“ƏLİ HƏSƏNOV VAXTINDA ARADAN ÇIXDI...” – “Son proseslər Rusiyadan qaynaqlanır”

"Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının "Demokrat.az" xəbər portalına müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

— Son vaxtlar şimal qonşumuz olan Rusiyadan Azərbaycana qarşı təhlükəli addımlar atılır, işğalçı Ermənistan Kreml tərəfindən silahlandırılır və sairə. Baş verən son prosesləri necə qiymətləndirirsiniz?

— Ümumiyyətlə, bütün postsovet məkanında oxşar proseslər gedir. Və onlar bir zəncirin vəsilələridir. Təbii ki, bu proseslərin başında Rusiya dayanır. Bilirik ki, Rusiya keçmiş Rus-Sovet İmperiyasının varisidir və postsovet ölkələrinə öz müstəmləkəsi kimi baxır. Rusiya hələ də elə hesab edir ki, bu torpaqlar keçmişdə onların olub və geri qaytarılmalıdır. Konkret olaraq Putin həm Azərbaycana, həm də digər keçmiş SSRİ ölkələrinə qarşı müstəmləkə siyasəti yürüdür. Sadəcə olaraq Azərbaycana qarşı bu siyasətin forması nisbətən mədənidir. Bunun da öz səbəbləri var. Bu gün Azərbaycanda Rusiyanın heç bir hərbi mövcudluğu qalmayıb. Müstəqilliyimizin ilk illərində Rusiya qoşunlarını Azərbaycandan çıxartmışıq, sonrakı illərdə isə Rusiyanın Azərbaycandakı yeganə hərbi mülkü olan Qəbələ RLS də bağlandı. Qəbələ RLS Azərbaycan əhalisinin səhhətinə böyük təhlükə idi, insanlarımıza ziyan vururdu. İndi artıq Qəbələ Azərbaycanın gözəl turizm məkanlarından biridir.

— Sizcə, Rusiyanın hərbi gəmilərinin Bakı limanına gəlməsi və müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri nə ilə bağlıdır?

— Bu yaxınlarda Türkiyə ilə Azərbaycanın çox böyük birgə hərbi təlimləri keçirilib. Bu gün Türkiyənin hərbi gəmilərinin Xəzər dənizinə birbaşa gəlmək imkanları yoxdur. Ancaq Azərbaycanda Türkiyə ilə bərabər son illərin ən güclü hərbi təlimləri keçirildi. Bu təlimlər Rusiyaya birbaşa mesaj idi ki, erməniləri qızışdırıb bizim üzərimizə salmayın, əgər Azərbaycan torpaqlarında gözünüz qalıbsa, bundan əl çəkin. Azərbaycan həm özünə, həm də arxasında qardaş Türkiyə ordusunu görüb, ona güvənib Rusiyaya qarşı bu mesajı verdi. Azərbaycanın bu addımından sonra Rusiyanın hərbi gəmiləri idman oyunları adı ilə Bakıya gəldi. Bu oyunlara İran və Qazaxıstan pandemiyaya görə qoşulmayıb. Həm Rusiya gəmilərinin, həm də Sergey Şoyqunun Bakıya gəlməsi onu göstərir ki, Rusiya Türkiyə ordusunun Azərbaycanda olmasından narahatdır.

Bu yaxınlarda Prezident İlham Əliyev Putinə zəng edərək, Rusiyanın Ermənistana göndərdiyi hərbi yükün izahatını istəyib. Görünür ki, Şoyqunun Bakıya səfəri həm də bununla bağlıdır. Amma bütün bunlara baxmayaraq, Rusiya hələ də Ermənistana silah-sursat ötürür. Yəqin ki, Şoyqu Bakıya səfəri zamanı ümumi vəziyyəti öyrənəcək.

Bu gün Rusiyada, Belarusda, Ukraynada baş verən hadisələr elə-belə məsələ deyil. Bunların hamısı eyni zəncirin vəsilələridir. Yəni, bu proses davam edir.

— Son vaxtlar Azərbaycanda "beşinci kolon"un fəallaşmasına səbəbi nədə görürsünüz?

— Təbii ki, bunun da arxasında Rusiya dayanır. Əslində, hər zaman Azərbaycanda belə olub. Adətən "beşinci kolon" deyəndə çoxları Qərbə bağlı qüvvələri nəzərdə tutur. Amma mənim üçün "beşinci kolon" Rusiyaya bağlı olan qüvvələrdir. Ramiz Mehdiyev və onun kimi Rusiyaya bağlı olan qüvvələr vəzifələrini itirsələr də, onlar hələ də özlərini güclü və nüfuzlu sayırlar. Çünki bunların havadarları indiki Rusiya hakimiyyətidir. Azərbaycanda baş verən son proseslər də məhz Rusiyadan qaynaqlanır.

