“RAMİZ MEHDİYEVİN HAKİMİYYƏT İDDİALARI QALIR...” - “Onun özündən başqa kölgəsi, yəni tərəfdarları da var”

Arif Əliyev: “Ramiz Mehdiyev, Əli Həsənov və digərləri mövqelərini itirmələrilə barışmırlar, bu mövqeləri bərpa etmək üçün müxtəlif tədbirlərə əl atırlar”

“İndi Mehdiyev gedib, qalanlar düşünməlidirlər ki, biz kimlərlə işləyirik, kimlərə arxalanırıq...”

“Mehdiyevin akademiyanın prezidenti vəzifəsində olması elmə qarşı hörmətsizlikdir...”

AMEA Prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin növbəti açıqlaması da əvvəlkilər kimi geniş müzakirələrə səbəb oldu. Mehdiyev bu dəfə onu tənqid edənləri nankorluqda günahlandıraraq, onlara qarşı kompramatlara malik olduğuna işarə vurub.

“AzPolitika.info” bu mövzuyla bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə söhbətləşib. Onunla müsahibəni təqdim edirik:

- Arif bəy, Ramiz Mehdiyev sonuncu açıqlamasında onu tənqid edənlərin bir qismini nankor adlandırıb və onların barəsində kompramatlara malik olduğuna eyham vurub. Sizcə, nə baş verir və Mehdiyevin ətrafında cərəyan edən prosesləri necə xarakterizə etmək olar?

- Düşünürəm ki, belə məsələlərin ictimai müzakirə predmetinə çevrilməsi müsbət haldır. Bütün bu məsələlər cəmiyyətin önündə, açıq şəkildə müzakirə edilməlidir ki, sonradan kəskin vəziyyətin yaranmasına gətirib çıxarmasın. Lakin cəmiyyətin nə baş verdiyindən bir çox hallarda xəbəri olmur. Bir də gözünü açır ki, nəsə oldu, kimsə gəldi, kimsə getdi. Cəmiyyət bilməlidir ki, problem nədədir, kim nədə ittiham olunur. Bu ittihamların hüquqi əsasları varmı, yoxmu və s. Odur ki, mən belə məsələlərin ictimai müzakirəyə çıxarılmasını düzgün sayıram. Baxmayaraq ki, çoxları bundan narazıdır. O ayrı mövzudur ki, kəskin məsələlər də müəyyən çərçivədə müzakirə edilməli, qanun sərhədlərini aşmamalıdır.

- Sizcə, Ramiz Mehdiyev niyə bu dərəcədə müzakirə mövzusu ola bilir?

- Ramiz Mehdiyev uzun müddət Azərbaycan dövlətinin idarə edilməsində hətta onun ideologiyasının formalaşmasında rol oynayıb. Bu ideologiya təkcə keçmişə deyil, hətta gələcəyimizə də aiddir. Bu mənada Mehdiyev mərkəzi fiqurdur. Onun vəzifədən getməsi ilə siyasi həyata təsiri heç də silinmiş deyil. Nəzərə alaq ki, vəzifədə olduğu dövrdə icra başçılarının təyinatından tutmuş parlamentə qədər bir sıra məsələlərdə söz sahiblərindən biri olub. Bu strukturların hamısı hələ mövcuddur, işləyir. Odur ki, Mehdiyevin aktual fiqur olduğu heç kimdə şübhə doğurmamalıdır.

- Sizcə, Ramiz Mehdiyevin heç bir intriqaya qoşulmadan, sakit formada həyatını davam etdirməsinə, kənara çəkilməsinə nə mane olur?

- Müxtəlif səbəblər ola bilər. Əslində bu, ciddi müzakirə mövzusudur. Versiyalardan biri kimi səslənir ki, Mehdiyevin hakimiyyət iddiaları qalır. Əlbəttə, yaşına və digər səbəblərə görə bu, zəif versiya hesab oluna bilər, amma Mehdiyevin özündən başqa kölgəsi, yəni tərəfdarları da var. Bayaq dediyimiz kimi ideologiya var. Odur ki, bu versiyaya bəsit versiya kimi baxmaq lazım deyil.

Digər səbəb inciklik ola bilər. Təsadüfi deyil ki, hər dəfə açıqlamasında gördüyü işləri, xidmətlərini qeyd edir. Biz sözsüz ki, onun fəaliyyətinin Azərbaycanın xeyrinə və ya ziyanına olduğu haqda müzakirə aça bilərik. Bu xidməti ziyanlı adlandıranda onun keçmişdə rəhbərlik etdiyi sahələrə baxırıq - onun ideologiyasının təsiri nəticəsində dağıdılan media və vətəndaş cəmiyyəti sektoruna. Və nəticəni deyirik. Lakin Mehdiyevin özü buna başqa cür yanaşır, düşünür ki, müsbət xidmətlər göstərib və bu səbəbdən də indi tənqid edilməsi ona çox ağır gəlir.

