Gürcüstan hökuməti bununla bağlı xüsusi həll yolları axtarır
“Ahısqa türklərinin yerləşdirilməsi Gürcüstan hökumətinin gündəliyinə və prioritetlərinə daxildir. Onlar tərəfindən müraciətlər daxil olur və biz bununla bağlı xüsusi həll yolları axtarırıq. Bu prosesdən yaxamızı kənara çəkmək fikrimiz yoxdur.
ANS PRESS-in məlumatına görə, bunu Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya naziri Aleks Petriaşvili deyib.
O bildirib ki, məskunlaşma ilə bağlı üzərimizə götürdüyümüz öhdəlik tezliklə yerinə yetiriləcək və hər kəs bunun şahidi olacaq. Azlıq, Regional Dillər Xartiyası ilə bağlı gürcü hökuməti tələb olunandan daha artığını edib. Bütün regional dillərin qorunmasına xüsusi əhəmiyyət verilir və biz öhdəliklərimizi addım-addım yerinə yetiririk.
Onun sözlərinə görə, Ahıska türkləri Gürcüstanın indiki Samtsxe-Cavaxetiya əyalətinə təsadüf edən bölgədən 1944-cü ildə Sovet hakimiyyəti tərəfindən Mərkəzi Asiyaya deportasiya edilib. 1989-cu ildə Özbəkistanda onlara qarşı iğtişaşlar başlayıb. Bunun ardınca, Sovet ordusunun müşaiyəti ilə Ahısqa ailələri Azərbaycan, Rusiya və Ukraynaya yerləşdiriliblər. Dil və mədəni yaxınlıq səbəbindən Azərbaycanda yaşayanlar yerli cəmiyyətə asanlıqla inteqrasiya olublar. Bundan əlavə, Azərbaycan hakimiyyəti onlara vətəndaşlıq hüququ verib. Azərbaycan əhalisinin siyahıyaalınmasında “türk” adı ilə qeyd olunanlar məhz Ahıska türkləridir. Rəsmi Bakı onların Gürcüstana qayıtmasının tərəfdarıdır.


Şərhlər