Dünən Milli Məclisin növbəti sessiyasında müzakirə olunan çoxsaylı məsələlərdən biri də əhalinin sağlamlığına dair qanunlarda ediləcək dəyişikliklərlə bağlıydı. Müzakirələrdə söz alan Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bununla bağlı öz mövqeyini açıqlayıb. İctimai faydalalığını nəzərə alıb çıxışı olduğu kimi diqqətinizə çatdırırıq.
“Təşəkkür edirəm, Ziyafət müəllim!
Müzakirəyə çıxarılan əhalinin sağlamlığına dair qanunlarda ediləcək dəyişikliklər paketi bizi bu məsələ ilə bağlı bir qədər daha dərindən düşündürməlidir. Səhiyyə ilə bağlı qanunlar qəbul edilir, hər il səhiyyə nazirliyinə milyonlarla vəsait ayrılır, yeni tibb müəssisələri tikilir, mövcud olanlar təmir edilir, müasir avadanlıq quraşdırılır, amma əhalinin böyük bir qismi yenə də xaricdə - imkansızları - İranda, Rusiyada, imkanlıları Türkiyədə, Almaniyada, İsraildə əməliyyat və müalicə olunurlar.
Zənnimcə, bu məsələlərin kökündə Azərbaycanda tibbi sığortanın faktiki olaraq tətbiq olunmaması durur. Bütün dünyada tibbi sığorta səhiyyə maliyyələşməsinin uğurlu modeli sayıldığı halda bizdə bu modelin tətbiqinə, hesab edirəm, süni əngəllər yaradılır.
Azərbaycanda «Tibbi sığorta haqqında» Qanun hələ 1999-cu ildə qəbul olunub. Ancaq üstündən 14 il keçsə də, qanunun icrası reallaşmır, halbuki onun tam həcmdə tətbiqi əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verərdi, xəstələr nə xəstəxanada, nə də xəstəxanadan kənar müalicə alanda pul ödəməzlər, bəzi xüsusiləşmiş xəstəxanalarda isə tələb olunan məbləğin cüzi bir hissəsi ödənilərdi. Lakin çox təəssüf ki, bizdə bu sistem işləmir.
Hələ 2007-ci ildə hörmətli prezident İlham Əliyev İcbari Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. İndiyədək bu Agentlik fəaliyyətə başlamayıb. Son 3 ildə dövlət büdcəsindən sığorta islahatları üçün hər il 30-40 milyon manat ayrılır. Bu vəsait xərclənmədiyindən büdcəyə qaytarılır.
Mən bu məsələ ilə maraqlanmışam, sən demə, əsas problem sözü gedən Agentliyin tabeçiliyi ilə bağlıdır. Səhiyyə Nazirliyi Agentliyin məhz onun tabeliyinə verilməsini istəyir. Nazirlər Kabineti isə Agentliyin birbaşa hökumətin tabeçiliyində olan müstəqil qurum kimi fəaliyyət göstərməsini tələb edir.
Mənə belə gəlir ki, bu problemi həll etmək üçün əhali və dövlətin maraqlarına daha uyğun olaraq Nazirlər Kabinetinin mövqeyi müdafiə edilməlidir.
Zənnimcə, problemin kökündə digər məsələlər də durur. Agentlik söhbəti cəmi 6 ildir ki, meydana gəlib. Bəs 1999-cu ildən bu yana icbari sığortanın tətbiqinə nələr mane olurdu? Burada biz yenə də cəmiyyətimizin ən ağrılı yeri – korrupsiya ilə qarşılaşırıq.
