Martın 29-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçirib.
“AzPolitika” xəbər verir ki, monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.
Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
Yerli mediada Tovuz Dövlət Sosial-İqtisadi Kollecində rüşvət, korrupsiya, digər neqativ hallarla bağlı çoxsaylı yazılar dərc olunub. Həmin məqalələrdə kollecin uzun illər ərzində korrupsiya və rüşvət yuvası kimi fəaliyyət göstərdiyi, tələbələrin rüşvətlə qəbul edildiyi, davamiyyətin olmadığı, bir sözlə, hər şeyin pulla həll edildiyi bildirilib. Qeyd olunur ki, tələbələrə yüksək göstəricilər yazıb onların təqaüdləri, habelə adı işdə olub özü gəlməyən müəllimlərin, texniki işçilərin maaşları kollec rəhbərliyi tərəfindən mənimsənilib. O da bildirilir ki, pul üstündə tez tez direktorla rəhbər işçilər arasında narazılıq, hətta dava-dalaş olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda aparılan monitorinqlərin nəticələri, qanunsuzluq faktları barədə də heç bir informasiya verilmir.
Bu barədə “AzPolitika.info”nun sorğusuna sözügedən qurumdan verilən cavabda bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində keçirilən monitorinq nəticəsində cinayət tərkibli nöqsanlar aşkar edilmədiyinə görə Agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilməyib.
“Monitorinq zamanı Kollecin bir sıra tədris sənədlərində (jurnallar, imtahan vərəqləri və s.) nöqsanlar aşkar edilmiş və bu nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmişdir”, - Agentlik bildirir.
Görünür, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hansısa səbəblərdən sözügedən kollecdə hərtərəfli araşdırma aparmaqda maraqlı olmayıb... Hər halda yayılan məlumatlar onu deməyə əsas verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə baş çəkməsinə ciddi ehtiyac var. O zaman qanunsuzluğun, korrupsiyanın olub-olmadığı məlum olar...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Direktoru niyə qovublar görəsən?Kollec korrupsiya yuvasıymışsa,demək yığıb doldurubmuş altını Xandəmirov kimi.Amma qəribədi ki qovulub.Onda demək verməyib.Yığılandan verməmək isə iki halda ola bilər;ya verdiyi adamlar artıq əvvəlki qiymətə razılaşmayıblar ki,inflyasiyadı,bir o qədər də gəl üstünə,bu da deyib elə isə vermirəm daha,vallah mən söküldüm,billah mıən söküldüm,əşi bunun bir aləm də toy xərci var axı/Orda bir şlyapalı dəngül kişi olub,deyib ki özün bil,nə çoxdu direktor olmaq istəyən pullular,razı deyilsənsə ərizəni yaz çıx işdən,biz də deyək neynək,bu olmasın o olsun.Bu da hirslənib,deyib mayamı çıxartmamış axmağam ki ərizəmlə işdən çıxım?Çıxmıram da,vermirəm də,get hara istəyirsən şikayət elə.O da deyib ki qaynar xəttə zəng eliyəcəyəm,ATV Xəbərə,Xəzər Xəbərə,112-yə,Daşınmaz Əmlaka,AYNA-ya,nə bilim,Bakıbus-a,Baksovetə,Qazıməmməddə Əlzamin kişi var,o vaxt Zəngilandan gəlib,qələmi yaman güclüdü,o yazanda o saat baxırlar,ona zəng eliyərəm,bu da deyib ki istəyirsən Xirosimaya zəng elə,xeyri yoxdu.İkinci versiya da budur ki,bunun dayısına gözlənilmədən yuxarılarda,"aidiyyəti" təşkilatlarda yağlı vəzifə veriblər,dayday elə kresloda oturan gündən zəng edib buna deyib ki bundan sonra aybaay gətirib mənə verərsən,orda buna görə səni incidən olsa deyərsən mənə,boğazlarını üzərəm,çünki mən bir tacirəm baxmaram bəyə.Özü də taksofondan zəng edib ki nömrəsini tutan olmasın,mikrofonu da cib dəsmalıyla örtüb danışıb ki,gizli dinləyənlər səsindən də tanımasınlar.Amma daydaya qədər görüm-baxım elədiyi adamın daydayı daha güclü çıxıb,ona görə də bunu qovub.Olur belə işlər.