İkincisi, bəlkə də yeganə məsələdir ki, mən Mehdiyevi başa düşürəm. Bildirir ki, əlindən uzun müddət çörək yeyən insanlar birdən-birə ona qarşı çevrilib. Bəli, bu, Azərbaycan siyasətinin reallığıdır. Kimi kimə desən söydürmək mümkündür. Çünki böyük əksəriyyəti gözükölgəlidir, ələbaxımdırr. İstər deputatlarımız, istər vəzifə sahiblərimiz olsun. Əksəriyyətinə nə desən, hətta öz əqidəsi əleyhinə nəsə dedirtmək olur. Biz ürəyimiz ağırya-ağrıya bu haqda illərdir qışqırırıq, deyirik ki, belə mühit formalaşdırmaq olmaz. İndi formalaşdırdığı mühit Mehdiyevin özünə toxunan kimi başlayır onu yandırmağa. Bunun oduna cəmiyyət illərlə yanıb. Belə mühitin formalaşmasının sayəsində Azərbaycan siyasətində mənəviyyət, prinsiplər qalmayıb. Axı bu kadrların böyük əksəriyyətini o təyin edib. İndi də həmin adamlardan şikayət edir. Bəli, onları Azərbaycanda istənilən şəxsə qarşı qaldırmaq olar. İndi Mehdiyev gedib, qalanlar düşünməlidir ki, biz kimlərlə işləyirik, kimlərə arxalanırıq...

- Artıq getdiyini dediyiniz Mehdiyev hazırda hakimiyyət üçün nə dərəcədə ciddi, təhlükəli fiqur sayıla bilər?

- Onun maliyyə, təcrübə, əlaqələr, həmçinin də media iləəlaqələr baxımından məncə resursları var. Baxmayaraq ki, hazırda mediaya müraciət etmir, daha çox AMEA-nın internet resursunu özünün fərdi bloku kimi istifadə edir. Amma sonuncu açıqlaması mediada gedib. Təcrübəli şəxsdir, onun ölkə daxilində və xaricindəki əlaqələrini və digər məsələləri də nəzəzərə almaq lazımdır. Zəif adam belə mesajlar verməzdi ki, müəyyən məsələləri mən də bilirəm, lazım gəlsə danışaram və s. Mehdiyev bilir ki, onlarla adam ona qarşı elə-belə söz demir. Odur ki, mesajlarını birbaşa özünün bildiyi ünvana deyir.

- Sizcə, Mehdiyev son açıqlamasında hansı kompramatlara eyham vurur və söhbət hansı informasiyalardan gedə bilər?

- Hər halda nəzərə almaq lazımdır ki, bu şəxs uzun illər hakimiyyətdə təmsil olunub. Ola bilsin ki, ölkə haqqında 3 məlumatlı adam varsa, bunun biri də Mehdiyev olub. Amma burada bir paradoks da var. Bəzi şəxsləri nəzərdə tutaraq deyir ki, lazım gəlsə bu adamlar haqqında məlumatlar yayaram, iç üzlərini açıqlayaram və s. Deməli, bunlar utandırıcı əməllərdir ki, Mehdiyev bu yolla onlara təsir etməyə çalışır, onları hədələyir. Nəzərə alın ki, bu utandırıcı əməllərin bir tərəfi həmin şəxslərdirsə, digər tərəfi də Ramiz Mehdiyevin özü ola bilər. Yəni bu adamlar işlərini bir yerdə görüblər. Ona görə də mən çox istərdim ki, Mehdiyev durub bu məsələləri açıqlasın. Mən yuxarıda qeyd etdim ki, belə müzakirələrin özü müsbət haldır. Əgər xatırlayırsınızsa, hakimiyyət daxilində 2005-ci ildən islahatçılarla mühafizəkarlar arasında mübarizə, nazirlərin həbsi və s. məsələlər var idi. Ondan bu yana tutulan və ya işdən çıxarılan nazirlərin siyahısını hazırlasaq, onlardan ibarət bir neçə hökumət yaratmaq olar. Bunların hamısı o dövrdən başlayan proseslər idi, amma yorğan altında gedirdi. İndi isə üzə çıxır.

