi”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Elmar Məmmədyarov çoxdan istefaya getməli idi. “Ana dilini bilmirdi. Qarabağ danışıqlarında ortaya sərt mövqe qoymurdu, mənasız müzakirələrdə iştirak edirdi. Üstəlik, nazirlikdə korrupsiya qalmaqalına, oğlanlarının ABŞ-da bahalı mülklər almasına aydınlıq gətirmədi”, - ekspert qeyd edib.
Ceyhun Bayramovun nazir təyinatına gəlincə, E.Şahinoğlu hesab edir ki, ilk növbədə nazirlikdə ciddi kadr islahatları aparılmalıdır: “Dövlət və onun milli maraqlarına xidmət edən kadrlara üstünlük verilməlidir. Təəssüflər olsun ki, Məmmədyarovun vaxtında belə deyildi, XİN rusdilli nazirliyə çevrilmişdi. Yeni nazirin kadr islahatları aparıb gəncləri irəli çəkəcəyini düşünürəm. Qarabağ danışıqlarında daha sərt mövqe nümayiş etdirməlidir. Başqa alternativlərimiz onsuz da yoxdur. Onu da deyim ki, hazırda danışıqlara ehtiyac da yoxdur. Əsas işi ordu görməlidir. Döyüşləri tədricdən Dağlıq Qarabağ istiqamətinə yönəldib, anti-terror əməliyyatına başlamaq lazım gələcək”.
“AzPolitika.info”

Şərhlər
XİN sistemində dəyişikliklərin olması hələlik mümkün deyil....