Sovet İttifaqı dövründə ərzaq qıtlığı var idi, ət çatışmırdı, hətta, Nikita Xruşşovun vaxtında çörək üstündə dava idi. Amma o dövrdə SSRİ-də "partnomenklatura" adlanan təbəqə var idi. Onlar hər zaman kefdə olublar, xüsusi mağazaları və istirahət yerləri olub, o adamlar üçün aclıq yox idi.

1988-1989-cu illərdə mən "Azərbaycan kommunisti" jurnalında çalışanda redaksiyamız indiki Prezident Administrasiyasının binasında yerləşirdi. O illərdə Azərbaycanda da ərzaq qıtlığı var idi. Amma onların yeməkxanasında hər şey var idi. Çox təəssüf ki, SSRİ dövrünün həmin üsul-idarəsi bu gün "beşinci kolon" adlanan insanların beynində hələ də qalır. O, hava bunların beynindən hələ çıxmayıb. Bunlar komsomol təfəkkürü ilə Azərbaycanı geriyə çəkmək istəyirlər. Həmin adamlar yavaş-yavaş vəzifədən çıxarılandan sonra bu gün öz bildikləri kimi müqavimət göstərirlər. Hətta, onlar açıq şəkildə "qanun bizim üçün deyil, biz qanundan yüksəkdəyik" mövqeyi nümayiş etdirirlər. Bütün bunları tam aradan qaldırmaq lazımdır. Bu cür davam etsə, ölkəmiz üçün çətin olacaq.

Bu gün Ramiz Mehdiyev Rusiyaya arxalanaraq, Azərbaycan dövlətinə və onun qanunlarına qarşı açıq şəkildə meydan oxuyur, dirəniş göstərir. Görünür ki, Ramiz Mehdiyevin dövlətdə hələ də şəbəkəsi var. Toyda iştirak edən şəxslərə baxanda görürsən ki, vəzifədən çıxarılmış nə qədər "kolxoz nomenklaturası" varsa, hamısı ora toplanmışdı. Abel Məhərrəmov sağlıq deyirdi, keçmiş nazir iştirak edirdi. Bütün bunlarla yanaşı, Siyavuş Novruzov YAP-ın aparıcı simalarından biridir, deputatdır, həyat yoldaşı Ombudsmandır, bunlar da həmin toyda iştirak edirdilər. Halbuki bu şəxslərin özləri xalqı qanunlara tabe olmağa, karantin qaydalarını pozmamağa çağırırlar. Özləri isə qanunları kobud şəkildə pozurlar.

— Yayılan xəbərlərə görə, həmin toya dəvət olunanlardan biri də Prezidentin sabiq köməkçisi Əli Həsənov olub. Amma Əli Həsənov toydan bir neçə gün əvvəl müalicə adı ilə xaricə getdi. Sanki, Əli Həsənov baş verəcək proseslərin acı nəticələr doğuracağını əvvəlcədən görürmüş...

— Elədir, Əli Həsənov vaxtında aradan çıxdı. Görünür ki, Əli Həsənov daha çevik və ağıllı davranıb. Yəqin ki, məqsəd iki tərəflə də "körpüləri yandırmamaq" siyasətidir. Mən başqa məntiq görmürəm, başqa cür izah etmək çətindir. Ola bilsin ki, səhhətində də hər hansı problem var. Amma toy ərəfəsində qəfildən qaçması bu cür düşünməyə əsas verir. Əli Həsənov vaxtında aradan çıxdı.

— Türkiyə ilə digər türkdilli dövlətlər arasında birgə ordunun yaradılması ideyası mövcuddur. Bunu bəzən "Turan ordusu" adlandırırlar. Artıq Türkiyə ilə Qazaxıstan arasında bu ideyadan irəli gələn hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Oxşar addımın Azərbaycanla da atılması təklif olunur. Sizcə, yaxın vaxtlarda bu mümkün ola bilərmi? 