Mən bunun müsbət hadisə olduğunu qeyd etməklə yanaşı düşünürəm ki, Medhiyev hədələdiyi məsələləri açıb ortaya qoysa yaxşı olar. Cəmiyyət bilməlidir ki, hakimiyyət mərtəbələrində hansı hallar baş verib və burada kimlər iştirak edib. Əgər biz dəyişmək istəyiriksə və dəyişməyə doğru gediriksə bu məsələlər bilinməlidir. Əminəm ki, Mehdiyevin əleyhinə danışan adamlardan biri-ikisi susacaq, amma onu tənqid edənlər də tapılacaq. Onun da bildiklərini açıqlaması bu baxımdan yaxşı hal olardı. Sözsüz ki, əgər söhbət çirkli kompramat davasından getmirsə.

- Mehdiyevin kompramat savaşı apara biləcəyi nə dərəcədə real sayıla bilər?

- Mən buna qətiyyən inanmıram. Çünki bu, “pondora yeşiyi” kimi bir şeydir. Ağzını açdıqca oradan çox şey çıxacaq. Amma mən buna inanmıram. Məncə, nələrsə açılsa da, məsələ dərin qatlara getməyəcək. O, nəzərə alacaq ki, dərin qatda içi özü qarışıq ayağı toza dəyməyən az adam var.

- Sizcə, ümumiyyətlə Mehdiyev AMEA prezidenti kimi Azərbaycan elmi ilə məşğul olmalıdır, yoxsa onu tənqid edənlərlə “savaşını” davam etdirməlidir?

- Əlbəttə ki, biz kiməsə göstəriş verə bilmərik. Amma Mehdiyevin akademiyanın prezidenti vəzifəsində olması məncə, elmə qarşı hörmətsizlikdir. Akademiyanın mövcudluğunun özü şübhə altındadır. O mənada ki, uzun illər bu qurumun bizə lazım olub-olmadığı haqda müzakirələr gedib. Əgər biz bunu yaratmışıqsa və söhbət elmdən gedirsə, bu, artıq ciddi sahədir. Bu vəzifə kiminsə pensiya vaxtı üçün ayrılan kreslo olmamalıdır. Bu saat akademiyada bizə elmlə məşğul olacaq enerjili adamlar lazımdır.

Ramiz Mehdiyevə, Əli Həsənova və digərlərinə gəldikdə qeyd edim ki, dövlət başçısı təsadüfi qərar qəbul etmir. İndi məsələnin bu həddə gəlməsi ondan xəbər verir ki, bu insanlar mövqelərini itirmələrilə barışmırlar, bu mövqeləri bərpa etmək üçün müxtəlif tədbirlərəəl atırlar. Od olmasa, tüstü çıxmaz. Onların sakit durmaq və pensiya həyatı yaşamaq istəmədikləri görünür. Bu da ola bilsin ki, dövlətdə adekvat reaksiya doğurub, onları neytrallaşdırmaq üçün əlavə tədbirlərə ehtiyac olub. Bizim xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, ölkədə dəyişikliklər var. İstər ölkənin xarici, istərsə də daxili orientasiyasında dəyişikliklər gedir. Bunlar da insanlar tərəfindən müsbət qarşılanır.

Cəmiyyətin bütün sahələrində yenilik lazımdır, xüsusilə siyasi sahədə. Sözsüz ki, biz media mənsubları olaraq siyasətçilərə deyə bilərik ki, siz getməlisiniz, yerinizə gənclər gəlməlidir. Əks təqdirdə heç nə dəyişməyəcək. Amma baxanda görəcəyik ki, medianın özündə də eyni proses baş verir. Bizim aparıcı redaktorlarımıza, ekspertlərimizə baxdıqda görürk ki, onların orta yaşı siyasətçilərin orta yaşından aşağı deyil. Bu, bütövlükdə cəmiyyətin xəstəliyidir. Cəmiyyət buna sürükləndi və sosial inkişafın önü kəsildi. Kresloya oturan da ondan əl çəkmədi. Hansı sahəyə baxırsınızsa, baxın. Gələn yapışıb oturdu. Bu halda nə inkişaf, nə gənclik? İndi düşünürlər ki, hökmən gənclərə yol verilməlidir. Bizim çoxlu sayda kadrlarımız, mütəxəssislərimiz xaricə getməli oldu, sındı, əyildi, sıradan çıxdı və s. Odur ki, dəyişiklik prosesi mütləq lazımdır. İstənilən cəmiyyət üçün dəyişiklik bütün sahələrdə, eləcədə kadr siyasətində lazımdır. Bu, idarəçiliyə təkcə yeni nəfəs gətirmir, eyni zamanda korrupsiyanın qarşısını alır. Bir nəfər bir yerdə 20 il oturanda onun 10 nəfər sevimli adamı meydana gəlir. Bu 10 nəfərin hər birinin də 10 sevimlisi yaranır. Və beləcə bu adamlar uzun illər idarəçiliklə məşğul olurlar. Uzun müddət bir yerdə oturmağın psixoloji, sosialoji və digər problemləri var. Üstəlik korrupsiya məsələləri var. Odur ki, geniş mənada gəncləşmə, yeniləşmə olmalı və həm də bu, daimi xarakter daşımalıdır. Ən əsası sünilik olmamalıdır.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2020-09-22 14:33:59

Bu Arif kimi jurnalistlər olub medianı və jurnalistikanı siyasiləşdirənlər, Ramiz kimilərin ayağına verənlər. Bu adam ömründə bir dəfə praktik jurnalistika ilə məşğul olmayıb, bir mətbu orqanı üçün bir informasiya əldə etməyib, amma indi özünü jurnalist adlandırır. Onun siyasətlə nə işi? Bir sayt açıb, jurnalistikanın qızıl qanununa - informasiya əldə etmək qanununa riayət etsin. ..

Eli 2020-09-19 15:57:34

Çox hörmetli “Azpolitika belke Mehdiyevi tahat buraxıb hakimiyyetde olan iri ranqlı ve hamının da çox gözel tanıdığı -işlerinin son neticelerine göre memurların bu günki fealiyyetlerinden yazasınız

Eli 2020-09-19 15:44:24

Eget milletin başbileni Ağamalı müdafieçileri afi dtik normalatı bilmeyenletdirse en yaxşısı susmaqdır bu özü onlara bir cavabdır .

Eli 2020-09-19 15:00:16

Mübariz müellim ehtiyatlı olun “ vetenperver” Ağa malılaron sayı artır.Millet yavaş yavaş haqqı nahaqdan ayırır.Fezailin de Mehdiyev kimi müzakire obyektine çevrilme növbesi gelende bilinecek ki kimin işi ve hayatı şeffaf olun ya nulamıq.Çünki o da melek deyil ve bu cemiyyetda yaşayıb yaradıb.

pensioner 2020-09-15 09:55:25

Şərhləri ilə Fəzaili müdafiə edənlərin sayı onun partiya üzvlərinin sayından çox oldu

Vətənpərvər 2020-09-14 22:57:08

Mübariz Fəzail Ağamalı düz və həqiqətləri deyib. Ramiz Mehdiyevin çirkin əməllərini sənin kimi qanında erməni qanı azanlar saxlaya bilərlər.

Arzu 2020-09-14 22:54:13

Adın Mübarizdir amma deyəsən sən hələ Fəzail Ağamalının hələ 2001-ci ildə ilk dəfə Ramiz Mehdiyev haqqında verdiyi müsahibələri oxumamısan. Ramizi tərifləyirsən... deyəsən onun saqqalının altından keçmisən. açın gözlərinizi həqiqətləri görün. F.Ağamalının tərcümeyi halı, həyat yolu, siyasi fəaliyyəti şəffafdır. sənə düşməyib elimizin ziyalısı haqqında söz yazmaq.

Kamran 2020-09-14 22:46:44

Rəy yazan Mübarizə bildirmək və diqqətinə çatdırmaq istəyirəm ki, Fəzail Ağamalının həyat yolu, siyasi fəaliyyəti şəffaf olub. Və bu gün Fəzail müəllim haqqında hər gədənin söz bildirməsi rəy yazması bilməyəkdən, onun siyad

Səid 2020-09-14 22:44:22

"Dövlət Başçımız təsadüfi qərar qəbul etmir" sözlərinə bir az açıqlama verəbilərsinizmi? Bir az daha aydın danışsanız biz cahillər də başa düşmək!

Mubariz 2020-09-14 16:29:25

Arif Bəy ,sizə hörmətim var ,Sizdə AğaMalı olmayın

Lazım 2020-09-14 13:28:59

10 il əvvəl ədl nazirl işə qəbul olmaq üçün kadr şöbəsinə gəlmişdim. Rauf adlı əməkdaş elə bircə sual verdi ki- haralısan?-

Əli 2020-09-14 13:25:34

Təxminən 10 il əvvəl ədliyyə nazirliyinə işə düzəlmək üçün müraciət etmişdim. Rusiyadan qayıtmışım və çox şeyi bilmirdim. Tanış oğlan dediki,

Son yazılar