Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri haqda

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün UEFA Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatması nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Baş məşqçinin fikirləri klubun rəsmi “Facebook” hesabında yerləşdirilib.

Q.Qurbanov bildirib: “Püşkü səbrsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik. Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə “Sileks” bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq.

Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədir, ilk olaraq öz komandamızı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək”.

Qeyd edək ki, “Qarabağ”ın rəqibi Şimali Makedoniya təmsilçisi “Sileks”dir. Bu matç Bakıda baş tutacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar