Hakim Yeni Azərbaycan Partiyasında (YAP) qarşıdakı aylarda keçirilməsi gözlənilən parlament seçkilərinə hazırlıq başlayıb.
Partiyadakı mənbələrdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, seçki prosesində iştirak edəcək partiya üzvləri müəyyənləşdirilib. Mənbə qeyd edir ki, komandada ciddi dəyişikliklər nəzərdə tutulmur, sadəcə bir sıra səbəblərdən seçkilərdə iştirak edə bilməyəcək YAP üzvləri başqaları ilə əvəz edilir.
Qeyd olunur ki, rayon, şəhər şöbələrinin üzərinə böyük yük düşür. Son günlər mərkəzi aparatdan göndərilən təlimatların əksəriyyəti seçkilərə hazırlıqla bağlıdır. Rəhbər funksionerlərə yay mövsümündə məzuniyyət olmayacağı haqda xəbərdarlıq edilib, onların bir qismi verilən tövsiyəyə uyğun olaraq ilin əvvəlki aylarında bu hüquqlarından istifadə edib.
Mənbə bildirir ki, ən dramatik vəziyyət hakim partiyanın deputat korpusunda gözlənilən yeniliklərlə bağlıdır.
“Yekun siyahı hələ məlum deyil, amma təşkilat daxilində gərginlik, narahatlıq hiss olunur. Bu da təbiidir, çünki hazırkı deputatlar mandatlarını qorumağa, təşkilatda irəli çəkilmiş funksionerlər isə millət vəkili olmağa çalışırlar. Mövcud qaydalara görə, hər kəs səssizliyini qoruyub saxlasa da, kuluarlarda qızğın müzakirələr gedir”, - qaynaq bildirib. Hazırda Milli Məclisdə YAP-ın 70 deputatı var.
Onların bir hissəsi 3-cü və ya 4-cü dəfə mandat alıb. Hətta 90-ci illərdən bəri parlamentdəki kürsüsünü qoruyub saxlamış YAP-çı millət vəkilləri də var.
Məlumatda qeyd olunur ki, növbəti seçkilərdə “çoxillik” deputatların əksəriyyəti namizəd ola bilməyəcək.
“Ötən qurultayda partiya rəhbərliyində aparılmış dəyişikliklərdən sonra təşkilatdaxili inkişaf mexanizmləri formalaşdırılıb. Buna görə YAP-ın əksər rayon-şəhər şöbələrinin rəhbərləri tutduqları postları itirdi, onları yeni kadrlar əvəzlədi. Həmçinin həmin şəxslərin fəaliyyəti audit edildi, çatışmazlıqlar, maliyyə pozuntuları üzə çıxarıldı və aradan qaldırıldı. Partiya rəhbərliyinin yerli təşkilatlar qarşısında qoyduğu əsas məsələlərdən biri xalqla işləmək, gəncləri YAP-a dəvət etməkdir. Bu dəyişikliklər ümid yaradıb ki, partiya rəhbərliyi “daşlamış” millət vəkillərini də yeni kadrlarla əvəzləyəcək. Uzun illər partiya sıralarında fədakarlıq etmiş şəxslərin YAP-ı Milli Məclisdə, cəmiyyətdə təmsil etmək haqqı var”, - hakim partiyadakı mənbə “AzPolitika”.info”- ya bildirib.
Qeyd edək ki, bu ilin noyabr ayının əvvəlində keçirilməli olan növbəti parlament seçkilərinin payızda ölkədə düzənlənəcək COP-29 beynəlxalq iqlim konfransına görə ertələnəcəyi bildirilir. Gözlənilir ki, yaxın günlərdə yeni seçkilər elan ediləcək və iyun ayının sonunda Milli Məclisin yeni tərkibi formalaşdırılacaq.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
YAP-da fədakar üzv var?Hansı YAP üzvü,onların evladları Qarabağ müharibələrində iştirak edib?Fədakarlıq yaltaqlıq sayılır?