— Bilirsiniz, "Turan ordusu" mənə bir qədər gerçək görünmür. Söhbət ondan gedir ki, bu məsələ ilə bağlı niyyət normaldır və mən də bəyənirəm. Bu gün türkdilli dövlətlər arasında mədəni, iqtisadi və hümanitar sahələrdə əlaqələr var. Bunu daha da gücləndirmək və hərbi əməkdaşlıq səviyyəsinə çatdırmaq lazımdır. Yəqin ki, bunu yaratmaq üzərində iş görülür. Nə qədər çətin olsa da, bu istiqamətdə addımların atılması vacibdir. Burada söhbət ondan gedir ki, Türkiyəni çıxmaq şərtilə türkdilli dövlətlərdən olan digər ölkələr daha çox Rusiya ordusunun sisteminə yaxındırlar. Türkiyə ordusu isə NATO sistemindədir. İndi bunların bir-birinə uyğunlaşdırılması uzun vaxt apara bilər. Bütövlükdə, mən bu ideyaya çox müsbət baxıram.

635x100

Şərhlər

zahid 2020-09-03 17:22:12

rus hərbi pilotunun vurlmasını təqdir etmirik. ancaq onun ölümünə görə heç kimi üzr isətəmədi. əksinə, əvvəlcə putin dedi ki, biz oraları bombalayanda bilmirdik ki, o ərazidə türkmanlar yaşayır. ondan sonra razılığa gəlində və sağ olsun Nursultan Nazarabayovun araçılığ ilə işlər sahmana salındı. hörmətli "Fərq" məsələnin məğzu budur. Putin

Araz 2020-08-28 10:30:41

Quskanin nokeri ve qapancisi Moskvada qiyabi oxuyan milliyetce kurd olan ... biridir........

Elcin 2020-08-27 22:40:37

Düzdü bizim məmurlar lap başdan ən aşağıya kimi onlara dövlət yox yalnız pul maraqlıdı.amma burda Rusiyanin təbliği gedirik bu yolverilməzdir bizim ən böyük düşmənimiz bizim başımıza açılan bütün bəlaların hamısının səbəbkarı Rusiyadirki onu tərifləmək yenidən Rusiyaya meyillenmeyi təbliğ etmək dövlətə ən böyük xəyanətdir satqinliqdir

Siyasətə Kəm hesab 2020-08-27 14:07:46

Mediada son vaxtlar dövləti sualları aşağı üləmalar-sanki, öz vəzifə rəqiblərinə yönəldirlər?

nihad 2020-08-26 21:09:18

necə olur ki,Naxçıvanda texnikum bitirən Sona əri Əli Həsənov vəzifəyə gələn kimi istedadı fontan vurdu,kitablar yazdı,mahnılara şeir yazdı ,alimlik dərəcəsi aldı ,hə!!! elmi işlər yazır,mahnılara şeir yazır,alimlik dərəcəsinə yüksəlir,Milli televiziyaları təftiş komisiyasında vəzifə tutur,Kaspi kimi nəhəng holdinqi "idarə"edir və s.Təndirdə bir lavaş yapacaq bacarıgı olmayanları yuxarılara dartanlar,onlara elmi iş yazanlar ,onları bəh-bəhlə alqılayanlar elə onlar qədər

Eko 2020-08-26 19:07:34

Aha ....

t.ədalət 2020-08-25 23:14:08

Əli Həsənov özünü prezident kimi aparırdı.Arvadı ilə birlikdə böyük biznes qurmuşdu.Güman ki onun pulları xarici banklardadır.Əli həsənovun gedişi,onun başına fırlanan professor Cahangir Məmmədlini çox sarsıtdı.Bu adam Sona Vəliyevanın "yağış" şeirini dadını çıxarmaq üçün başını yağışın altına qoya-qoya qalmışdı...

esger 2020-08-25 23:04:25

1988-1989-cu illərdə mən "Azərbaycan kommunisti" jurnalında çalışanda redaksiyamız indiki Prezident Administrasiyasının binasında yerləşirdi. Elə bunula etiraf edirsiniz ki kommunist olmusunuz . ondan əvvəl komsomol maraqlıdır bu komsomol təffəkurudan yaxasını necə qutarmısınız sirini açın

esger 2020-08-25 22:53:56

Amma o dövrdə SSRİ-də "partnomenklatura" indi isə kaşalot "məmurmenklatura" özü də nə boyda həm daxildə həm xaricdə sərvətlərdə saysız hesabsız Sovet vaxtında heç rtəhbərlərin bu qədər sərvəti yox idi indi isə 1 rektor 20 raykom katiblərini üstəliyir

esger 2020-08-25 22:50:03

Amma o dövrdə SSRİ-də "partnomenklatura"i var idi inidi nə deyişib oldu "memurmenklatura" özü də nə boyda həm daxildə həm xaricdəb

