Argentinanın keçmiş prezidenti Reynaldo Binonye daha bir cəzaya məhkum edilib.
Oktyabrın 7-də Argentina Respublika Məhkəməsi ona 23 il həbs cəzası verib. “Media forum” saytının məlumatına görə, məhkəmə Binonyeni 1973-1983-cü illərdə Həmkarlar İttifaqının 32 fəalının oğurlanmasında, onlara işgəncə verilməsində və edam olunmasında təqsirli bilib.
Argentinanın sonuncu diktatoru sayılan general Reynaldo Binonye artıq neçənci dəfədir mühakimə olunur. Son illərdə Argentina məhkəməsi onu Kampo de Mayo hərbi bazası (Binonye vaxtilə bu bazaya başçılıq edib) ərazisindəki düşərgədə siyasi dustaqların işgəncəyə məruz qoyulması və qətlə yetirilməsi; argentinalı dissidentlərin övladlarının (onların sayının 500 nəfər olduğu göstərilir) oğurlanması cinayətlərinə görə mühakimə edib və bu cinayətlərdə təqsirli bilinən Reynaldo Binonyeyə ömürlük həbs cəzası verilib.
İndi ömürlük həbs cəzası altında olan 86 yaşlı Binonye növbəti dəfə ağır cinayətə görə mühakimə olunur və məhkum edilir.
Reynaldo Binonye Argentinaya 1982-1983-cü illərdə başçılıq edib. 1970-ci illərdə isə o, alay komandiri kimi Argentinada hərbi çevrilişdə iştirak edib. Həmin çevriliş zamanı hakimiyyət başda Xorxe Videloy olmaqla hərbçilərin əlinə keçib.


Şərhlər