Nə qədər ki, dövlət və özəl təşkilatlarda işçilərlə işəgötürənlər arasındakı münasibətlər, ələlxüsus “qara maaş” məsələsi var, nə qədər ki özəl sektorda sahibkarlar yoxlayan təşkilatlara mütəmadi olaraq qeyri-qanuni haqq ödəyir, bu məsələ öz həllini tapmayacaq! Onu da nəzərə alaq ki, iqtisadiyyatımızın əhəmiyyətli hissəsi kölgə iqtisadiyyatına aiddir - bu kəsim də heç vaxt rəsmi münasibətlər tələb edən icbari sığortaya müraciət etməz. Rəsmən çalışan heç bir sahibkar da rəsmi vergiləri və sosial ayırmaları, üstəgəl qeyri-rəsmi “rüsumları” ödədikdən sonra sığorta şirkətlərinə işçilərinin icbari sığortası üçün pul ödəmək həvəsində olmaz. Əks halda sahibkarlar qısa müddətə müflis olarlar.
Yəni, zənnimcə, icbari tibbi sığortanın indiyədək geniş tətbiq olunmamasının səbəbi birbaşa korrupsiyanın və kölgə iqisadiyyatının vüsət almasıdır, və səhiyyəyə dair qəbul edəcəyimiz heç bir qanun və düzəlişlər real vəziyyəti dəyişə bilməyəcək. Əhalimiz, vətəndaşlarımız isə yenə də ucuz tibbi xidmət üçün İrana, ekstrasenslərə, türkəçarəyə üz tutacaq. Düşünürəm ki, icbari tibbi sığortanın tətbiqinin yubadılması yolverilməzdir və bu məsələdə siyasi iradənin ortaya qoyulması artıq günün tələbidir.
Diqqətinizə görə sağ olun.”
İlyas İsmayılovun digər çıxışı isə Mülki Məcəlləyə dəyişikliklərlə bağlı olub. O bu dəyişiklikləri əsasən müdafiə etdiyini bildirsə də üç iradını da diqqətə çatdırıb.
1. Mülki Məcəllənin 896.2-ci maddədə nəzərdə tutulmuşdur ki, qismən sığortalanmış əmlak tam məhv olduqda, onun qalıqlarına olan hüquq sığortaçıya keçir. Məlum deyil tam məhv olmuş əmlakın hansı qalıqlarından söhbət gedir. Təklif olunan maddənin mətni dəqiqləşdirilməlidir.
2. 897.2 maddədən “qanunvericiliyə uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs anlayışı” “xeyrinə icbari sığorta bağlanmalı olan şəxs” anlayışı ilə əvəz edilmişdir. Belə şəxslərin məhz qanunla müəyyən edildiyi halda, maddədən “qanunvericiliyə uyğun olaraq” sözlərinin çıxarılması belə şəxslərin müəyyən edilməsində yerli və yersiz mübahisələrə, çəkişmələrə səbəb ola bilər. Buna görə hesab edirəm ki, maddənin qüvvədə olan mətnindəki “qanunvericiliyə uyğun olaraq” sözləri “qanuna uyğun olaraq” sözləri ilə əvəz edilməlidir.
3. 935.1.2 maddəsinin mətnində olan “sığorta hadisəsi” sözlərinin “müvafiq hadisə” sözləri ilə əvəz edilməsi fikrimizcə, düzgün deyil. Maddədə söhbət sığorta ödənişinin verilməsindən gedir. Sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə həyata keçirilir. Sığortalı və ya müvafiq zərərçəkən qəsdən etdiyi qanunsuz hərəkətlərlə məhz sığorta hadisəsi yaratmağa çalışır. Şərh olunan maddəyə əsasən bu üsulla yaradılmış sığorta hadisəsi sığorta ödənişi verilməsindən imtinaya əsasdır.
Eləcə də həmin maddədə nə qədər ki, sığorta hadisəsi qəsdən cinayət törətməklə yanaşı həm də qəsdən inzibati xəta törətməklə yaradıla bilər, qəsdən cinayət sözlərindən sonra və “qəsdən inzibati xəta” sözləri əlavə edilsin.
Diqqətinizə görə təşəkkür edirəm.


Şərhlər