Shakir 2020-08-25 21:53:28

Bu müsahibe Elçin Şıxlıya benzemir. Elçin Şıxlı adeten analitik danisar, bu müsahibe ise mence dedi-qodu janrina qoxusu verir.

ayrım 2020-08-25 21:28:05

Elcin müəllim əlini elə ətirəcəklər boynund Zınqrov hərcənd musaqulu Türkiyəyə onun dalınca gedib bəzi təlimatlar edib faycası yoxdu mən ölüm

Aydın 2020-08-25 21:09:15

Bu oğrular pul üstündə dalaşırlar. Rüşvət, talan bu məmurların əsas işləri, və amalları olubdur. Onu da bilməyən yoxdur. Paket maaş nə demək idi? Yəni rüşvət korrupsiya yığılırdı bir ələ və sonra orada hərəyə öz çəkisinə görə paylanırdı. paket maaş aşağı məmurlara verilən tula payı idi. Böyük summaları isə akulalalar udurdular

Azər 2020-08-25 19:56:34

Elçin müəllim,elə 1991-ci ildən Rusiyanın izi Azərbaycanda qalıb və hərbi siyasətə ciddi maneə olan Nəcməddin Sadıqov var.Onun Müdafiə nazirinin BİRİNCİ müavini və Baş qərargah rəisi saxlanması,5-ci Kolon məsələsi ətyani sübutdir.Ona görə nala-mıxa vurmadan əl çəkib.ciddi münasibətlə Azərbaycanda nəsə etmək olar.b birinci

Fərq 2020-08-25 19:53:23

“Ramiz Mehdiyev və onun kimi Rusiyaya bağlı olan qüvvələr vəzifələrini itirsələr də, onlar hələ də özlərini güclü və nüfuzlu sayırlar. Çünki bunların havadarları indiki Rusiya hakimiyyətidir. Azərbaycanda baş verən son proseslər də məhz Rusiyadan qaynaqlanır”. – Nə nəzərdə tutulur bu ziddiyyətli sözlərlə (“fikirlə” yazmağı əlim gəlmir, çün yoxdur...). Rusiyadan qaynaqlanır ... və Rusiyanın “dayağı” vurulur? “Partnomenklaturanın” “ət” yeməsi və “kapitalnomenklaturanın” özəl adaları, təyyarələri, gəmiləri, 1000 hektarlarla dədələrindən qalan “şəxsi” torpaqları... Davam edək, yoxsa dayanaq? 90-cı illərin qara təbliğatı səviyyəsində qalıb BÖYÜK YAZIÇI oğlu. Əlavə olaraq iki sual: 1) dünyada bu gün vacib olan milli ((burada, türkdillilərdən (qazax, özbək, türkmən, gırğız, osman-türk və s.) söhbət getdi, ancaq gəlin ardıcıl olaraq davam edək: “slavyandilli” (rus, ukrayin, xorvat, boşnyak və s.) , “farsdilli (hindli, pakistanlı, əfqanlı və s.), “germandilli (ingilis, alman, holland, isveç və s.)) mücadilədir, yoxsa ideoloji (solçu-sağçı, humanist-mizantrop, dünyəvi-dini, kapitalmafiyası -əmək internasionalı))? Niyə Türkiyə, Belarus, ABŞ, Venesuela və s. və s. 50:50-yə bölünüblər? Niyə yatırıq “milli” xülyalar beşiyində? 2) Təsəvvür edək ki, Rusiya yoxdur (məhv olub, səmaya uçub, yerin altına batıb). Sizi PAX AMERİCANA qane edirmi? Yoxsa düşünürsünüz PAKT OSMANİA bu regionda yaranacaq? İstəməyənin ... lənət! Ancaq əsaslandırın! “Milli” nağıllarla yox, real güc nisbətləri ilə... Vəziyyətə balaca da olsa açar kimi kiçik haşiyə: paraşütnan enərək öldürülən rus hərbi pilotu və üzrxaqlıqlar və s. Düşünməyə dəyər.

Xalq 2020-08-25 19:24:09

TURAN ORDUSUNUN YARADILMASI VACİBDİR. TÜRKİYƏNİN KÖMƏYİ OLMASA RUSİYA AZƏRBAYCANI İŞĞAL EDƏCƏK HAAAAAAAAAAA. BUNU YADDAN ÇIXARTMAYIN. VƏTƏNİMİZ TƏHLÜKƏDƏDİR VƏTƏNDAŞLAR SOS,SOS,SOS.

Son yazılar