DAR GÜNDƏ KÖMƏYƏ GƏLƏN ƏCNƏBİ HƏKİMLƏR... - Pandemiya ilə mübarizədə hansı ölkələrdən kömək gəlib?

Koronavirus pandemiyası bütün dünya üzrə hələ ilk addımlarını atan vaxtlardan etibarən dünya ölkələrinin səhiyyə sahəsində bir-birilərinin təcrübəsinə, mütəxəssislərin biliklərinə və ümumilikdə qarşılıqlı dəstəyə ehtiyacları yarandı. Bir çox hallarda müasir dünya özünü bu ümumbəşəri bəlaya qarşı qeyri-adekvat, hərə öz mənafeyindən çıxış etməklə hətta qeyri-insani, fürsətcil şəkildə aparsa da, bütün bunlarla yanaşı müsbət və təqdiredici nümunələr də oldu.

Pandemiya dövründə xüsusilə səhiyyə mütəxəssislərinə və tibbi avadanlıqlara olan ehtiyac qat-qat artdı ki, burada da ölkələrin qarşılıqlı yardım və dəstəyi olmadan keçinmək çox çətin olardı. Bu baxımdan dünyanın bir parçası olan Azərbaycan da istisna deyil. Və ölkəmiz özünün problemlərinə rəğmən bir çox dünya ölkələrinə imkanları daxilində yardım etməklə, bir xalq, dövlət olaraq dünya birliyinin ən ləyaqətli üzvlərindən biri olduğunu isbatladı.

Eyni zamanda, Azərbaycanın da pandemiya ilə mübarizədə xüsusilə mütəxəssis, həkim personalı sarıdan dəstəyə ehtiyacı yarandı. Ona görə də, pandemiyanın ölkəmizə ayaq açdığı ilk vaxtlardan xarici mütəxəssislərin bu prosesə cəlb olunması müşahidə olunmağa başladı. Və hər zaman olduğu kimi, yenə qardaş Türkiyə ilk dəstək göstərən ölkələrdən oldu.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan ofisi, Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi REACT-19 layihəsi çərçivəsində aprel ayında koronavirusla mübarizə üçün Azərbaycana 19 həkim gəldi. Və 19 nəfərlik həkim heyəti nəzərdə tutulan müddət müddət iyunun sonu bitsə də geri qayıtmadı. Heyətdən yalnız 3 nəfər işini davam etdirmək üçün Türkiyəyə qayıdıb. Digər 16 nəfər isə Azərbaycanda onlara ehtiyac olduğundan hələ bir müddət də burda fəaliyyət göstərəcəyini bəyan edib. Həmin vaxt daha 19 nəfər azərbaycanlı həkim Türkiyədən Azərbaycana koronavirusla mübarizə üçün gətirilib. Və bidirilirdi ki, onlar hansısa layihə çərçivəsində deyil, TƏBİB-in təklifinə könüllü razılıq verərək işə cəlb olunublar.

Ümumilikdə Türkiyədən gələn həkimlərin 16 xəstəxanada çalışdıqları barədə məlumat verilib. Və həmin xəstəxanalara təkcə Bakıda deyil, rayonlarda yerləşən tibb müəssisələri də aiddir. Paytaxtda isə sözügedən həkimlərin “Yeni klinika” Tibb mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Tibb Universitetinin Tədris Cərrahiyyə klinikası və Tədris Terapevtik Klinikasında çalışmaları nəzərdə tutulub.

Azərbaycana gələn ən böyük heyətlərdən biri isə uzaq Kuba Respublikasına aiddir. İyulun 13-də COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi infeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.

Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela isə vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. Vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.

Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.

Kubalılardan bir gün əvvəl isə Rusiyadan 22 tibb işçisi Azərbaycana gəlib. Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gələn rusiyalı həkimlər də koronavirus pandemiyası ilə mubarizədə ölkəmizə kömək göstərəcəklər.

Nəhayət, son olaraq, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri bununla bağlı jurnalistlərə müsahibəsində bildirib: “Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d'Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

İtaliyadan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Tomazoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtaliyanın təcrübəsini dost Azərbaycan ilə bölüşəcək. Qeyd edək ki, italiyalı həkimlər 3 həftə boyunca Azərbaycanda olacaqlar

İtaliya səfirinin müavini Umberto Boerinin jurnalistlərə açıqlamasındakı bir fikir isə dünyada insanlığın, humanizmin hələ də ölmədiyinə, qarşılıqlı yardım, dəstək və mərhəmətin bəşəriyyəti istənilən bəladan qurtarmağa yetəcəyinə misaldır. 

Belə ki, diplomat Azərbaycanın İtaliyaya ən ağır günlərdə göstərdiyi yardımı unutmadıqlarını qeyd edərək, deyib: “Bizdə belə Atalar sözü var: “Əsl sadiq dost ağır gündə bilinir”. İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir...”

Təbii ki, Türkiyə, Rusiya, İtaliya kimi pandemiyanın kütləvi yayıldığı və bu sahədə böyük təcrübə toplayan ölkələrin, eləcə də Kuba kimi dünyada ad çıxarmış səhiyyəyə malik ölkənin mütəxəssislərinin yardımı Azərbaycanın bu bəla ilə mübarizəsində özünəməxsus paya malikdir. Və ümid edək ki, fədakar həkimlərimizlə yanaşı, əcnəbi mütəxəssislərin də köməyilə ölkəmiz bu sınaqdan mamkün qədər az itkilərlə çıxacaq.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2020-08-07 12:45:15

Azərbaycanda dövlət xəstəxanalarında həkim çatışmır.yoxsa xəstələrə diqqət,dərman çatışmamazlığı? Buna bir diqqət edən varmı? TƏBİB isə boş,mənasız yaradılmış,sir neçə şəxsin maraqlarını təmin eymək məqsədi güddüyü hamıya bəllidir.Bu qurumun AZərbaycan səhiyyəsinə aidiyyəti hiss olunmur.Onlar pullu yalançı testlərdən vvə digər qanunsuz əməllərindən qazanırlar.bdid

Son yazılar